EN

Direktor: Reabilitasiya mərkəzlərinin iş mexanizmləri davamlı sosial rifahın təmin olunmasında əhəmiyyətli rol oynayır

Bakı, 17 yanvar, AZƏRTAC

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə vətəndaşlar özləri birbaşa müraciət edə bilərlər və ya müvafiq icra hakimiyyətlərinə müraciət edərək yönləndirilə bilər, həmçinin sosial medianın vasitəçiliyindən istifadə edərək məlumat əldə edə bilərlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin direktoru Rza Əhmədov jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, müəssisəyə müraciət edən şəxslərin ilkin olaraq tibbi, psixoloji və yoluxucu xəstəliklərə dair müayinələri həyata keçirilir: “Əgər vətəndaşın tibbi göstəriciləri normaldırsa, o, sığınacağa qəbul olunur. Müəssisə, standart olaraq, müraciət edən şəxslərə 180 gün ərzində sosial, psixoloji dəstək və digər xidmətlər təqdim edir. Bəzi şəxslər müəssisədə iki il və ya daha uzun müddət qala bilir. Uzunmüddətli qalma halları, əsasən, şəxsin sənədləri ilə bağlı problemlərin mövcud olduğu və ya müraciət prosesinin təkrarlandığı hallarda qeydə alınır. Şəxs 180 günlük müddət başa çatdıqdan sonra yenidən müraciət edə bilər. Hər bir müraciət fərdi şəkildə qiymətləndirilir və bununla bağlı qərar qəbul olunur”.

Sığınacaqda olan şəxslər tibbi və psixoloji dəstək xidmətlərindən istifadə edə bilirlər. Eyni zamanda, sosial adaptasiya proqramları vasitəsilə onların gələcək həyatlarına inteqrasiya olunması məqsədilə müxtəlif reabilitasiya tədbirləri görülür. Bu yanaşma dövlətin həssas təbəqələrə xüsusi diqqət ayırdığını və onların sosial cəmiyyətə inteqrasiya olunması üçün kompleks addımlar atıldığını göstərir. Bu cür müəssisələr və onların iş mexanizmləri həm də davamlı sosial rifahın təmin olunmasında əhəmiyyətli rol oynayır”, - deyə Rza Əhmədov əlavə edib.

 

Chosen
9
azertag.az

1Sources