EN

 "Sərhəd qoşunlarının yerləşdirilməsindən sonra təxribat ehtimalı azalacaq" - AÇIQLAMA

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan arasında keçirilən görüşdə növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi barədə razılığa gəliblər. İşlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması gözlənilir.

Bu razılıq Azərbaycan və Ermənistan arasında sülh yolunda münasibətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev bildirdi ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi, regionda davamlı sülhün bərqərar olması üçün əhəmiyyət kəsb edir.

"Bu, çox müsbət addımdır, çünki sülh prosesinə ən əsas mane olan məsələlərdən biri də bu idi. Digərləri də ki, anklavlar, Zəngəzurdan keçəcək dəhliz məsələsi idi və Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları məsələsi idi. Onlardan əlavə, ən əsas problemli məsələ sərhədlərin delimitasiyası idi. Düşünürəm ki, sərhədlərin delimitasiyası ilə birlikdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən kəndlər məsələsi də gündəmə gələcək. Ermənistanda iddialar var ki, Azərbaycan Ermənistanın hansısa yüksəkliklərini ələ keçirib, bu məsələyə aydınlıq gətiriləcək. Əslində bəlli olacaq ki, hansı ərazilər Azərbaycanda, hansı ərazi isə Ermənistanda qalmalıdır".

Politoloqun sözlərinə görə, bu məsələ təxribatların olmaq ehtimalını minimuma endirəcək.

"Ermənistan bizdən güclü effekt istəyir, güclü effekt olaraq, ortaq sərhəddən bərabər şəkildə geri çəkilmək delimitasiya-demarkasiya prosesindən sonra mümkün ola bilər. Çünki artıq ərazilər təsdiqləndikdən sonra srəhəddə hərbi mövcudluğu mümkün qədər azaltmaq olar və Azərbaycan hərbçilərini orada sərhəd qoşunları əvəz eləyə bilər. Bundan sonra artıq ölkələrin sərhədləri bəlli olduqdan sonra sülh prosesi üçün demək olar ki, heç bir maneə qalmayacaq. Yəni sadəcə nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsi qalacaq. Ona görə də bu istiqamətdə çox ciddi irəliləyiş hesab edirəm. Çünki sərhəddə delimitasiya-demarkasiya olmadığı müddətcə sərhəd tam bəlli olmadığından orada toqquşmalar ola bilər. Sülh müqaviləsi imzalansa belə, məsələn, Paşinyan təklif edəcək ki, 90 faizlik razılaşma ilə sülh müqaviləsi imzalayaq. Belə olduğu halda Azərbaycan əsgəri Ermənistan tərəfə, Ermənistan əsgəri Azərbaycan tərəf keçə bilərdi. Qarşılıqlı atəş açıla bilərdi. Bu, təxribatlara gətirib çıxara bilərdi. İndi isə artıq düşünürəm ki, delimitasiya-demarkasiya, sərhəd qoşunlarının hər iki ölkədə yerləşdirilməsindən sonra təxribatların olmaq ehtimalı azalacaq", - deyə Turab Rzayev vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Chosen
3
redaktor.az

1Sources