Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisi Tavuş istiqamətində delimitasiya və demarkasiya işlərinin necə aparılacağına hələ aydınlıq gətirməyib.
Bu xüsusda Ermənistanın nəzarəti altında olan üç anklav kəndin Azərbaycana qaytarılacağından narahatlıq keçirən müxalifətin suallarını cavablandırmayıb.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan bu barədə danışıb. Qeyd edilir ki, Ermənistan Xarici İşlər Nazirliyinin dünənki açıqlamasında bu barədə heç bir məlumat yoxdur. Lakin Tavuşdan demarkasiyanın davam etməsi müxalifət üçün yaxşı heç nə vəd etmir.
“Yanvarda Bakının hədələyici bəyanatlarından sonra Ermənistan hökuməti üçüncü güzəştə gedir. Birincisi, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı razılaşma, ikincisi, ədliyyə nazirinin konstitusiyaya əlavə və dəyişikliklərin daha qısa müddətdə həyata keçirilməsi ilə bağlı verdiyi bəyanat, üçüncüsü, sərhədlərin demarkasiyasının tezliyi və dünən elanın verildiyi istiqamətdir”,- Abramyan belə deyib . Müxalifətçi deputatın fikrincə, burada əsas problem demarkasiyanın Tavuşdan başlaması barədə qərardır.
“Bu, Azərbaycan üçün faydalıdır”,-deyə Abramyan bildirib. “Ermənistana daxil olan qaz kəməri Tavuşdan, xüsusilə də bu işlərin aparılacağı ərazilərdən keçir. Yuxarı Əskiparanın xəritədə harada yerləşdiyini təsəvvür etsəniz, hər kəs bu ərazinin təslim olmasının Ermənistan Respublikasına, kommunikasiyalara hansı təhlükəni yaradacağını anlayacaq”,-deyə revanşist deputat qeyd edib.
Bununla da T.Abramyan Qazax rayonunun işğal altında olan Yuxarı Əskipara kəndinin Azərbaycana qaytarılmamasının vacibliyinə işarə edib. “Müxalifətdən fərqli olaraq, iqtidar deputatları sərhədlərin müəyyən edilməsi komissiyasının dünənki qərarına hələlik münasibət bildirməyiblər”,-deyə “Azadlıq” radiosunun Ermənistan xidməti yazır.