Bakı, 17 yanvar, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə birgə tərəfdaşlıq çərçivəsində keçirdiyi 31-ci Ali Səviyyəli Toplantısı öz işini yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, toplantı ümumilikdə 25-dən çox ölkədən 40-dan çox nüfuzlu liderin, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Cenevrə Ofisinin baş direktorları, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və müavini, BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibinin iştirakı, eləcə də Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29 Prezidentinin videomesajı ilə reallaşıb.
Qeyd edək ki, tədbirdə qonaqlar müasir dövrdə qlobal idarəçilikdə qarşıya çıxan çətinliklər, inkişaf etməkdə olan ölkələr üçün dayanıqlı inkişaf məqsədlərinin maliyyələşdirilməsi, COP29-un verdiyi vədlərin icrası ilə praktik nəticələrə çatmaq və qaçqın böhranının təsirləri kimi aktual məsələlər haqqında çıxışlar olub.
Tədbir mart ayında Bakıda keçiriləcək 12-ci Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır. Belə ki, tədbir çərçivəsində mərkəzin idarə heyəti üzvlərinin iştirakı ilə foruma hazırlıq məqsədli iclas da təşkil edilib.