EN

ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR - Qafqazı nə gözləyir?

Yeni dövlət katibi “demokratiya naminə rəngli inqilablar” siyasətinin ziyanından bəhs edib; analitikə görə, respublikaçılar ölkələrin daxili işlərinə qarışmırlar və postsovet məkanında baş vermiş çevrilişlərin indi fəsadları görünür

ABŞ Senatı Donald Tramp tərəfindən dövlət katibi vəzifəsinə namizəd göstərilən Marko Rubionun giriş nitqinin tam mətnini dərc edib. 15 yanvar tarixində Rubio senatorların suallarını dörd saatdan çox cavablandırıb, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı suallara cavab verib. Rubio nitqinə II Dünya müharibəsindən sonra qurulan sistemin “Amerikaya yaxşı xidmət etdiyini” qeyd etməklə başlayıb. 

Xüsusən də “soyuq müharibə” dövründə ABŞ-ın “şər imperiyası”nın (SSRİ-yə - red.) süqutuna nail olduğunu vurğulayıb. Lakin Rubioya görə, bu sistem artıq Vaşinqtonun maraqlarına zidd işləməyə başlayıb.  O, qeyd edib ki, “soyuq müharibə”nin bitməsindən sonra ABŞ və ümumiyyətlə Qərb təhlükəli və yanlış fikrə düşüb və dünyanın bütün ölkələrinin Qərbin rəhbərliyi altında demokratik cəmiyyətin bir parçası olacağına inanıb. Rubio bildirib ki, milli maraqlara xidmət edən xarici siyasət “liberal dünya nizamı”nı dəstəkləyən siyasətlə əvəzlənib ki, bu da milli kimlikdən “bəşəri ailə” və “dünya vətəndaşı” ideyasına keçidə səbəb olub. “Bu isə yalnız bir fantaziya deyildi. Həm də təhlükəli və yanlış inanc idi”, - Rubio bəyan edib.

Məlumdur ki, hazırda Konqresin hər iki palatasına nəzarət edən Respublikaçılar Partiyası ənənəvi olaraq milli-mənəvi dəyərlərə, o sırada klassik ailə institutuna, həmçinin daxili problemlərə daha çox diqqət ayırır. Təsadüfi deyil ki, az öncə respublikaçı prezident Tramp çıxışlarının birində LGBT-yə qarşı olduğunu, ABŞ cəmiyyətinin yalnız kişi və qadın cinsindən ibarət olması üçün qərarlar verəcəyini bəyan edib. Yeni dövlət katibi isə ilk çıxışında dolayısıyla digər ölkələrdə “demokratiya naminə rəngli inqilablar” siyasətinin ABŞ üçün ziyanından bəhs edib. Bu o deməkdirmi ki, Vaşinqton Tramp dönəmində “rəngli inqilab”lardan imtina edəcək? Regionumuzu nə gözləyir?

Yeri gəlmişkən, prezident İlham Əliyev bu barədə açıq danışmışdı və “məxməri inqilab” üçün qrantlar ayrılmasına işarə etmişdi. Sitat: “Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”.

Eyni zamanda, postsovet məkanında separatizmə son qoyan ilk ölkə kimi tarixə düşən Azərbaycan Cənubi Qafqazda prioritetlərini dünyaya elan etməkdədir. Qonşularla sülh şəraitində yaşamaq, əmin-amanlığa və regional inkişafa nail olmaq bu siyasətin təməl prinsiplərini təşkil edir. 30 il Qarabağ münaqişəsinin nizamlanmasına vasitəçilik etmiş Amerika Birləşmiş Ştatları (ABŞ) isə rəsmi Bakının müəyyən etdiyi bu hədəflərə dəstək vermək əvəzinə, ona qarşı çıxır. Bütün bunlar başadüşüləndir. 2000-ci illərdən postsovet məkanında “rəngli inqilablar”a start verən dövlətdən bundan artıq nəsə gözləmək olmazdı. ABŞ Cənubi Qafqazda Azərbaycanla bağlı istəyinə nail olmadıqda şantaj, hədə-qorxu və çirkin təbliğata üstünlük verməyə başladı. Ən böyük insan haqları pozuntusu - 1 milyon insanın öz ev-eşiyindən, doğma torpaqlarından qovulmasına göz yuman bu dövlət işğalı həyata keçirən separatçılara, onun əsas hamisi Ermənistana dəstək verdi, ona müxtəlif yardımlar ayırdı. Bu, qərəzin, ikiüzlülüyün bariz nümunəsidir.

Ramiyə

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, ümumiyyətlə, respublikaçılar “rəngli inqilab”lara sponsorluq etmirlər və dövlətlərin daxili işlərinə qarışmırlar: “Trampın birinci prezidentliyi dövründə də ABŞ başqa ölkələrin siyasətinə insan haqları adı ilə müdaxilə etmədi. İrəlidəki 4 il ərzində də belə olacağını proqnozlaşdırmaq mümkündür. Hətta Konqresdə və Senatda respublikaçılar üstün olduqlarına görə qarşıdakı dövrdə hansısa qətnamələr də az olacaq. Demokratlar hansısa qanun layihələri irəli sürəcəklər, bəyanatlar verəcəklər, ondan o tərəfə keçməyəcək. Üstəlik, dünyada rəngli inqilablar dövrü bitib. Pandemiyadan bəri hər hansı hakimiyyət çevrilişi olmayıb”. Ekspertin fikrincə, Qərb buna sonuncu dəfə Gürcüstanda cəhd edib: “Amma vətəndaş cəmiyyətinin, liberalların aksiyaları ”Gürcü arzusu"nu devirə bilmədi. Ermənistanda onsuz da sorosçular iqtidardadırlar. Azərbaycanda isə buna potensial yoxdur. Son illərdə qrant qaçaqmalçılığı ilə bağlı həbslər də göstərdi ki, hakimiyyət kənar risqləri gözdən qaçırmır. Hətta bu haqda dövlət başçısı Kiselyova müsahibəsində də toxundu və Gürcüstanı nümunə gətirdi. Ona görə də Cənubi Qafqazda və postsovet məkanında pullu inqilabların dövrü geridə qalıb. Vaxtında olanların isə indi fəsadları və ya nəticələri ilə bağlı strateji mübarizə gedir - Ukraynada, Gürcüstanda, Ermənistanda, eləcə də Moldova və digər ölkələrdə proseslər son dərəcə həsassdır. Tramp isə merkantil maraqları olan siyasətçidir. Onun kommersant baxışı səbəbindən ABŞ-ın qarşıdakı 4 ildə siyasəti sanksiyalarla, iqtisadi basqılarla rəqiblərini əzmək olacaq. Bu sıxma-boğmalar hansısa sosial partlayışlara səbəb olacaqsa, o zaman ayrıca müzakirə mövzusudur". Təhlilçi hesab edir ki, ABŞ-ın yeni rəhbərliyi Çin və İrana sanksiyaları, ticarət müharibələrini gücləndirəcək, Rusiyaya sanksiyalar davam etdiriləcək, yəni “rəngli inqilab”lar deyil, iqtisadi təzyiqlər strategiyası seçiləcək: “ABŞ buna qədər Rusiyanı strateji cəhətdən məğlub edib. Suriyadan rusların çıxması, Ermənistanda ABŞ-nin təsirinin güclənməsi, Moskvanın isə buna yalnız bəyanatlar verməklə kifayətlənməsi onun Ukraynadakı bataqlıqda qan itirməsinin göstəriciləridir. ABŞ-nin siyasi doktrinası artıq ”ərəb baharı", yaxud “narıncı inqilab”lar deyil. Zaman göstərdi ki, siyasi çevrilişlər xaosla nəticələnir. Ən son olaraq Suriyada bu məsələni həll etdilər, onu da 13 illik qırğınlardan sonra..."

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Chosen
2
50
musavat.com

10Sources