EN

“Fitch” Azərbaycanın reytinqini ‘BBB-’ səviyyəsində təsdiqləyib

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Azərbaycanın uzunmüddətli xarici valyutada emitentin defolt reytinqini (IDR) ‘BBB-’ səviyyəsində sabit proqnozla təsdiqləyib.

REYTİNQİN ƏSAS AMİLLƏRİ

Azərbaycanın reytinqi güclü xarici balansı, eyni kateqoriyaya aid ölkələr arasında ən aşağı dövlət borcunu və suveren fondun böyük aktivlərinə əsaslanan maliyyələşdirmə çevikliyini əks etdirir.

“Fitch”in hesablamalarına görə, Azərbaycanın suveren valyuta aktivləri (bunların 83 faizi Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının ehtiyatlarında cəmləşib) 2024-cü ildə 76 milyard ABŞ dollarına (ÜDM-nin 102 faizi) çatıb. Azərbaycanın xalis suveren valyuta mövqeyi 2024-cü ildə ÜDM-nin 71 faizi səviyyəsində qiymətləndirilir ki, bu da ‘BBB’ və ‘A’ reytinqli ölkələr arasında ən yüksək göstəricidir. "Fitch"in proqnozlarına əsasən, fiskal siyasət makroiqtisadi tarazlığın pozulmasının qarşısını almaqla yanaşı, böyük xarici aktivlərin qorunmasına və neft qiymətlərinin dəyişkənliyinə nəzarət üçün ehtiyatların saxlanmasına xidmət edəcək.

2024-cü ildə cari hesabın profisiti ÜDM-nin 6,5 faizi təşkil edib və ‘BB’ kateqoriyasında ən yüksək göstərici olaraq qalır. Proqnozlara görə, Azərbaycan 2025-2026-cı illərdə orta hesabla ÜDM-nin 6,2 faizi səviyyəsində yüksək cari hesab profisitini qoruyacaq. Bu, valyuta aktivlərinin daha da böyüməsinə şərait yaradacaq. Azərbaycanın xalis xarici kreditor mövqeyi 2024-cü ildə ÜDM-nin 153 faizi səviyyəsinə yüksəlib ki, bu da ‘BBB’ reytinqli ölkələr arasında ən yüksək göstəricidir.

Dövlət borcunun 2024-cü ildə ÜDM-nin 21,1 faizinə çatdığı və 2026-cı ilə qədər 23,3 faizinə yüksələcəyi proqnozlaşdırılır ki, bu da “Fitch”in investisiya reytinqinə malik ölkələri arasında ən aşağı göstəricilərdən biridir. Xarici borc son illərdə mütləq göstərici baxımından azalıb, borcun valyuta tərkibi isə yaxşılaşıb. Xarici borcun təxminən üçdə ikisi rəsmi kreditorlara aiddir. Xarici dövlət zəmanətləri və təkrar kreditləşmə 2024-cü ildə ÜDM-nin 7,6 faizinə (5,6 milyard ABŞ dolları) qədər azalıb ki, bunun 77 faizi mənfəətli və dövlət dəstəyinə ehtiyac olmayan Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqəlidir.

2024-cü ildə ÜDM-nin artımı neft hasilatının azalmasının yavaşlaması və Qarabağın bərpasının müsbət təsirləri nəticəsində 4,1 faizə yüksəlib. 2025-ci ildə artımın 3 faiz, 2026-cı ildə isə 2,4 faiz olacağı gözlənilir.

Chosen
10
vergiler.az

1Sources