EN

"Rusiyalı diplomatlar Britaniya parlamentinin qapalı hissəsinə daxil olub" - "The Guardian"

"Rusiyalıların ekskursiyanı hansısa əməkdaş və ya deputatın şəxsi təşəbbüsü, yoxsa turistlər kimi ziyarət etdiyi aydın deyil..."
 
Bir neçə rusiyalı diplomat Londonda yerləşən Britaniya parlamentinin binasına ekskursiya zamanı ümumi qrupdan ayrılaraq Lordlar Palatasının qapalı, ziyarət üçün qadağan olunmuş hissələrinə daxil olub. Təhlükəsizlik xidməti onları oradan uzaqlaşdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.
 
Nəşrin yazdığına görə, təhlükəsizlik işçilərini narahat edən və hər iki palata spikerlərinin xüsusi xəbərdarlıqlarına səbəb olan bu xoşagəlməz hadisə dekabrın 25-də qeyd edilən Milad bayramı ərəfəsində baş verib.
 
"Yəqin ki, onlar, sadəcə, Kremlə "Britaniya parlamentinə daxil olduqlarını" öyünərək bildirmək istəyib," - qəzet parlamentdəki mənbəsinə istinadən yazır. - "Təəssüf ki, bu, formal olaraq doğrudur, lakin onlar hər hansı bir ziyan yetirməkdən öncə tutulub".
 
Buna baxmayaraq, Britaniya hökuməti hadisəyə olduqca ciddi yanaşıb. Hər iki palatanın üzvlərinə Rusiyadan olan diplomatları hətta özəl şəkildə də parlament binasına dəvət etməmələri ilə bağlı xəbərdarlıq məktubu göndərilib.
 
Hələlik rusiyalıların ekskursiyanı hansısa əməksadaş və ya deputatın şəxsi təşəbbüsü ilə ziyarət etdikləri, yoxsa adi turistlər kimi bilet aldıqları hələlik aydın deyil.
 
Diplomatik əlaqələr Moskva və London arasında rəsmi olaraq kəsilməsə də, 2022-ci ilin mart ayından etibarən parlament ərazisindəi Rusiya dövlətinin nümayəndələri "persona non grata" elan edilib. Bu barədə Rusiyanın səfirinə yazılı bildiriş göndərilib. Cümə axşamı hər iki palatanın spikerləri öz həmkarlarına bu barədə xüsusi olaraq bir daha xatırladıb.
 
"Çünki son vaxtlar parlamentə bir neçə yeni üzv daxil olub, həmkarlarımıza Rusiyanın Ukraynaya müdaxiləsindən sonra qəbul edilmiş tədbirlər haqqında bir daha xatırlatmaq fürsətindən istifadə etmək istərdik", - deyə hər iki palatanın spikeri ser Lindsi Hoyl və lord Makfoll adından deputatlara göndərilən məktubda qeyd olunub.
 
Milli təhlükəsizlik məsələlərinə cavabdeh olan nazir Pet Makfadden isə noyabr ayında xəbərdarlıq edib ki, Rusiya Ukraynaya dəstəyin zəiflədilməsi məqsədilə Britaniya və digər müttəfiqlərə qarşı kibercinayətlər törətməyə hazırdır.
Chosen
19
moderator.az

1Sources