EN

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır – ŞƏRH

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi çox mühüm yer tutur. Respublikamız regionda əməkdaşlığın möhkəmlənməsinə böyük səylər göstərir. Bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə yüksəksəviyyəli xoş münasibətlərə malikdir. Azərbaycanın müstəqillik tarixində sıx və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri əlaqələrimizin daha da inkişafı baxımından böyük önəm daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva söyləyib.

Deputat bildirib ki, Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var. Ölkələrimiz təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırırlar. Eyni zamanda, son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan olan Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır. Bununla belə, yeni layihələrin icrası da nəzərdə tutulur. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi: “Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar”. Proseslər göstərir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Çünki həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var.

Deputatın sözlərinə görə, Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir, həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir-birini dəstəkləyir. Münasibətlərin hazırkı yüksək səviyyəsi isə tarixi ənənələrə söykənir. Əsrlər boyu xalqlarımız daim dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bugünkü dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır. Bu baxımdan bölgədəki məsələlərin məhz region ölkələri tərəfindən həll olunmasına maraqlıdırlar.

S.Fətəliyev qeyd edib ki, iki ölkə arasında siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq tərəflərin maraqlarına cavab verən iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər. Bu gün qonşu ölkənin xarici ticarət dövriyyəsində Azərbaycan xüsusi yer tutur.

“Ümumiyyətlə, getdikcə daha sürətlə inkişaf edən Azərbaycan-Gürcüstan münasibətləri dövlətlərimizin və xalqlarımızın maraqlarına tamamilə cavab verir”, - deyə o vurğulayıb.

Chosen
4
1
azertag.az

10Sources