"Kəpəz" Misli premyer-liqasının 19-cu tur matçında "Turan Tovuz"u darmadağın etdi - 5:2.
"Football-plus.az" xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Qarşıdan 20 Yanvar - Ümumxalq Hüzn günü gəlir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Kiçik anlaşmazlığa görə Tovuz azarkeşlərindən üzr istəyirəm. Oyuna gəlincə, çətin oldu. Əsas üstünlüyümüz rəqibin müdafiəçilərinin olmaması idi. Futbolçuları oyuna yaxşı kökləmişdik. Son dəqiqəyə qədər mübarizə apardıq. Komandam tapşırıqları yerinə yetirməyi bacardı.
- Uğurun davamını növbəti turda "Səbail"lə oyunda görmək mümkün olacaq?
- Komandam son görüşlərdə yaxşı, mübariz çıxış edir. Səhvlərimizi azaltmalıyıq. Qalan məsələlərə zaman aydınlıq gətirəcək.
- Qələbə futbolçuların uğurudu, yoxsa sponsorun ayaq səsləridi?
- Meydanda tapşırıqları icra edən sponsor və ya baş məşqçi deyil, oyunçulardı.
- Hansı mövqeləri gücləndirmək istəyirsiz?
- Qış fasiləsində konkret ad çəkmək çətin olur. Maltalı futbolçunun yolunu gözləyirik. Başqa detalları açıqlamayım. Çünki bəzən istədiyin futbolçunu transfer edə bilmirsən.
- Komandanın istəkli çıxışında "Səbail"in dünənki qələbəsinin payı nə qədər idi?
- Öz oyunumuza baxırıq. Bu məsələ haqda nəsə müzakirəmiz olmayıb.
- Turan Manafovun performansını necə dəyərləndirirsiz?
- Bu gün nə yaxşı oynadı, nə də pis. Düzdü, lazım olan qolları vurdu, lakin çox çalışmalıdı. Daha inamlı və iradəli olmalıdı. Ölkəmizin ən yaxşı sol ayaqla oynayan futbolçularından biridi.
KƏNAN BAHADIR