EN

Londonda Qara Yanvar şəhidlərini anıblar

Bu barədə AzVision.az -a Azərbaycanın Londondakı səfirliyindən bildirilib.

Tədbirə Britaniyada yaşayan Azərbaycan diasporasının üzvləri, Britaniyada təhsil alan Azərbaycanlı tələbələr, Londondakı diplomatik korpusun üzvləri, media nümayəndələri və digər şəxslər olmaqla 80 nəfərədək qonaq qatılıb.

İlk öncə qonaqlar hadisələri əks etdirən ingilis dilində qısa filmə baxıblar. Daha sonra şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək 20 Yanvar hadisələrinin qısa tarixçəsi barədə danışıb. Həmin dövrdə Moskvada təhsil aldığını və hadisələrdən sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycan nümayəndəliyindəki çıxışının canlı şahidi olduğunu deyən diplomat bildirib ki, həmin vaxt Azərbaycan hələ öz müstəqilliyini bərpa etməsə də, məhz həmin çıxış zamanı Ümummilli Liderin yeni doğulmaqda olan müstəqil Azərbaycanın lideri olduğu artıq görünürdü. Diplomat əlavə edib ki, 20 yanvar gecəsi şəhid olanların Azərbaycanda yaşayan bütün xalqlar və dinlərin nümayəndələri olmaları etnik və mədəni müxtəlifliyin hər zaman ölkəmizin ən ümdə xüsusiyyətlərindən biri olduğunun bariz göstəricisidir.

Səfir Süleymanov müasir, güclü və multikultural Azərbaycanın şəhidlərin əziz xatirəsinə ən dəyərli hörmət olduğunu vurğulayıb, hər bir Azərbaycanlının bundan sonra da ölkəmizin azadlığı və suverenliyinin keşiyində durmalı olmasının önəminə toxunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti və xalqımızın birliyi nəticəsində bugün Azərbaycanın inamla irəlilədiyini deyən səfir xüsusən üzünü tədbirdə iştirak edən gənc tələbələrə tutaraq Azərbaycanın gələcəyinin onlara əmanət olduğunu deyib.

Gürcüəsilli tədqiqatçı Tamara Draqadze 20 Yanvar hadisələri zamanı Azərbaycanda olduğunu və hadisələrin gedişatını yaxından izlədiyini qeyd edib. O bildirib ki, 20 yanvar hadisələri zamanı məqsədli şəkildə Azərbaycanlı mülki şəxslər hədəfə alınmışdı və burada məqsəd azadlıq əzmini qırmaq idi. O, müasir Azərbaycanın uğurla inkişafına şahid olmaqdan məmnun olduğunu əlavə edib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Milli Məclisdə Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fariz İsmayılzadə 20 yanvarın müasir Azərbaycanın tarixində həqiqətən də dönüş nöqtəsi olduğunu qeyd edib. O, bugün Azərbaycanın müstəqil dövlət kimi inkişafından, regional liderə çevrilməsindən, müstəqilliyə gedən yolda verdiyimiz qurbanların heç vaxt unudulmamasının əhəmiyyətindən danışıb.

Daha sonra Londonda fəaliyyət göstərən musiqiçi həmyerlilərimiz Rasim Fərziyev və Səadət Fərziyeva şəhidlərimizin xatirəsinə piano və kamançada həzin musiqi nömrələri səsləndirib.

Qeyd edək ki, tədbir günü Azərbaycanın Britaniyadakı səfirliyində ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə yaradılmış guşədə qərənfillər düzülüb, hadisələrin 35-ci ildönümü münasibəti ilə 35 ədəd şam yandırılıb.

AzVision.az
Chosen
1
6
azvision.az

7Sources