EN

Qazaxda 20 Yanvar qurbanlarının xatirəsi ehtiramla yad edilib - FOTOLAR

Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar faciəsindən artıq 35 il ötür. Tarixə “Qanlı Yanvar” kimi həkk olunmuş bu hadisə xalqımızın azadlıq arzusunu və istəyini boğmaq məqsədilə həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. Bu faciə Azərbaycan xalqının yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunub. Qanlı Yanvar qətliamı, eyni zamanda, Azərbaycanın müstəqillik yolunda dönməz qərarının ifadəsi idi. Şəhidlərimizin qanı ilə yazılan bu tarix, xalqımızın azadlıq mübarizəsinin simvoluna çevrildi. Bu gün də əminliklə deyə bilərik ki, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri, baş vermiş qanlı faciə xalqımıza qarşı məqsədli şəkildə törədilmiş, onu susmağa və qorxutmağa yönəlmiş ən böyük və ən dəhşətli cinayətlərdən biridir.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib. Rayon ərazisində hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə tər qərənfillər düzülüb. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri ehtiramla anılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev və təşkilatın əməkdaşları, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, polis əməkdaşları, ictimaiyyət nümayəndələri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirələrini yad edib, memorial önünə tər qərənfillər düzərək, şəhidlərimizə olan ehtiramlarını bildiriblər.

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb.

Bakı vaxtı ilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.

Chosen
16
18
unikal.az

10Sources