EN

Trampı Hitlerə bənzədən Vens necə vitse-prezident oldu?

Xəbər verdiyimiz kimi, ötən gün ABŞ-ın 50-ci vitse-prezidenti Ceyms Devid Vens də and içərək, vəzifəsinin icrasına başlayıb.

Axar.az xəbər verir ki, daha çox adının baş hərfləri J.D. (Cey Di) ilə tanınan Devid Vens 2 avqust 1984-cü ildə Midltonda (Ohayo) anadan olub.

40 yaşlı Vensə doğulanda Ceyms Devid Bouman adı verilib, lakin o, sonradan anasının soyadını götürüb. Vensin əcdadları Şotlandiya və İrlandiyadan gəliblər. Gələcək senatorun anası narkotik aludəçisi olduğu üçün onu nənəsi böyüdüb. Anadan olandan protestant olan Vens 2016-cı ilin sentyabrında katolikliyə keçib. 2003-cü ildə orta məktəbi bitirən Vens ABŞ Dəniz Piyadaları Korpusunda xidmət edib, daha sonra hərbi jurnalist kimi fəaliyyət göstərib. 2005-ci ilin sonlarında Vens altı ay müddətinə İraqa hərbi müxbir və ictimai əlaqələr üzrə mütəxəssis kimi göndərilib. Onun həmin dövrdə çəkdiyi fotoşəkillər hələ də Pentaqonun media portallarından birində saxlanılır.

Xidmətini başa vurduqdan sonra Ceyms Vens Ohayo ştatında universitetə qəbul olub, 2009-cu ildə fərqlənmə diplomu ilə fəlsəfə və siyasi elmlər üzrə bakalavr diplomunu alıb. Təhsil alarkən Vens Ohayoda respublikaçı senator Bob Şulerin, sonra isə senator Con Korninin yanında işləməyə başlayıb. 2013-cü ildə Vens Yel Universitetini bitirib və daha bir akademik dərəcə - hüquq elmləri doktoru dərəcəsi alıb. 2014-cü ildə qrup yoldaşı, hindistanlı mühacirlərin qızı Uşa Çilukuri ilə evlənib. Cütlüyün hazırda üç uşağı var.

2016-cı ildə o, tanınmış amerikalı iş adamı və investor Piter Tilə məxsus olan “Mithril Capital” firmasında işə düzəlib. Vens orada bir il işləyib, sonra Ohayoya qayıdıb və alkoqolizm, narkomaniya və digər asılılıqlardan əziyyət çəkən insanlara kömək etmək məqsədi daşıyan “Our Ohio Renewal” adlı qeyri-kommersiya təşkilatını təsis edib. Maliyyə çatışmazlığı səbəbindən o, cəmi iki ildən sonra təşkilatı bağlamaq məcburiyyətində qalıb. 2021-ci ilin iyulunda Respublikaçılar Partiyasının qurultaylarından birində Vens Ohayodan ABŞ Senatına namizəd olmaq planlarını açıqlayıb. Onun namizədliyini Donald Trampın özü dəstəkləyib, seçki kampaniyasının əsas sponsoru Vensin keçmiş rəhbəri, investor Peter Til olub və bu məqsədlər üçün 10 milyon dollar ayırıb və Vens senator seçilib.

5 iyul 2024-cü ildə Donald Tramp Vensi vitse-prezidentliyə namizəd kimi seçdiyini rəsmən elan etdi. Donald Tramp ABŞ prezident seçkilərində qalib gəldikdən sonra Vens ölkənin vitse-prezidenti olub.

Qeyd edək ki, 2016-cı ildə Vens Donald Trampın əleyhinə danışıb, siyasətçini Adolf Hitlerlə müqayisə edib və onu açıq şəkildə axmaq adlandırıb. Sonra vəziyyət dəyişib və Vens heç kimə məlum olmayan səbəblərdən Trampın qızğın tərəfdarına çevrilib.

Chosen
20
axar.az

1Sources