EN

Yaxın gələcəkdə Bakının bəzi ərazilərində torpaq bahalaşacaq - Ekspert

Ekspert bildirib ki, yaxın gələcəkdə Bilgəh, Nardaran, Ləəş bağları, Höküməli, Ələt, Qaradağ, Sulutapə ərazisində torpaq qiymətləri xeyli artacaq.

Hazırda Bakının bir çox ərazisində torpaq qiymətləri xeyli yüksəkdir. Şəhər mərkəzindən uzaq olan ərazilərdə qiymətlər nisbətən daha münasib olsa da, bu ərazilərdə gələcəkdə qiymət artımlarının baş verməsi ehtimalı var. 

Gələcəkdə hansı ərazilərdə qiymət artımları gözlənilir və hansı torpaq sahələrinə investisiya etmək vətəndaşlar üçün daha faydalı ola bilər?

Məsələ ilə bağlı əmlak eksperti Ramil Qasımzadə "Operativ Media"ya açıqlama verib.

Ekspert yaxın gələcəkdə hansı ərazilərdə qiymətlərin artacağına aydınlıq gətirib:

"Hər zaman şəhərə yaxın ərazilərdə qiymət artımı baş verir. Yenə əsasən şəhərə yaxın olan ərazilərdə torpaq qiymətlərinin artması gözlənilir. Şəhərin müxtəlif istiqamətlərində belə ərazilər mövcuddur. Bu ərazilərə nəzər yetirək. İlk olaraq, Sabunçu ərazisini qeyd etmək olar. Qəsəbələrə nəzər salsaq, gələcəkdə Bilgəh, Nardaran, Ləəş bağları ərazisində qiymətlərin xeyli artacağı gözlənilir. Bildiyiniz kimi, hazırda həmin ərazilərdə böyük bir şəhərcik inşa edilir. Ona görə də gələcəkdə həmin ərazilərdə torpaq qiymətləri xeyli artacaq.

Qərb istiqamətinə baxsaq, Abşeron rayonunda qiymətlərin artacağı gözlənilir. Burada əsas qiymət artımının olacağı ərazi isə Hökməlidir. Hazırda həmin ərazidə qiymətlər digər yerlərə görə xeyli ucuzdur. Amma gələcəkdə bu qiymətlər artacaq. Hazırda Hökməlidə torpağın bir sotunun qiyməti 3, 5-8 min manat arasında dəyişir. Amma yaxın gələcəkdə bu torpağın bir sotunun qiymətinin 15 min və daha artıq olacağı gözlənilir.

Masazır istiqamətində qiymətlər artıq 10 min manatdan yuxarıdır. Ancaq ora yaxın olan Hökməlidə bir qədər ucuzdur. Bir qədər uzaqda olan Qobu istiqamətində isə torpaq qiymətləri daha ucuzdur. Həmin ərazilərin gələcəkdə şəhərə yaxın olması baxımından qiymətlərində xeyli artım müşahidə olunacaq.

Şəhərin digər istiqaməti olan Ələt və Qaradağda da qiymətlərdə gələcəkdə dəyişikliklər ola bilər. Hazırda həmin ərazilərdə qiymətlər 10 min manata yaxın civardadır. Amma gələcəkdə bu qiymətlər artacaq. Xüsusilə, Ələt iqtisadi regionu fəaliyyətə başladıqdan sonra qiymətlərdə artım müşahidə olunacaq".

R.Qasımzadə bildirib ki, 2040-ci ildə şəhərin alt mərkəzlərin formalaşması qiymətlərə də təsir edəcəyini bildirib:

“Məlum olduğu kimi, 2040-cı ilə qədər Bakının baş planında göstərildiyi kimi şəhərin alt mərkəzləri formalaşdırılacaq. Şəhər ətrafında yeni alt mərkəzlər fəaliyyətə başlayacaq. Bu alt mərkəzlərin işə düşməsi şəhərin yüklənməsini azaldacaq. Bu alt mərkəzlərin qurulması ilə həmin ərazilərə axın güclənəcək və qiymət artımı müşahidə olunacaq. Yəni, bu alt mərkəzlərin fəaliyyətə başlaması həm yaşayış baxımından, həm də həmin ərazidə binaların və yaşayış evlərinin tikilməsi baxımından marağı artıracaq.

Ümumiyyətlə, şəhər günü-gündən böyüyür. Artıq çoxmənzilli binaların inşası üçün şəhərin mərkəzində demək olar ki, yer yoxdur. Bu da şəhər kənarlarına doğru çoxmərtəbəli binaların tikintisinin artmasına səbəb olacaq. Şamaxı yolunun üstü, Hökməli ərazisi bu baxımdan perspektivlidir. Çünki həmin ərazilərdə çoxmərtəbəli evlərin inşası üçün ərazilər mövcuddur.

Xırdalan ərazisi demək olar ki, doludur. Ən yaxın perspektiv baxımından, Sulutəpə, Xocasən və Hökməli istiqamətində yeni yaşayış sahələri salına bilər. Sənaye və digər xidmətlər üçün də Ələt qəsəbəsi xüsusilə seçilir. Gələcəkdə zavod, fabrik və s. üçün ərazilər tələb olunacaq ki, həmin ərazilər Ələt iqtisadi zonasında bu çərçivədə daha əlverişlidir. Artıq orada qiymətlər 10 min manatdan yuxarıdır. Gələcəkdə məhz bu ərazilərdə qiymət artımı olacaq.

Bakının hazırda Mərdəkan, Buzovna, Şüvəlan ərazilərində torpağın bir sotu baha qiymətə satılır, 15-20 min manatdan yuxarıdır. Hətta həmin ərazilərdə dənizə yaxın yerlərdə sotun qiyməti 50 min manat təşkil edir. Bu qiymətə olan təkliflər mövcuddur. Həmin ərazilərdə artıq boş ərazi tapmaq mümkün deyil. Həmin ərazilərdə qiymət artımı olsa da, cüzi olacaq. Çünki həmin ərazilərə qiymət onsuz da bahadır. Qiymətin birdən-birə çox qalxması isə bayaqdan sadaladığım ərazilər üçün daha yüksək olacaq".

Chosen
41
30
operativmedia.az

10Sources