Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinin iştirakı ilə hazırlığın artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərin təkmilləşdirilməsi, xüsusilə protokolların düzgün doldurulması istiqamətində 12 saylı Xəzər birinci seçki dairəsinin dairə seçki komissiyasında treninq təşkil olunub.
AZƏRTAC xəbər verir ki, treninqlərdə 37 məntəqədən 175 nəfərin iştirakı nəzərdə tutulub. 12 saylı Xəzər birinci seçki dairəsi üzrə ümumilikdə 48 min 9 seçici qeydiyyata alınıb. Seçicilərdən 250 nəfəri ilk dəfə səsvermədə iştirak edəcək. Xəzər rayonu üzrə bələdiyyə seçkilərində 178 nəfər namizədliyini irəli sürüb.
Məşğələlər Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi “Trenerlər üçün treninq” kursunda iştirak etmiş trenerlər tərəfindən aparılır. 12 saylı Xəzər birinci seçki dairəsinin baş məsləhətçisi İlham Qəmbərov Seçki Məcəlləsinə uyğun olaraq səsvermənin keçirilməsi ilə bağlı ayrı-ayrı bəndlərin izahını verib. Təlimlərdə MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki prosesində müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və sair ilə bağlı məlumatlar verilib. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilib.
Treninqlər 13 saylı Xəzər ikinci və 14 saylı Xəzər-Pirallahı seçki dairələrində də təşkil olunur.