EN

Deputatlar 2 min manatdan çox pensiya ala bilməyəcəklər...

Image

Son günlər cəmiyyətdə belə bir şayiə dolaşır ki, Milli Məclisin keçmiş deputatlarına verilən əmək pensiyasının maksimum məbləğı 2 (iki) min manat müəyyənlaşdirilib.

Biz baki-xeber.com saytı adından məsələ ilə bağlı ƏƏSMN yanında DSMF-ya sifahi sorğu ünvanladıq. Amma çox təəssüf ki, iş gününün sonuna qədər sorğuya cavab ala bilmədik.

Rəşad Həsənov: "...düşünmürəm ki, bu məsələni digərlərindən ayırıb xüsusi müzakirəyə çıxarsınlar"

Lakin sosial müdafiə məsələləri üzrə ekspert Rəşad Həsənov bununla bağlı bildirdi ki, bu barədə heç bir məlumatı yoxdur. "Amma düşünmürəm ki, bu məsələni digərlərindən ayırıb xüsusi müzakirəyə çıxarsınlar. Çox böyük ehtimalla, bu doğru informasiya deyil".

Xalid Kərimli: "Bu sustemdə pensiya məbləğinin yuxarı limitinin müəyyənləşdirilməsi nəzərdə tutulmayıb"

İqtisadçi Xalid Kərimli də bildirdi ki, belə bir qaydaya rast gəlməyib: "Bu bir şayiədur. Çünki Azərbaycanda belə bir qayda müəyyənləşə bilməz. Ölkənin pensiya qanunvericiliyində pensiya məbləğinin minimum həddi müəyyənləşdirilib, pensiya məbləğinin maksimum həddi yoxdur. Ona görə ki, Azərbaycanda fərdi pensiya sistemidir, bu sistemdə isə pensiya məbləğinin yuxarı limitinin müəyyənləşdirilməsi nəzərdə tutulmayıb. Yəni bu, pensiya haqqında qanunun fəlsəfəsinə ziddir".

Biz bununla bağlı həm də internet üzərindən araşdırma apardıq. Məlum oldu ki, bu məsələ ilə bağlı qanun və qaydalara 2024-cü ilin 1 iyun tarixində dəyişiklik edilib. Dəyişikliyə əsasən, 2024-cü il iyulun 1-dən pensiyaya əlavələrin təyinatında pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla deputatların səlahiyyət müddəti ərzində müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin 80 faizi miqdarı prinsipi əsas götürüləcək.

Bununla yanaşı, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 1.17-ci maddəsinin yeddinci hissəsində oxuyuruq: "Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış sabiq deputat Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətdə olan deputatının orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və deputatın orta aylıq əmək haqqının artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Pensiya yaşına çatmış sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, o, pensiyaya çıxdıqda müvafiq olaraq fəaliyyətdə olan Azərbaycan Respublikası Milli Məclisi sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin orta aylıq əmək haqqının 80 faizi məbləğində pensiya alır və həmin seçkili vəzifəyə görə aylıq vəzifə maaşının artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir.".

Deməli, qüvvədə olan qanunvericiliyə görə, Milli Məclisin pensiyaya çıxmış deputatları hazırda fəaliyyətdə olan keçmiş həmkarlarının maaşlarının 80 faizi həcmində pensiya alırlar. Nəzərə alsaq ki, Azərbaycanda millət vəkillərinin vəzifə maaşları təxminən 40 faiz artıb, üstəlik, deputatlar hər ay vəzifə maaşlarının 2 misli qədər əlavə pul alırlar, bu, “Milli Məclisin deputatının statusu” haqqında Qanuna edilən dəyişikliklər nəticəsində mümkün olub.

Yeni artımla sıravi deputat maaşı 2 485 manat olub. Təkcə Milli Məclis üzvlərinin vəzifə maaşında yox, onlara hər ay verilən əlavə pul vəsaitində də artım olub – deputatlar indi hər ay maaşlarının bir misli deyil, iki misli qədər əlavə alır. Yəni deputat bundan sonra hər ay 2 485 manat maaşdan savayı, 4 970 manat vəzifə maaşına əlavə alır. Bununla da deputatın aylıq gəliri 7 455 AZN olub.

Hazırda sıravi deputatların aylıq məvacibinin 7 455 manat olduğunu nəzərə alsaq, sabiq millət vəkillərinin ayda 5 964 AZN civarında pensiya aldığı aydın olur.

Lakin qeyd edək ki, Milli Məclisin sabiq sədri, sabiq sədr müavinləri, sabiq komissiya sədirləri və digər vəzifəlilər hazırda mövcud olan vəzifə maaşlarının 80%-i həcmində pensiya alırlar.

Bundan əlavə, ötən ildən etibarən hər il yanvar ayının 1-də əmək pensiyalarına edilən indeksləşdirmə sabiq deputatların da məvacibinə şamil edilir. Məsələn, bu il yanvar ayının 1-dən etibarən keçmiş deputatların da təqaüdü ən azı 8% artacaq. Yəni 5 964 manat pensiya alan keçmis sıravi deputatın pensiyası 477 manat artaraq 6 441 manata çatacaq.

Akif NƏSİRLİ





Chosen
42
38
baki-xeber.com

10Sources