Artıq paytaxtın bəzi ərazilərində elektrik avtobuslardan istifadə olunur. Bu avtobuslarda bütün növ telefonların şarj edilməsi üçün həm tutacaqlarda, həm də oturacaqların yanında elektrik yuvaları var. Lakin sərnişinlər elektrik avtobusların yolda qalmasından narahatdılar.
Eko avtobusların tez-tez yolda qalmasının səbəbləri nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirdi ki, hər bir texnikanın müəyyən üstünlükləri olduğu kimi mənfi tərəfləri də olur. Onun sözlərinə görə, texnikanın, elm və sənayenin sürətlə inkişaf etməsi bəzi nöqsanları özündə ehtiva edir.
“Elektrik avtobusların faydalı iş əmsalının daha yüksək olması üçün xüsusi olaraq nəqliyyat vasitələrinin texniki parametrləri saz vəziyyətdə olmalıdır ki, cəmiyyət üçün yararlı bir vasitəyə çevrilsin, cəmiyyət tərəfindən mənfi qarşılanmasın. Texnikanın əsas predmeti ondan ibarətdir ki, şarj çox aparır, elektrik dolumu cihazı zəifdir və daha çox enerji itkisinə məruz qalır. Qış fəsli demək olar ki, bitir və bu problemlər yay aylarına da təsadüf edə bilər. Bu zaman isti havalarda kondisonerin işləməməsi sərnişinlərdə diskomfort hissi yaradacaq. Bunun üçün də düşünürəm ki, şüşələrin endirilməsi, şüşələrin daha şəffaf və açılan olması, havalanma sisteminin daha mükəmməl hala gətirməklə vəziyyətdən çıxmaq olar. Amma bu proses qış rejimində işə yaramır. Buna görə də avtobus alan zaman daha keyfiyyətli, daha komfortlu nəqliyyat vasitəsi almaq məqsədəuyğundur”, - deyə ekspert vurğuladı.
BƏNÖVŞƏ