EN

Qurban Qurbanov: “Styaua” ilə matçda səhvlər etməməliyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsində “Styaua”ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu Rumıniya təmsilçisi ilə sabah Bakıda üz-üzə gələcək.

Qurbanov bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlin ilk avrokubok oyunudur. Bu oyuna tam hazır olmaq bizim üçün çox vacibdir. Pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Yaxşı komandaya qarşı oynayacağımızı bilirik. “Styaua” çox yaxşı nəticələr göstərmiş komandadır. Rumıniya futbolu həmişə öz ciddiliyi, sərt oyunu ilə seçilib. Sabah vacib mübarizəyə hazır olmalıyıq. Hazırıq da. Vacib qələbə əldə etmək istəyirik”.

Qurban Qurbanov komandasındakı itkilərdən də söhbət açıb:

“Elə də ciddi dəyişikliyimiz olmayacaq. Çünki bütün futbolçularla eyni tərzdə məşq edib, düşündüklərimizi meydanda tətbiq etməyə çalışırıq. Hansısa xırda dəyişiklik ola bilər, hücumun qurulmasında, ya başlanmasında. Amma illərdir hansı sistemdə oynayırıqsa, onu daha da yaxşılaşdırmağa çalışırıq. Sabahkı matçda səhvlər etməməliyik. Bu komanda xırda səhvi də bağışlamır. Bəzi məqamlar var, ona çox diqqət ayırmalıyıq. Həmişə oyunumuzu daha da yaxşılaşdırmağa çalışmışıq”.

“Qarabağ”ın baş məşqçisi rəqiblə də bağlı fikirlərini dilə gətirib:

“Bütün komandalara ciddi yanaşıram, heç birinə fərq qoymuram. “Styaua”nın nəticəsini normal sayıram. Göstərdiyi oyuna, məsuliyyətinə görə haqlı nəticələri var. Futbol kollektiv oyundur. Kollektiv oyunu təkmilləşdirmək məşqçi və komanda üçün çətindir. Bu komandanın ən üstün cəhəti odur ki, müdafiədə, hücumun gedişatında hamı çox sadə və çox kollektiv şəkildə oyun intizamını qoruyub-saxlaya bilir”.

“Qırmızı vərəqə almağım çox istəkli olmağımdan irəli gəlir”

Mətbuat konfransında iştirak edən “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev də qarşıdakı matçla bağlı düşüncələrini dilə gətirib:

“Bir qədər həyəcanlıyam. Bunun üçün üzrlü sayarsız. “Qarabağ”ın futbolçusu kimi ilk dəfədir mətbuat konfransına çıxıram. Sabahkı oyuna hazırlaşmışıq, rəqibi tanıyırıq. Məşqçilərimizdən təlimatlarımızı almışıq. Azarkeşlərimizin qarşısında oynayırıq. Onları sevindirmək istəyirik. Qələbə üçün çalışacağıq.

Özümü matça hazır hiss edirəm. Hazırlığımız çox yaxşı keçib. Həm fiziki, həm də psixoloji cəhətdən özümü yaxşı hiss edirəm. Ümid edirəm ki, yaxşı oynayaram. Komandam üçün əlimdən gələni edəcəyəm. Hər bir oyuna ciddi hazırlaşıram. Qırmızı vərəqə almağım çox istəkli olmağımdan və aqressivliyimdən irəli gəlir. Amma öz üzərimdə işləyirəm. Bəzi yerlərdə çox aqressiv olmağım komandaya baha başa gəlir. Bunu bilirəm. Məşqçimin də mənə təlimatları olur”.

Chosen
10
24
arena.az

10Sources