EN

Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

Image

Ehtimallara görə, "Azersun Holdinq"in Müşahidə Şurasının yeni sədri Abdolbari Gözalin oğlu Tahir Gözəl olacaq

Məlum olduğu kimi, yanvar ayının 18-də "Azersun Holdinq"in Müşahidə Şurasının sədri, iş adamı Abdolbari Gözal (23 avqust 1949, Maku, Qərbi Azərbaycan ostanı, İran) Dubayda dünyasını dəyişib. Hazırda cəmiyyət üçün kifayət qədər maraq doğuran məsələ "Azersun Holdinqin" - "Azərsun" şirkətinin sonrakı taleyidir. 

Şirkətə bundan sonra kim rəhbərlik edəcək, şirkətdə bunu bacaracaq kimsə varmı? Çünki bu şirkət ölkənin qida sənayesinin çox əhəmiyyəti hissəsini təşkil edir.

"Azərsun" ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən Azərbaycan şirkətidir. "Azərsun" Azərbaycanda ən böyük qida istehsalçısı və ixracatçısıdır (28 qida markası istehsal olunur), həmçinin kağız və qablaşdırma ticarəti ilə məşğul olur.

“Azərsun Holdinq” 1991-cü ildə ilk dəfə olaraq, birbaşa xarici sərmayə ilə Bakıda fəaliyyətini dayandırmış çay fabriki və yağ zavodunu özəlləşdirdi, müasir avadanlıqlarla təchiz etdi, bununla da müstəqil Azərbaycanın ilk istehsal müəssisələrini istifadəyə verdi. 1997-ci ildə "Mərkəzi Logistika Departamenti" “Azərsun Holdinq”in nəzdində fəaliyyətə başlayıb.

Təhsilə töhfə verən "SABIS® SUN Beynəlxalq Məktəbi" (SABIS® SUN) 1 sentyabr 2015-ci il tarixində "Azərsun" tərəfindən qurulmuşdu. “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən "Təmizlik Vasitələri Fabriki" 01 aprel 2022-ci ildən istismara verildi.

2001-ci ildə "Qarabağ" futbol klubunda maliyyə problemləri yaranmışdı. "Azərsun" şirkətinin komandanı sponsorluğa götürməsindən sonra bu problem həll olundu. "Azərsun" Holdinq "Qarabağ"ın inkişafı üçün əməli işə girişdi. Şirkətin prezidenti Abdolbari Gozəlın bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olundu. Hazırda Tahir Gozəl klubun prezidentidir. "Azərsun Arena" da şirkətin balansındadır.

Şirkətdəki etibarlı mənbələrinizdən əldə etdiyimiz məlumata görə, uzun müddətdir ki, şirkətin real idarəçiliyi ilə Abdolbari Gözalin oğlu Tahir Gözəl məşğul olur. Mənbəmizin məlumatına görə, Tahir Gözəlin şirkət idarəçiliyində və ümumiyyətlə biznesdə böyük təcrübəsi var, böyük ehtimal edilir ki, şirkətin Müşahidə Şurasının sədri elə Tahir Gözəl olacaq.

Tahir Gözəl (23 avqust 1972) həm korporativ, həm də idman dünyasında tanınmış azərbaycanlı iş adamıdır. O, "Qarabağ Futbol Klubu"nun prezidentidir. Gözəl, həmçinin, "İnkişaf üçün Tahir Gözəl Təşəbbüsü"nün (TGID) təsisçisidir, bu təşkilat dayanıqlı və sosial-iqtisadi inkişaf sahəsində fəaliyyət göstərir.

1972-ci ildə biznes sahəsində təcrübəsi olan Abdolbari Gözəlin ailəində doğulan Tahir Gözəl 1981-ci ildə Türkiyəyə köçmüş və 1994-cü ildə Şeffild Universitetinin Menecment fakültəsindən, 1995-ci ildə isə Fransada Sup De Co Universitetindən məzun olmuşdur. 1995-ci ildə Dubayda "Sun Tea" şirkətində Baş koordinator kimi fəaliyyətə başlamış və 2000-ci ilə qədər bu vəzifədə çalışmışdır. Daha sonra "Sun Tea" şirkətində vitse-prezident vəzifəsinə yüksəlmişdir.

Futbol sahəsindən başqa Gözəl biznes və xeyriyyəçilik sahəsində də aktivdir. O, "Tahir Gözəl Təşəbbüsünü" (TGID) təsis etmişdir, hansı ki, həssas bölgələrdə, o cümlədən "Orta Dəhliz" ölkələrində və iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrdə dayanıqlı inkişaf üzərində fəaliyyət göstərir. TGID qeyri-hökumət təşkilatları, beyin mərkəzləri və beynəlxalq inkişaf təşkilatları ilə əməkdaşlıq edərək qlobal iqlim dəyişikliyini geriyə çevirmək üçün sərhədlərarası siyasət və təşəbbüslər hazırlayır.

Tahir Gözəl, həmçinin, "Greentech" şirkətinin sahibidir. 2011-ci ildə təsis edilən "Greentech" müasir istixana şəraitində tərəvəz və fidan yetişdirilməsi ilə məşğuldur. Şirkət Azərbaycanda 70 hektar əkin sahəsinə malik ən böyük pomidor istehsal müəssisələrindən biridir. İllər ərzində "Greentech" filial şirkətləri vasitəsilə fəaliyyətini genişləndirmişdir.

Gözəlin təsis etdiyi digər müəssisələrdən biri olan "Agrovita" Azərbaycanda və Özbəkistanda kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğuldur. "Agrovita" MMC 2015-ci ildən etibarən Azərbaycanda kənd təsərrüfatının inkişaf strategiyasını dəstəkləyir və toxum, gübrə, bioloji nəzarət məhsulları, pestisidlər və istixana təchizatının satışını həyata keçirir.

"Gözəl Təbiət" MMC ilə Gözəl Azərbaycanın ilk kommersiya tərəvəz toxumu yetişdirən şirkəti olan "Azərbaycan Toxum Şirkəti"ni təsis etmişdir. Bu şirkətin İspaniya, Türkiyə, Özbəkistan və Azərbaycanda yetişdirmə stansiyaları fəaliyyət göstərir.

Tahir Gözəl Proxima "Tech Solutions" şirkətinin də təsisçisidir. Şirkət telekommunikasiya və İT infrastruktur xidmətləri təmin edir və rəqəmsal transformasiya sahəsində fəaliyyət göstərir.

Tahir Gözəl "Bakı Park Bulvarda Tusi-Bohm Planetarium"unu təsis etmişdir, burada Qafqazda ilk dəfə yeni nəsil 4K planetarium təqdim edilmişdir.

Tahir Gözəl Avropa ilə Asiyanı Mərkəzi Asiya və Qafqaz vasitəsilə birləşdirən əsas ticarət marşrutu olan "Orta Dəhliz" layihəsini dəstəkləyir. TGID "Orta Dəhliz üçün Sıfır Emissiya Yolu" təşəbbüsünü həyata keçirmişdir.

O ki qaldı Abdolbari Gözəlin vərəsələrinə, açıq resurslarda onun yalnız bir oğlunun olduğu göstərilir - Tahir Gözəl. Deməli, Abdolbari Gözəlin sərvətinin bölünmə ehtimalı da yoxdur.

Şirkətin mətbuat xidmətindən isə bildirildi ki, bu işlə növbəti həftələrdə məşğul olunacaq və bu barədə cəmiyyətə əlavə məlumat veriləcək.

Dəniz NƏSİRLİ





Chosen
4
baki-xeber.com

1Sources