Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Mərkəzdən bildirilib ki, imtahanlar iki növbə olmaqla elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq.
İmtahanlar saat 11:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
“İmtahana buraxılış vərəqəsi".