EN

Həcc ziyarəti azərbaycanlılar üçün buna görə bahalaşır- QMİ-nin inhisarı...

Image

Tural İrfan: "Allaha ibadəti inhisara alaraq müsəlmanlara başqa seçim yolu qoymamaq yanlışdır, istismardır"

Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiymətləri məlum olub. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

Qeyd edilib ki, QMİ 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri müəyyən edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları (10 115 manat) təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

İldən-ilə bu ibadətin qiyməti Azərbaycanda yüksəlir. Ola bilsin ki, bu qiymət artımının obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də göz önündədir.

Məsələn, nəyə görə QMİ həcc ziyarəti təşkilini inhisarıda saxlamalıdır? Nəyə görə bu işi yalnız ölkədə bir qurum həyata keçirməlidir? İqtisadi baxımdan bu əslində turizm sahəsidir. İnhisarda olduğundan, qiymətlər də kəllə-çarxa çıxıb...

Baki-xeber.com-un suallarına cavabında ilahiyatçı Tural İrfan bildirdi ki, Həcc əslində ziyarət deyil, ibadətdir: "Bunu ziyarət adı ilə biznesə çeviriblər. Madam ki, biznesə çeviriblər, bəs onda niyə inhisara alınaraq yalnız bir qurumun öhdəsinə verilməlidir? O qurum da bunu hər il narazılıqlarla, qeyri-peşəkar şəkildə həyata keçirir. Bu sahədə də rəqabətin olmaması qiymətlərin həddən artıq bahalaşmasına səbəb olub. Hətta Səudiyyə Ərəbistanı tərəfindən hədiyyə verilən yerləri də satırlar və ya öz qohumlarını, yaxınlarını yollayırlar.

İllərdir Qafqaz Müsəlmanları İdarəsi bu sahəni inhisarda saxlayır. İnsanların dini bilgisinin məhdud olmasından və inancından sui-istifadə edilərək anormal qiymətlərə onları Həccə aparırlar. Bu, nə dini, nə də dünyəvi cəhətdən doğrudur. İqtisadi qaydalara da ziddir. Əhalinin maddi durumuna da uyğun deyil.

Digər ölkələrdə olduğu kimi, bu işlə məşğul olan bir sıra şirkətlər olmalıdır. Yaxud Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kimi səlahiyyətli və müqtədir bir qurumun nəzarətində, nəzdində, yeni sağlam bir qurum yaradılmalıdır ki, bu sahə şəffaflaşsın. Hər il insanların narazılığı ilə qarşılaşırıq. Qafqaz Müsəlmanları İdarəsinə dövlət tərəfindən 3 milyon vəsait ayrıldı. Bunun qarşılığında üstəlik insanları da soyurlar. Səudiyyə Ərəbistanının Həcc nazirliyi tərəfindən ödənişsiz, yəni hədiyyə olaraq əlavə yerlər də verilir. Bu idarə bircə dəfə də olsun sağlam din adamlarını, ilahiyyatçıları, dinşünas alimləri, imkansız ziyalıları bu ibadətə pulsuz aparmayıb. Yalnız öz qohumlarını, yaxınlarını, maddi mənfəət gözlədikləri adamları, yaxud da tamamilə dindən uzaq olanları aparırlar. Heç kəsə güzəşt etmirlər. Bəlkə də hansısa turizm şirkəti başqa səfərlərdə insanlara güzəştli şərtlər irəli sürür, lakin Qafqaz Müsəlmanları İdarəsi əsla belə şey etmir.

Onların təqdim etdiyi qiymətlərlə nə ibadət, nə də ziyarət olmaz. Bu açıq-aşkar alverdir, biznesdir, varlanmaq cəhdidir.

Gedən adamların da çoxunun pulu var, amma dini bilgisi yoxdur. Ona görə də onlar nə qədər istəsə verib gedirlər. Çoxu ad və şöhrət üçün gedir. İbadət üçün gedən 2-3 faiz ola bilər. Gedənlərin çoxundan kəlimeyi-şəhadətini soruşsan, az bir qismi onu doğru deyə bilər. Amma Qafqaz Müsəlmanları İdarəsinə insanların imanı yox, pulu lazımdır deyə, bu məsələlər onlar üçün önəmli deyil.

Əgər Həcc səfəri baş tutmasa, yaxud az adam getsə onlar hər səfərdən götürdükləri külli miqdarda maddi vəsaiti itirə bilərlər.

Hesab edirəm ki, Həcc məsələsi başqa qurumun səlahiyyətinə, ən azı nəzarətinə verilməlidir. Ya da başqa müsəlman ölkələrində olduğu kimi, bu səfərlərin təşkili ilə alternativ şirkətlər də məşğul olmalıdır. Allaha ibadəti monopoliyaya, inhisara alaraq, müsəlmanlara başqa seçim yolu qoymamaq yanlışdır, istismardır.

Bunun adı soyğunçuluqdur. Dini, mənəvi dəyərləri də pula, alverə, biznesə çevirməyin nə qədər günah və qanunsuz hərəkət olduğunu hamı bilir.

Həcc səfərlərinin təşkili üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində, ya da nəzarətində normal, şəffaf işləyən bir qurum yaradılmalıdır ki, insanlar bu qədər istismar edilməsin. Çünki bunların belə baha qiymətlə ziyarət təşkil etmələri cəmiyyətdə dinə qarşı, mənəvi dəyərlərə qarşı ikrah hissi yaradır. Çıxıb normal şəkildə əhaliyə sağlam məlumat verməyi belə özlərinə yaraşdırmırlar. Başları Həccə gedənlərdən pul yığmağa qarışıb".

Akif NƏSİRLİ





Chosen
38
50
baki-xeber.com

10Sources