EN

67 saylı Sabirabad seçki dairəsi üzrə maarifləndirici treninqlər davam edir

Sabirabad, 23 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar 67 saylı Sabirabad seçki dairəsinin Dairə Seçki Komissiyasında aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Treninqlər gündə iki dəfə olmaqla, beş günlük nəzərdə tutulub.

Dairə Seçki Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, treninqlər seçki məntəqələrinin sədr, katib və komissiya üzvləri cəlb olunmaqla, Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş xüsusi proqram əsasında aparılır. Məşğələlər zamanı iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.

Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.

Qeyd edək ki, sözügedən dairə üzrə 50 seçki məntəqəsi var. Ümumilikdə seçki dairəsi üzrə 54 min 740 seçici qeydə alınıb ki, onlardan 238 nəfəri ilk dəfə səsvermə hüququna malik olan seçicidir. Seçki dairəsi üzrə 188 namizəd qeydə alınıb.

Chosen
3
39
azertag.az

10Sources