EN

Azərbaycan – Gürcüstan münasibətləri yeni inkişaf mərhələsində




Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb.

Azərbaycanın xarici siyasətində qonşu Gürcüstanla əlaqələrin gücləndirilməsi önəmli yer tutur. Bir neçə gün öncə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfər etməsi əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətlidir.

Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə birgə icra olunan layihələr həm bu ölkənin regional mövqeyinin artmasına, həm də iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə və inkişafına töhfə verməkdədir. Respublikamızın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələri bütünlüklə regional əməkdaşlığın genişlənməsi ilə yanaşı, qonşu dövlətin də dünya iqtisadiyyatına inteqrasiyasına dərin yol açır, qlobal bazarlara bağlayır. Bu baxımdan, Azərbaycanın müəllifi olduğu nəhəng enerji-nəqliyyat-kommunikasiya dəhlizləri Gürcüstan üçün böyük önəm kəsb edir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri, iki dost və qardaş ölkənin tarixi əlaqələrinə yenidən diqqət yönəltdi. Bu səfərin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Çünki bu, Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra İrakli Kobaxidzenin ilk xarici səfəri idi. İlk səfərin Azərbaycana yönəlməsi, iki ölkənin münasibətlərinin yüksək inkişaf səviyyəsini bir daha təsdiqlədi. Prezident cənab İlham Əliyev Gürcüstanın Baş naziri ilə birgə bəyanatında, bu səfərin əhəmiyyətinə toxunaraq, onun son 10 ayda Azərbaycana üçüncü səfəri olduğunu qeyd etdi. Bu fakt Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyev görüşdə Gürcüstan-Azərbaycan münasibətlərinin tarixi köklərinə və müasir dövrdəki yüksək səviyyəsinə diqqət çəkib. Dövlətimizin başçısı qeyd edib ki, İrakli Kobaxidzenin ölkəmizə son 10 ay ərzində baş tutan üç səfəri dövlətlərarası əlaqələrin nə qədər dərin və mənalı olduğunu göstərir. Bu əlaqələr hər iki dövlətin xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin əsasını təşkil edir. Azərbaycan Prezidenti, həmçinin Gürcüstanın yeni hökumətinə uğurlar arzulayaraq iki dövlətin gələcəkdə birgə işləyəcəyi sahələrdə daha böyük müvəffəqiyyətlər əldə ediləcəyinə ümid etdiyini bildirib.



Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı
Chosen
6
newscenter.az

1Sources