Bakı, 23 yanvar, AZƏRTAC
“Bugünkü oyun “Qarabağ” üçün sonuncu şansdır. Komanda mütləq şəkildə qalib gəlməlidir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Şahin Diniyev “Qarabağ”ın UEFA Avropa Liqasının VII turunda Bakıda bu gün Rumıniyanın FKSB klubuna qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.
O bildirib ki, komandalar turnir cədvəlində fərqli pillələrdə qərarlaşsalar da,oyun gərgin və maraqlı keçəcək: “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinə düşmək, FKSB isə ilk “səkkizliy”ə vəsiqə üçün meydanda döyüşəcək. Ümumiyyətlə, bu matç Ağdam klubunun imici baxımından vacib qarşılaşmadır. Əldə ediləcək qələbə və ya heç-heçə Azərbaycana UEFA sıralamasında xal qazandıracaq”.
Mütəxəssisin fikrincə, Azərbaycan çempionu motivasiya və təcrübə hesabına Rumıniya təmsilçisini Bakıdan əliboş göndərə bilər: “Biz dəfələrlə “Qarabağ”dan yüksək enerjili oyunlar görmüşük. Hazırda komanda yaxşı formada deyil. Çünki Juninyo kollektivi tərk edib, Benzia bu matçda oynamayacaq. Bu iki itki komandanın hücum imkanları azaldır. Pley-offa yüksəlmək şansımız çox azdır. Son iki oyunda qalib gəlsək də, taleyimiz öz əlimizdə olmur”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – FKSB matçı saat 21:45-də başlayacaq.