Rusiya hakimiyyəti müharibə veteranlarını Dövlət Dumasının deputatı etmək qərarına gəlib. Belə ki, Ukraynaya qarşı müharibənin iştirakçıları 2026-cı ildə Dövlət Dumasına keçiriləcək seçkilərdə "Vahid Rusiya"dan namizədlər siyahısına daxil ediləcəklər. Bu barədə hakim partiyanın Baş Şurasının katibi Vladimir Yakuşev bildirib. Onun sözlərinə görə, 2024-cü ildə regional parlamentlərə seçkilərdə iştirak etmiş və hazırda parlament fəaliyyəti ilə məşğul olan keçmiş hərbi qulluqçulara xüsusi diqqət yetiriləcək.
“Onlar bizim xüsusi diqqət etdiyimiz sahədir. Biz sadəcə onların necə çıxış etdiyinə və bu gün Dövlət Dumasına kimlərin namizəd ola biləcəyinə baxırıq”, - Yakuşev RİA Novosti-yə bildirib. O əlavə edib ki, müharibənin digər iştirakçıları üçün “ayrıca təlim” veriləcək.
Bu arada Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova 2026-cı ilin payızında keçiriləcək Dövlət Dumasına seçkilərə hazırlığın başladığını açıqlayıb. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası artıq “zamanın xüsusiyyətlərini” nəzərə alaraq bir sıra qanunvericilik və digər təkliflər hazırlayıb. Əvvəllər Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə Rusiyanın Ukraynaya təcavüzünün iştirakçılarını ölkənin “elita”sı və “qüruru” adlandırıb. Onun sözlərinə görə, cəbhədə “Rusiya dövlətinin təməlinə çevrilməli olan” 600 min insan var. “Ölkəni düşünən, onun taleyini yaşayan bu insanlara gələcəkdə Rusiyanı etibar etmək olar”, Putin qeyd edib.
Ülviyyə, Hurriyyet.az