Xəbər verdiyimiz kimi, Gürcüstanda fəaliyyət göstərən Rondel Fondunun rəhbəri Kaxa Qoqolaşvili hesab edir ki, İranla Azərbaycan arasında hərbi münaqişə başlasa, Tbilisi çətin seçim qarşısında qalacaq. Qoqolaşvilinin sözlərinə görə, Gürcüstan Türkiyə və Azərbaycana kömək etsə, onun İran, Ermənistan və Rusiya ilə problemləri olacaq.
Məsələ ilə bağlı Tribunainfo.az-a danışan politoloq Elşən Manafov İran və Azərbaycan arasında münaqişənin baş verib verməyəcəyi barədə açıqlama verib.
Politoloq bildirib ki, Gürcüstanın Rondeli fondu bu ölkədə Qərbdəki donor təşkilatları tərəfindən maliyyələşdirilən QHT-lərdəndir. Onun üzvlərinin Tbilisidəki etiraz aksiyalarında fəal iştirakı və bəzilərinin həbsi bunu təsdiq edir. Fondun təmsilçisi Koxa Qoqaşvilinin İran və Azərbaycan arasında müharibəni istisna etməməsi, bu zaman Türkiyənin Azərbaycana dəstək üçün Gürcüstan ərazisindən keçməklə Bakıya hərbi dəstək göstərməyə cəhd göstərməsi, Gürcüstanın isə buna razılıq verəcəyi halda Ermənistan, İran və Rusiya ilə münasibətlərində gərginliyin yarana biləcəyi ilə bağlı ehtimalları stəkanda fırtına yaratmaq cəhdlərinə daha çox bənzəyir.
Politoloqun sözlərinə görə, şübhə yoxdur ki, bu kimi yazılar bölgə dövlətləri arasında 3+3 formatında regional təhlükəsizlik problemlərinin həllinə mane olmaq məqsədilə Qərblə bağlı bu sayaq QHT-lər tərəfindən bilərəkdən ictimai müzakirəyə çıxarılır. Bu zaman bölgədəki geosiyasi durumu dəyişdirmək, Qərbin xeyrinə gedişlər etmək əsas məqsədlərdən biridir.
“Digər tərəfdən İran və Azərbaycan arasında bu zəmində yazılmış yazılar əslində Azərbaycandan keçəcək. Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşmasının qarşısını almaq niyyətlərindən də irəli gələ bilər. Bölgənin regional təhlükəsizlik problemlərinin həllində islam aləminin iki qüdrətli dövlətini üzbəüz qoymaq Qərbin çoxdan bəri sınaqdan keçirdiyi üsullardan biridir və etiraf etmək lazımdır ki, Suriyada yaşanan son hadisələr zamanı Qərb buna nail olub.
Azərbaycan İran münasibətlərində bəzi istisnalar kənara qoyularsa yüksək dairələr arasında münasibətlər qarşılıqlı inam və etimada əsaslanır. Azərbaycan prezidenti İ.Əliyevin İranın sabiq prezidenti İ.Rəisiyə Düşənbədəki görüş zamanı dediyi kimi, “tərəflər arasında münasibətlərdə gərginlik yaratmaq istəyən qüvvələr regiondan kənar qüvvələrdir”.
Tərəflərin Zəngəzur dəhlizi ilə bağlı məsələlərə baxışlarında fərqli münasibətlər onların regional və dövlət maraqlarından irəli gəlir və bu dəhlizsiz belə, İran ərazisi ilə Azərbaycan marağında olan problemlərin həllinə nail ola bilər. Azərbaycanı İranla qarşı qarşıya qoymaq istəyi iki qardaş xalqı və qonşu dövləti toqquşduraraq bulanıq suda balıq tutmaq sevdasına daha çox bənzəyir və digər tərəfdən iqtisadi potensialı, hərbi gücü və imkanlarına görə bunlar fərqli dövlətlərdir.
Sevindirici haldır ki, İranın ali dini və siyasi rəhbərliyində də azərbaycanlılar üstünlük təşkil edir. İran bölgədə ABŞ-ın yeni dünya nizamı ilə bağlı geosiyasi planlarına qarşı uzun müddətdir mübarizə aparan dövlətdir və buna görə 45 ildən çoxdur ki, ABŞ tərəfindən sanksiyalara məruz qalır.
Bu gün İran və Azərbaycan arasında iqtisadi ticari əlaqələrin həcmi, ticari dövriyyə tərəfləri məmnun edir, bu dövlətləri və xalqları çoxəsrlik tarixi tale birliyi, mədəniyyət, adət və ənənələr bağlayır. Azərbaycan dəfələrlə ən yüksək səviyyələrdə bəyan edib ki, heç vaxt 3-cü bir tərəfə öz ərazisindən İrana hücum üçün plasdarm kimi istifadəyə yol verməyəcək.
Nəhayət İranı hədəfə almaq istəyən tərəflər onun iqtisadi, maliyyə imkanları, hərbi gücü, islam dünyasındakı nüfuzu ilə yanaşı, bu günlərdə Rusiya və İran arasında təhlükəsizlik və müdafiə sahələri ilə bağlı strateji tərəfdaşlıq barədə müqavilənin bəlli müddəalarını da göz önünə gətirməlidirlər”.
Dəniz