Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya aparılan uşağın ölümünə görə həkim məsuliyyətə cəlb edilib. Məhkəmədə mərhumun atası həkimi bağışlayıb.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, rayonun Qağacılı kənd sakini, 2019-cu il təvəllüdlü Rüfət Qəribli qızdırması olduğu üçün Kürdəmir rayon Mərkəzi Xəstəxanası gətirilib. Onun qızılca olduğu müəyyən edilsə də müayinəsi tam aparılmayıb. Həkim uşağın vəziyyətinin ağır olmadığını deyərək ev şəraitində müalicəyə göndərib. Evdə vəziyyəti ağırlaşan Rüfət xəstəxanaya gətirilən zaman dünyasını dəyişib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi, ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Həkim Elton Musayev cinayət məsuliyyətinə cəlb edilib.
Elton Musayev xəstəxanada həkim-infeksionist kimi işləyib. Hadisə baş verən ərəfədə isə xəstəxananın Yoluxucu Xəstəliklər Şöbəsinin müdiri məzuniyyətə çıxdığından həmin vəzifəni icra edirmiş.
İstintaqla müəyyən edilib ki, Elton Musayev xəstənin vəziyyətini düzgün qiymətləndirməyərək ona “ağırlaşması olmayan qızılca?” diaqnozu təyin edib. Diaqnozu dəqiqləşdirmək üçün hər hansı müayinələr aparmayıb. Xəstədə ağciyərlərin pnevmoniyasını müəyyən etməyib və səhlənkarlığa yol verərək Rüfətin ölümünə səbəb olub.
Həkim bildirib ki, uşaq xəstəxanaya gətiriləndə qızılcaya qarşı peyvənd edilmədiyini öyrənib. O, ailəyə stasionar qaydada müalicə təklif etdiyini, amma ailənin bunu qəbul etmədiyini bildirib. Buna görə də müalicə üçün vitamin yazaraq onları evə göndərib.
Həkim ifadəsinə əlavə edib ki, “ağırlaşması olmayan qızılca” diaqnozu tibbi sığorta tərəfindən qarşılanmır: “Xəstənin ailəsinin maddi vəziyyətinin kafi olmasını nəzərə alıb onlara analizlər, rentgen və stasionar müşahidəni məsləhət gördüm. Amma bununla razılaşmadılar. Lazım gələrsə xəstəni yenidən xəstəxanaya gətirəcəklərini dedilər”.
Məlum olub ki, həkim nə istintaq vaxtı, nə də məhkəmədəki ifadəsində özünü günahkar bilməyib. Yalnız son sözündə günahını etiraf edib və mərhumun ailəsi ilə barışdığını söyləyib.
Rüfətin atasının ifadəsindən isə məlum olub ki, onlar Elton Musayevdən əvvəl Baris adlı həkimin qəbulunda olublar. Uşaqda qızılca müəyyən edilib və vitamin yazaraq evə göndərilib. Sonra uşağın səpkiləri artdığı üçün yenidən xəstəxanaya gətiriblər. Bu dəfə də Elton həkim vitamin yazaraq evə göndərib. Üçüncü dəfə isə Rüfəti xəstəxanaya çatdırmaq mümkün olmayıb və yolda vəfat edib.
Mərhumun atası həkimi bağışladığını bildirib.
Məhkəmənin hökmü ilə Elton Musayev 2 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həmçinin 2 il 6 ay müddətə həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.