EN

SMS reklamları vətəndaşın hüquqlarını pozurmu? - ARAŞDIRMA

SMS reklamları bir çox hallarda müsbət bir kommunikasiya vasitəsi kimi qiymətləndirilsə də, bəzi hallarda istifədəçi hüquqlarının pozulmasına yol aça bilər. 

SMS reklamı (qısa mesaj xidməti vasitəsilə reklam) şirkətlərin və ya təşkilatların məhsul, xidmət və ya kampaniyalarını birbaşa müştərilərə təqdim etmək üçün istifadə etdikləri marketinq üsuludur.

Bu üsul bəzən istifadəçilərdə narazılıq yaradır. Bunun da əsas səbəbi reklam bildirişlərinin insanları narahat etməsidir. 

"Operativ Media" dünyada və ölkəmizdə bu cür reklam üsullarının qanunvericiliklə necə tənzimləndiyini araşdırıb. 

SMS reklamları bir çox hallarda müsbət bir kommunikasiya vasitəsi kimi qiymətləndirilsə də, bəzi hallarda istifədəçi hüquqlarının pozulmasına yol aça bilər. 

Bəs bu cür reklamlarda istifadəçinin hüququ necə pozulur? 

Məsələ ilə bağlı "Admedia" reklam şirkətinin təsisçisi Sabit Məmmədov "Operativ Media"ya bildirib ki, SMS reklamları zamanı vətəndaşların hüquqlarının pozulması kimi qiymətləndirilən hallar aşağıdakılardır: 

- Birinci hal razılıq olmadan reklam mesajının vətəndaşa göndərilməsidir. İstifadəçi nömrəsinə reklam xarakterli bildirişlərin gəlməsinə razılıq verməlidir. Əgər belə bir razılıq yoxdursa, o zaman ona SMS reklam göndərmək olmaz. Amma bəzi hallarda operatorlar vətəndaşlara nömrə satarkən imzalanan sənəddə bu bəndi qeyd edirlər və əksəriyyətimiz bu sənədi oxumadan imzalayaraq bu cür reklamlara da icazə veririk. 

- İkinci hal dayandırma imkanının olmamasıdır. Yəni əgər sizin nömrənizə hansısa şirkətdən dayanmadan reklam gəlirsə və onu "STOP" yazaraq dayandırma imkanınız yoxdursa, bu sizin hüququnuzun pozulması kimi qiymətləndirilə bilər. 

- Şəxsi məlumatların icazəsiz istifadəsi. Əgər sizin nömrənizə spesfik mesaj daxil olursa, və sizin iş yeriniz, vəzifəniz, adınız soyadınız və digər məlumatlarınız da o reklam mətninin içində yer alırsa, bu da sizin şəxsi məlumatlarınızdan istifadə ilə yaradılmış reklam sayılır ki, buna da icazə yoxdur. 

SMS reklamlarla bağlı müəyyən tələblər olan ölkələr aşağıdakılardır: 

1.    Avropa İttifaqı -  Avropa ölkələrində "Ümumi Məlumatların Qorunması Qaydaları" (GDPR) çərçivəsində istifədəçi razılığı olmadan SMS reklamları qadağan edilir.
2.    ABŞ: "CAN-SPAM Act" və "TCPA (Telephone Consumer Protection Act)" qanunları istifədəçi razılığı olmadan SMS reklamlarını qadağan edir.
3.    Kanada: "CASL (Canadian Anti-Spam Legislation)" SMS və elektron reklamların istifədəçi icazəsi olmadan göndərilməsini qadağan edir.
4.    Avstraliya: "Spam Act 2003" çərçivəsində icazəsiz SMS reklamları qadağan edilir.
5.    Hindistan: Hindistanın Telekom Tənzimləmə İdarəsi (TRAI) spam SMS reklamlarını məhdudlaşdırır.
6.    Türkiyə: Türkiyədə "Elektronik Ticaretin Düzenlenmesi Hakkında Kanun" (2014-cü il) çərçivəsində icazəsiz SMS reklamları qadağan olunub.

Azərbaycanda SMS reklamlarına aid spesifik tənzimləmələr həyata keçirilmir. Lakin bir qayda olaraq, reklam xarakterli SMS-lərə dair istifədəçinin razılığı alınmalı və reklam mesajlarını dayandırmaq üçün "STOP" kimi funksiyalar təklif edilməlidir. Araşdırmalarımız göstərir ki, xarici ölkələrdə vətəndaşlara SMS reklamlar gələn zaman mətnin sonunda reklamın dayandırılması üçün təlimat qeyd olunur. Azərbaycanda isə reklamların dayandırılmasına dair heç bir təlimat qeyd olunmur. 

Bu qaydalar pozulduqda, istifadəçilər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və ya aidiyyəti orqanlara şikayət edilə bilərlər. 

Chosen
22
operativmedia.az

1Sources