EN

"Azərbaycan üzvlük haqqını tam ödəyən ilk ölkələrdən biri oldu" - BMT

"Bu il də Azərbaycan BMT-yə üzvlük haqqını tam ödəyən ilk ölkələrdən biri oldu".

"Unikal" xəbər verir ki, bunu BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.

O qeyd edib ki, son bir həftə ərzində Azərbaycanla yanaşı, Avstraliya, Finlandiya, İrlandiya, Niderland, İsveç və Ukrayna BMT-nin bu il üçün büdcəsinə üzvlük haqlarını tam ödəyib.

Qeyd edək ki, bu günə kimi Azərbaycanla yanaşı, BMT-yə üzv olan daha 24 dövlət tərəfindən ödənişlər edilib.

BMT-nin büdcəsi 193 dövlətin üzvlük haqlarından formalaşır. Töhfənin ölçüsü bir neçə meyar əsasında müəyyən edilir ki, onlardan biri də ölkənin ödəmə qabiliyyətidir. Vəsaitlər ilk növbədə BMT-nin mərkəzi orqanlarının - Baş Assambleyanın, xüsusi komitələrin və katibliyin inzibati xərclərini ödəmək üçün istifadə olunur.

Xatırladaq ki, Azərbaycan 1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında qəbul edilmiş qətnamə ilə quruma üzv seçilib. Bu gün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb, mayın 6-da ölkəmizin qurum yanında daimi nümayəndəliyi fəaliyyətə başlayıb.

Ağarza Elçinoğlu

Chosen
20
46
unikal.az

10Sources