EN

Tramp Rusiyaya qarşı planlarının bəzi maddələrini açıqladı...

Image

Əli Mustafa: “Hələlik görünən odur ki, Rusiya sürünən müharibəni davam etdirməkdə maraqlıdır”

ABŞ Prezidenti Donald Tramp Rusiyanı Ukrayna ilə tez bir zamanda sülh razılaşması əldə etmədiyi təqdirdə yüksək vergi, rüsum və sanksiyalarla hədələyib.

Rusiya-Ukrayna müharibəsinə dərhal son qoymağa çağıran Tramp yazır ki, Prezident Putinə və iqtisadiyyatı çökməkdə olan Rusiyaya çox böyük yaxşılıq etmək niyyətindədir: “İqtisadiyyatı hazırda çökməkdə olan Rusiyaya və Prezident Putinə böyük bir yaxşılıq etmək niyyətindəyəm. Gəlin, bu axmaq müharibəni indi dayandıraq. Əks halda Putin vəziyyəti daha da pisləşdirəcək. Əgər biz “sövdələşmə” etməsək, tezliklə Rusiyanın satdığı hər şeyə yüksək vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa çarəm olmayacaq. Bu müharibə bitməlidir. Müharibəni asan və ya çətin yolla sonlandırmaq olar. Amma asan yol həmişə daha yaxşıdır”.

Göründüyü kimi, Tramp müharibə ilə bağlı hədələyici mövqedən çıxış edib. Maraqlıdır, bundan sonra nə baş verəcək və Ukrayna ilə bağlı proseslər hansı istiqamətdə gedə bilər? Artıq hesab etmək olarmı ki, Tramp Ukrayna ilə bağlı siyasətinin əsas konturlarını göstərdi? Onun əsas konturu bundan ibarətdir ki, Rusiya atəşkəs sazişinə getməlidir. O baxımdan bu özünü necə göstərəcək?

“Müharibəni dayandırmağın ən effektiv yolu Ukraynanın güclü olması və Rusiyanın sərt güclə üzləşməsidir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa buna bir neçə prizmadan yanaşdı: “Rusiya-Ukrayna müharibəsinin dərhal dayandırılması ilə bağlı Trampın öncəki bəyanatları özünü doğrultmadı. Yəni bu o qədər də asan məsələ deyil və Tramp bunu dərhal dayandıra bilmir. Ancaq bir formada Tramp çalışır. Həm Ukrayna, həm Rusiya ilə sanki sövdələşmələrə gedir ki, onları bir araya gətirə bilsin. Hazırda Rusiya və ABŞ arasında ticarət dövriyyəsi xeyli aşağı düşüb. Hətta müharibədən əvvəl Rusiyanın ixracı 20 milyard dollar olub. İndi isə bu, hardasa 3 milyard dollara yaxındır. Bu o deməkdir ki, zatən əlaqələr olduqca zəifləyib. Yəni bundan sonra tətbiq ediləcək sanksiyaların sanki manevr imkanları da məhduddur. Ancaq bütün bunlara rəğmən, Rusiyanın özünün də müharibəni dayandırmağa ehtiyacı var. Ancaq anlaşılan odur ki, Rusiya sanki stavkanı qaldırmaq istəyir. Həm Qərbdən, həm də Ukraynadan daha çox şeylər əldə etmək bahasına müharibəni davam etdirməkdə maraqlı görsənir. Əlbəttə, Qərbin Ukraynaya daha ciddi dəstəyi olarsa, Rusiyanı iqtisadi baxımdan çox sıxarlarsa, o zaman Moskva dayanmağa məcbur olacaq. Ancaq hələlik görünən odur ki, Rusiya sürünən müharibəni davam etdirməkdə maraqlıdır. Sanki Rusiya da özünün son patronlarını istifadə edir və ümidlidir ki, Ukraynanın nəfəsliyi kəsiləcək və Moskvanın şərtlərini qəbul edəcək. Yəni əsas məsələ müharibənin dayandırılıb-dayandırılmaması deyil. Əsas məsələ, tərəflərin şərtlərinin önəmli olması və qəbul etdirilməsidir. Yəni bu baxımdan anlaşılan odur ki, Rusiya hələlik Trampın hədələrinə bir az loyal yanaşacaq. Ancaq Zelenskinin həmişə dediyi kimi, müharibəni dayandırmağın ən effektiv yolu Ukraynanın güclü olması və Rusiyanın sərt güclə üzləşməsidir. O halda, məncə, Putin razılaşmaya gedəcək”.

Vidadi ORDAHALLI





Chosen
22
50
baki-xeber.com

10Sources