EN

Trampın Putinə hədəsi: Rusiya müəyyən güzəştlərə getməyə məcburdur, əks halda...

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Ukraynada müharibəni yaxın vaxtlarda bitirməyə çağırıb. O, əks halda ABŞ-nin Rusiyanın bu ölkəyə satdığı hər şeyə qarşı sanksiyalar və yüksək vergilər tətbiq edəcəyini açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Tramp açıqlamasında "İqtisadiyyatı hazırda çökməkdə olan Rusiyaya və prezident Putinə böyük bir yaxşılıq etmək niyyətindəyəm. Gəlin, bu axmaq müharibəni indi dayandıraq. Əgər tezliklə razılığa gələ bilməsək, Rusiyanın ABŞ-yə və bu tədbirə qoşulan digər ölkələrə satdığı bütün məhsullara yüksək vergi, rüsum və sanksiyalar tətbiq etməkdən başqa yolum qalmayacaq. Razılaşma əldə etməyin vaxtı yetişib. Artıq heç bir can itkisi olmamalıdır" sözlərini işlədib.

Trampın Ukrayna müharibəsiylə bağlı Putini hədələməsi iki ölkə arasında münasibətlərə necə təsir edə bilər? 

Mövzu ilə bağlı politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Donald Trampın sözügedən açıqlaması iki dövlət başçısının görüşünədək münasibətlərə hansısa formada təsir etməyəcək. 

O bildirib ki, Rusiya üçün Trampın gələcək davranışları, görüş baş tutacağı təqdirdə müzakirə olunacaq mövzular və təkliflər Rusiya üçün qeyri-müəyyəndir:

"Bu istiqamət üzrə Rusiyaya hansısa fəaliyyət planı və məlumatlar verilməyib. Ona görə də bu cür açıqlamalar müəyyən yəqinlik hasil olana qədər münasibətlərə zərər gəlməsinə imkan vermir. Bayden adminstrasiyası dönəmində, xüsusən də 2022-ci il 24 fevral tarixində Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra dövlət başçıları arasında birbaşa münasibətlər və danışıqlar sistemi olmayıb. Lakin Tramp hakimiyyətə gələndən sonra bunun üçün qapılar açılıb və görüşlə bağlı tərəflərin razılığı var. Yaxın zamanlarda zaman və məkanın razılaşdırılacağı gözlənilir".

N.Miri hesab edir ki, Tramp-Putin görüşündən sonra münasibətlər barədə konkret fikir söyləmək mümkün olacaq.

"İstənilən halda Trampın və Rusiyanın açıqlamalarından əsas niyyətin münasibətləri tənzimləməkdən və anlaşmaqdan ibarətdir. Təbii ki, bu məsələdə hər iki tərəfin geosiyasi, iqtisadi, regional və qlobal maraqları var. Bu kontekstdə danışıqların rajat keçəcəyini söyləmək çətindir", - deyə müsahibimiz qeyd edib.

Trampın Putini hədələməsinə gəlincə, politoloq Rusiya tərəfindən ciddi cavabın olmayacağını düşünür:

"Trampın açıqlaması qısamüddətli və ritorikdir. Onun bu açıqlaması bir növ qabaqlayıcı və çəkindirici məqamı əks etdirir. Ən azından Rusiyaya xəbərdarlıqdır ki, hər şey onun düşündüyü kimi rəvan deyil. Əgər söhbət regional və qlobal səviyyədə sülhdən gedirsə, Rusiya bəzi məsələlərdə güzəştə getməyə məcburdur. Əks halda Rusiyaya bütövlükdə sanskiya tətbiq oluna bilər".

Natiq Miri: Trampın açıqlaması bir növ qabaqlayıcı və çəkindirici məqamı əks etdirir

Müsahibimiz qeyd edib ki, ümumilikdə Trampın seçki ərəfəsində səsləndirdiyi fikirlərlə indi səsləndirdiyi fikirlər arasında fərqlər var. Bu, Trampın siyasi komandasının onun rəyinə müəyyən qədər təsir edə bildiyini göstərir:

"Əslində bu, gözlənilən idi. Çünki Tramp bütün proseslərlə bağlı təkbaşına qərar verəcək şəxs deyil, bunun üçün bütün təhlil və hesabatlar ortaya qoyulur. Pentaqon, Xüsusi Xidmət orqanları, Kəşfiyyat orqanları, maliyyə və iqtisadi məsələlərlə bağlı müşavirlər bütün hesabatları təqdim edərək müzakirə edəndən sonra müəyyən qərar verilir". 

Gülşən Şərif

Chosen
4
3
bakivaxti.az

10Sources