Bakı Apellyasiya Məhkəməsində cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan Eldar Şahgəldiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Şahgəldiyev 9 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd: E.Şahgəldiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tanınıb.
O, daha əvvəl Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 6 il 3 ay müddətində azadlıqdan məhrum edilib.
2020-ci ildə əvvəllər məhkum olunmuş E.Şahgəldiyev Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxta sənədlərlə maliyyə əməliyyatları aparan mütəşəkkil dəstənin üzvü kimi saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 60-a yaxım firmaya məxsus möhür, sənədlər və çek kitabçaları aşkar olunaraq götürülüb. Tədbirin davamı olaraq E.Şahgəldiyevin saxta əməliyyatlar aparmaq üçün adlarına firmalar açdığı dəstənin digər üzvləri - oğlu Elnur Şahgəldiyev, tanışları Xəyal Quliyev və Oqtay Xudatov da saxlanılaraq məsuliyyətə cəlb ediliblər. E.Şahgəldiyev ifadəsində əvvəllər də eyni qanunazidd əməllər etdiyinə görə məsuliyyətə cəlb edildiyini bildirib.
Kamal Məmmədov