Xəbər verdiyimiz kimi, artıq bir müddətdir rus bölməsində Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədris olunması ilə bağlı bəzi valideynlər arasında narazılıqlar var.
Demokratikmusavat.com xəbər verir ki, ötən gün müğənni Murad Arif də bununla bağlı nazirliyə müraciət edib. O, həmçinin rus sektorunda Azərbaycan dili fənninin gücləndirilməsini, ibtidai siniflər üçün rus sektoru bağlanmasını təklif edib.
Hətta bir qrup valideyn Azərbaycan tarixi fənninə görə, Elm və Təhsil Nazirliyini məhkəməyə verib.
Mövzu ilə bağlı Demokratikmusavat.com -a danışan təhsil eksperti Elçin Əfəndi valideynlərin iradını bir qədər haqlı hesab edir:
"Əlbəttə ki, burada valideynin müəyyən mənada hüququ var. Amma biz bir mənalı olaraq qəbul etməliyik ki, müstəqil Azərbaycan dövlətində yaşayırıq, dövlət dilimiz Azərbaycan dilidir. Konstitusiyamızın 42-ci maddəsində qeyd olunur ki, hər bir vətəndaşımızın təhsil almaq hüququ var.
Problemin ondan qaynaqlanır ki, istər rus, istər gürcü, istər ingilis, fransız və s. bu bölmələr əsasən o şəxslər üçün nəzərdə tutulur ki, onlar məhz ölkəmizdə yaşayan azsaylı xalqları təmsil edirlər və onlar üçün ana dilində tədris almaq imkanı yaradılır. Yəni, deyək ki, rus vətəndaşlarıdır, milliyyətləri rusdur və onlar rus dilində tədris alırlar.
Amma məlum olduğu kimi, son dövrlər övladının rus bölməsində təhsil almasına çalışmaq Azərbaycanda bir dəb halını alıb. Ata, ana azərbaycanlıdır, ailədə ancaq Azərbaycan dilində danışırlar, amma övlad mütləq rus dilində təhsil alır. Belə olan halda da artıq xaotik bir mənzərə ortaya çıxır.
Məsələn, deyək, auditoriyada 25-30 şagird varsa, onun 60%-i azərbaycanlılardan, 40%-i ruslardan ibarətdir və yaxud da əksinə. Nəticə etibarilə burada disbalans yaranır.
Azərbaycan dili, eyni zamanda Azərbaycan tarixi də bizim üçün vacibdir. Yəni Azərbaycan tarixini Azərbaycan dilində öyrənmələrinin tərəfdarıyıq. Onsuz da onlar yekunda Azərbaycan dilindən imtahan verirlər.
Əgər biz rus bölməsində və yaxud gürcü bölməsində oxuyaraq Azərbaycan dilini dövlət dili olaraq öyrəniriksə, demək ki, bizim informasiyamız var. Azərbaycan dilini öyrəndiyimiz üçün Azərbaycan tarixini öyrənməklə bağlı problemimiz olmamalıdır.
Yox, əgər dillə bağlı çətinliyimiz varsa, burada təhsil müəssisəsi əlavə addımlar ata bilər. Yəni rus dilli vətəndaşlar və ya ingilis dilli vətəndaşlara dilimizin öyrədilməsi üçün əlavə dərslər təşkil edilə bilər.
Qaldı ki, sırf rus bölməsində təhsil olanlar hamısı ruslardan və ya ingilis bölməsində təhsil alanlar hamısı ingilislərdən ibarətdirsə, o zaman burada təhsil hüququ dövrəyə girir. Hər bir şəxsin təhsil almaq hüququ var və təhsilin əlçatanlığı təmin olunmalıdır. Amma mövcud vəziyyətdə biz daha çox çalışmalıyıq ki, öz milli kimliyimizi dərk edək, təbliğ edək və s".
E.Əfəndi bu sahədə mövcud olan dünya təcrübəsindən də söz açıb:
"Dünya ölkələrində fərqli-fərqli dillərdən istifadə olunur. Elə ölkələr var ki, orada iki və yaxud da üç dil hökm sürür. Məsələn, Braziliyada portuqal dili, ispan dilindən tədris məsələlərində hər ikisindən istifadə olunur. Skandinaviya ölkələrində, bəzilərində bir neçə dilə üstünlük verilir və bir çox ölkələrdə belə hallar var. Şəxsin müvafiq fənni mənimsəməsindən söhbət gedirsə, onun başa düşə biləcək dildə izah olunması daha məqsədəuyğundur.
Düşünürəm ki, məhz azərbaycanlıların olmadığı, rus və ya ingilisdirlərsə və s. onlara tədrisi öz dillərində vermək olar. Amma yenə də, öz fikrimə qayıdıram ki, biz çalışmalıyıq ki, tədris Azərbaycan dilində aparılsın.
Məhz tariximizi öz dilimizdə daha yaxşı dərk edə bilərlər deyə mənimsəsinlər. Bununla bağlı çətinlik varsa, ayrıca Azərbaycan dili dərs saatları artırılsın", - deyə o əlavə edib.
Qeyd edək ki, cəmiyyətdə gedən müzakirələrlə bağlı Elm və Təhsil Nazirliyi də açıqlama yayıb. Qeyd olunur ki, 2022-2023-cü tədris ilində pilot qaydada 20 ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərindən başlayaraq Azərbaycan tarixi fənni Azərbaycan dilində tədris olunub. Layihənin tətbiqinin nəticələri öyrənilib davam etdirilməsi tövsiyə olunub.
Layihənin nəticələri tədris ilinin sonunda təhlil edilərək azərbaycanlı ailələrindən olan şagirdlərin fənni Azərbaycan dilində mənimsəməsinin yaxşı olduğu, rus ailələrindən olan şagirdlərin (onların sayı hər sinifdə 2-3 nəfərdir) fənni Azərbaycan dilində öyrənməkdə müəyyən çətinlik çəkdikləri, həmçinin dərsliyin mövzularının yenidən işlənməsinə, sadələşdirilməsinə ehtiyac olduğu vurğulanıb. Ümumilikdə fənnin tədrisində müəyyən çətinliklər (azlıq təşkil edir) olmasına baxmayaraq, layihənin nəticələri əsasən müsbət qiymətləndirilib.
Məlumata görə, müxtəlif fənlərin fərqli dillərdə tədrisinə dair bir sıra ölkələrdə mövcud olan mütərəqqi təcrübə də nəzərə alınıb. O da vurğulanıb ki, Azərbaycan ədəbiyyatı nümunələrinin də dövlət dilində keçirilməsini təklif edilir və məsələ müzakirə mərhələsindədir.
Səfurə