2024-cü il Azərbaycan iqtisadiyyatı üçün mühüm nailiyyətlərlə yadda qaldı. Ölkənin valyuta ehtiyatlarının ilk dəfə olaraq 72 milyard ABŞ dollarını keçməsi, Azərbaycanın dayanıqlı iqtisadi siyasətinin və uğurlu idarəetmə modelinin bariz göstəricisi kimi diqqət çəkdi. Bu nəticəyə nail olunmasında mühüm rol oynayan Azərbaycan Dövlət Neft Fondu (ARDNF) strateji əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsi və uzunmüddətli maliyyə sabitliyinin təmin olunması istiqamətində fəaliyyətini daha da gücləndirdi.
Son illərdə qlobal iqtisadi mühitdə baş verən qeyri-sabitliklərə və enerji bazarlarında müşahidə edilən dalğalanmalara baxmayaraq, ARDNF-in aktivlərinin əhəmiyyətli dərəcədə artması, onun idarəetmə prinsiplərinin effektivliyini və ölkə iqtisadiyyatına verdiyi töhfəni bir daha təsdiq etdi. Fondun icraçı direktoru İsrafil Məmmədov, rəhbərlik etdiyi qurumun keçən il ərzində əldə etdiyi nailiyyətləri, qlobal çağırışlar qarşısında tətbiq etdiyi strategiyaları və 2025-cü ildə qarşıya qoyulan əsas hədəfləri ilə bağlı “Report”un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- 2024-cü il ARDNF üçün hansı önəmli yeniliklər və məqamlarla yadda qaldı? Ümumilikdə ötən ili Fondun fəaliyyəti baxımından necə xarakterizə edərsiniz?
- Geridə qoyduğumuz 2024-cü il ARDNF üçün uğurlu illərdən biri kimi yadda qalacaq. İlk növbədə qeyd edim ki, ötən il Fondun ümumi ehtiyatları artıb, investisiya fəaliyyəti üzrə gəlirlilik yüksək olub. Belə ki, ilin əvvəlində 56 milyard ABŞ dolları təşkil edən məcmu ehtiyatlar il ərzində 7 %-ə qədər artaraq ilk dəfə 60 milyard ABŞ dollarını keçib.
Təkcə, 2024-cü ilin 9 ayında ARDNF-nin investisiya gəliri 3,3 milyard ABŞ dolları olub. Maliyyə bazarlarında müsbət tendensiya ilin son aylarında da davam edib. Artan canlanma Fondun investisiya portfelinə müsbət təsir göstərib. İl ərzində portfelin gəlirliliyinin artmasına maliyyə bazarlarında səhm aktivlərinin nümayiş etdirdiyi müsbət dinamika əhəmiyyətli təsir edib.
Ötən il ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi və yeni regionlarda investisiya imkanlarının dəyərləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu çərçivədə, qarşılıqlı faydalı əməkdaşlıqların qurulması və yeni investisiya sahələrinin araşdırılması məqsədilə ilboyu müvafiq görüşlər və Körfəz ölkələri, Çin və İtaliya kimi ölkələrə işgüzar səfərlər həyata keçirilib. Burada Səudiyyə Ərəbistanında investisiya imkanlarının araşdırılması məqsədilə Hassana İnvestisiya Şirkəti ilə Fond arasında imzalanmış Anlaşma Memorandumunu vurğulamaq istərdim. Bu sənəd müştərək investisiyaların həyata keçirilməsi imkanlarını araşdırmağa imkan yaradaraq iki qurum arasında strateji əməkdaşlığın inkişafına töhfə verir. Bundan əlavə, bildiyiniz kimi, ARDNF ötən il BƏƏ-də yerləşən “GEMS Education” təhsil müəssisəsinə 100 milyon ABŞ dolları sərmayə qoyaraq müştərək investor kimi konsorsiumun tərkibində yer alıb.
İl ərzində portfelin şaxələndirilməsi istiqamətində həm də Çin yuanına yatırımlar artırılıb, yekunda 1 milyard ABŞ dolları təşkil etmişdir. Bundan başqa ilk dəfə Səudiyyə Ərəbistan rialına 200 milyon ABŞ dolları ekvivalentində yatırım edilib. Ötən il Fond öz portfelində sığorta rolunu oynayan qızılın çəkisini artırıb və bununla bağlı ilin ilk 9 ayında 25 tondan çox qızıl alınıb.
ARDNF alternativ investisiya alətləri üzrə aktiv fəaliyyətini ötən il də davam etdirib. Xüsusilə, nəqliyyat və logistika, rəqəmsal (data mərkəzləri), enerji, ətraf mühit və s. sahələrdə infrastruktur investisiyalarına Fondun diqqəti daha da artıb və qlobal olaraq ən nəhəng və nüfuzlu idarəetmə şirkətləri ilə əməkdaşlıqlar davam etdirilib. Fond 2024-cü ildə daşınmaz əmlak, özəl səhm və infrastruktur aktivləri üzrə “GIP”, “EQT”, "Brookfield", "PGIM" və “CVC” kimi bazar liderlərinin idarə etdiyi fondlara toplam 500 milyon ABŞ dolları investisiyalar həyata keçirib.
2024-cü ildə strateji əhəmiyyətli layihələrin maliyyələşdirilməsi də əvvəlki illərdə olduğu kimi ARDNF-nin əsas fəaliyyət istiqamətlərindən biri olub. Belə ki, ötən il Fond büdcə xərcləri çərçivəsində iki təhsil proqramının maliyyələşdirilməsini yerinə yetirib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” üzrə 34 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” üzrə isə 47 milyon manat vəsait ayırıb.
Ötən il ARDNF üçün beynəlxalq müstəvidə də təqdirəlayiq bir il olub. Bildiyiniz kimi, Fond idarə etdiyi aktivlərin məcmu dəyəri 8 trilyon ABŞ dollarından çox olan, dünyanın 46 nüfuzlu suveren fondunun təmsil olunduğu Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) üzvüdür. Forumun 2024-cü il yığıncağında daimi fəal iştirakı sayəsində ARDNF səs çoxluğu ilə 3 illik müddətə SFBF-nin İdarə Heyətinin sədr müavini və daha sonrakı 3 ildə sədr vəzifəsinə seçilib ki, bu da ARDNF-nin növbəti 6 il ərzində bu mühüm təşkilatın idarəçiliyində yer alması deməkdir.
- ARDNF bu il də dövlət büdcəsi gəlirlərinin formalaşmasında aparıcı rola – təxminən 38 % paya malik olacaq. Məlum olduğu kimi bu Fondun neft-qaz gəlirləri və öz investisiya fəaliyyətindən əldə olunan gəlirlər hesabına baş tutur. Fiskal sabitliyin qorunmasında neft gəlirlərinin istifadəsi, o cümlədən Fondun investisiya fəaliyyətindən əldə olunan gəlirlərin rolunu necə qiymətləndirirsiniz?
- Məlum olduğu kimi, iqtisadiyyatın diversifikasiyası ölkədə davamlı büdcə tarazlığı və daha effektiv makro-fiskal siyasətin təmin edilməsi üçün olduqca vacibdir. ARDNF-dən büdcəyə transfertlər bu sabitliyin qorunmasında mühüm rol oynayaraq etibarlı maliyyə mənbəyi kimi çıxış edir, uzunmüddətli iqtisadi dayanıqlığa dəstək olur. Ölkənin qarşısında duran strateji hədəflərin və sosial proqramların vaxtında icrası 2025-ci ildə Fonddan dövlət büdcəsinə transfertin əvvəlki illə müqayisədə artımını, başqa sözlə büdcə gəlirlərinin 38 %-ni təşkil etməsini labüd edib.
ARDNF-nin investisiya fəaliyyətindən əldə olunan gəlirlərlə bağlı qeyd etmək istərdim ki, son iki il Fond üçün uğurlu il olub və investisiya fəaliyyətindən təxminən hər il 3 milyard ABŞ dollarından çox gəlir əldə edilib ki, bu da həmin illərdə dövlət büdcəsinə transfertlərin təqribən 45-50 %-nə bərabər olub. Lakin onu da qeyd etmək lazımdır ki, Fondun investisiya fəaliyyətindən əldə etdiyi gəlirlər investisiya portfelinin dəyərindən asılı olduğu üçün, həmçinin də portfelin strukturu qlobal maliyyə bazarlarındakı dalğalanmalara qarşı həssas olduğundan onun fərqli illərdə fərqli performans nümayiş etdirməsi gözləniləndir. Başqa sözlə, beynəlxalq təcrübədən də məlum olduğu kimi bu fəaliyyət növü üzrə gəlirlər digər sahələrlə müqayisədə öz volatilliyi ilə seçilir - bəzi illərdə daha yüksək ola bildiyi halda, bəzi illərdə çox aşağı və ya itkilərlə də nəticələnə bilir. Bununla belə, orta və uzunmüddətli dövrdə investisiya gəlirləri Fondun büdcə xərclərinin mühüm hissəsini təşkil edə bilər.
- ARDNF qarşısında duran əsas çağırışlar hansılardır? Fond enerji keçidi və rəqəmsallaşma kimi dəyişən iqtisadi şəraitə necə uyğunlaşır, dayanıqlı inkişaf konsepsiyasına necə uyğunlaşır və karbon izinin azaldılması üçün hansı tədbirlər görür?
- Məlumdur ki, dayanıqlı enerji mənbələrinə keçid və "yaşıl enerji"nin inkişafı hazırda Azərbaycanın enerji siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyev ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsini prioritet vəzifə olaraq irəli sürüb. Düşünürəm ki, bu istiqamətdə ölkənin enerji təhlükəsizliyinin, onun iqtisadi gücünün və dayanıqlı ətraf-mühitin balanslaşdırılmış vəhdəti əhəmiyyətli rola malikdir.
Azərbaycanda dayanıqlı, şaxələndirilmiş və ekoloji baxımdan məsuliyyətli enerji gələcəyi üçün təməlin qurulmasında ARDNF-nin özünəməxsus rolu var. Fond neft və qaz gəlirlərini şəffaflıq və hesabatlılıq prinsipləri əsasında idarə edərək, uzunmüddətli iqtisadi sabitliyin təmin olunmasında və dayanıqlı inkişafa töhfə verən layihələrin maliyyələşdirilməsində iştirak edir. Qlobal suveren investor olaraq biz enerji keçidinin dəstəklənməsinə yönəlmiş səylərimizi əhəmiyyətli dərəcədə artırmışıq və son illərdə portfelimizdə bərpa olunan enerji sahəsində artan sayda layihələr həyata keçirmişik.
Milli sərvətin qoruyucusu funksiyasını daşıyaraq biz missiyamız və strateji baxışımız çərçivəsində ƏSİ (Ətraf mühit, sosial və İdarəetmə) prinsiplərinin də investisiya portfelinə inteqrasiyası çərçivəsində müəyyən tədbirlər həyata keçirmişik. Məlumat üçün qeyd edim ki, ARDNF-nin investisiya portfeli aparılmış kompleks təhlilin nəticəsinə əsasən karbon emissiyasına görə bençmarkdan daha aşağı nəticə göstərib. Fondun özəl səhm və daşınmaz əmlak aktiv növləri üzrə orta şəffaflıq göstəricisi bazardakı investisiya fondlarının orta şəffaflıq göstəricisini dəfələrlə üstələyib.
Bu sahədə mühüm yeniliyi də qeyd etmək istərdim ki, səhm portfeli üzrə keçən ilin sonlarından etibarən şirkətlərin idarəedilməsində müsbət dəyişikliyi təşviq etmək üçün səhmdar hüquqlarından istifadə çərçivəsində Səhmdarların Ümumi Yığıncağında səsvermənin tətbiqinə başlamışıq. Bu səsvermə səhmdarların şirkətlərin idarəedilməsi üzrə müzakirəyə çıxarılmış müxtəlif məsələlərə mövqe bildirmək imkanı yaradır. Bu alət vasitəsilə səhmdarlar qərarlara təsir göstərməklə şirkətlərdə şəffaflıq və hesabatlılığın artırılmasına və uzunmüddətli dəyər yaradılmasına töhfə verir.
Vurğulamaq yerinə düşər ki, Bakıda keçirilən COP29 iqlim konfrası çərçivəsində ARDNF, SFBF ilə birgə “Enerji keçidinin maliyyələşdirilməsində suveren sərvət fondlarının rolu” mövzusunda yüksək səviyyəli panel təşkil edib. COP29 sədrliyinin tədbirlər siyahısında olan bu mühüm tədbir qlobal liderləri bir araya gətirərək, suveren sərvət fondlarının (SSF-lərin) dayanıqlı maliyyənin inkişafına, aşağı karbonlu iqtisadiyyata keçidə dəstəyini, o cümlədən bu istiqamətdə fəaliyyətinin genişləndirilməsini müzakirə etmək məqsədi daşıyıb. Həmçinin, Azərbaycan pavilyonunda keçirilmiş digər tədbirdə ƏSİ prinsiplərinin ARDNF-nin investisiya portfelinə inteqrasiyası və bu sahədə nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
- ARDNF iqtisadiyyatın şaxələndirilməsinə necə kömək edir və qeyri-enerji sektorlarında ən uğurlu layihələr hansılar olub?
- ARDNF tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və bu vəsaitlərin səmərəli idarə olunması ilə həm ölkənin makroiqtisadi sabitliyinin təmin olunması, həm də gələcək nəsillər üçün ehtiyat vəsaitlərin qorunub saxlanılması məqsədlərini yerinə yetirir. İlk növbədə qeyd etmək istərdim ki, makroiqtisadi sabitlik ölkədə daha dayanıqlı və şaxələndirilmiş uzunmüddətli iqtisadi inkişafın təmin olunması üçün əsas faktorlardan biridir. Bu çərçivədə Fonddan dövlət büdcəsinə edilən transfertlər ölkədə makroiqtisadi sabitliyin təmin edilməsinə dəstək verməklə uzunmüddətli dövrdə iqtisadiyyatın şaxələndirilməsi üçün zəmin yaradır. Bununla yanaşı, Ümumi Daxili Məhsulun 80 %-ni keçən və xarici dövlət borcuna nisbətən 10 dəfədən çox olan Fondun artan ehtiyatları ölkə iqtisadiyyatı üçün “təhlükəsizlik yastığı” rolunu oynayır ki, bu da mümkün iqtisadi şoklar zamanı makroiqtisadi sabitliyin təmin olunmasında, habelə ölkənin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması ilə investorlar üçün cəlbediciliyin artırılmasında mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda ARDNF strateji əhəmiyyət kəsb edən layihələri maliyyələşdirməklə orta və uzunmüddətli dövrlərdə iqtisadiyyatın diversifikasiyasına və dayanıqlı inkişafına dəstək verir. Fəaliyyəti dövründə Fond ölkədə insan kapitalının inkişafına, strateji infrastruktur layihələrinin maliyyələşdirilməsinə, o cümlədən nəqliyyat, enerji, və digər sahələrə investisiyalar ayırıb.
Ölkədə hərtərəfli inkişafa töhfə verən belə layihələrin bir neçəsinin adlarını sadalamaq istərdim. ARDNF 2001-ci ildən doğma yurd-yuvalarından didərgin salınmış həmvətənlərimizin - qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün proqramları maliyyələşdirib. Fondun dəstəyi ilə Samur-Abşeron, Oğuz-Qəbələ-Bakı kimi layihələrin maliyyələşdirilməsi nəticəsində əhalinin içməli su təminatı yaxşılaşdırılıb, yararsız ərazilərin suvarılması və kənd təsərrüfatına yararlı hala gətirilməsi həyata keçirilib. Ölkənin neft-qaz resurslarının ixracını təmin edən enerji infrastrukturu, o cümlədən Cənub-Qaz Dəhlizi kimi digər strateji layihələr Fondun dəstəyi ilə reallaşdırılıb. ARDNF-in dəstəklədiyi əsas layihələrdən biri də Bakı–Tbilisi–Qars yeni dəmir yolu xəttinin maliyyələşdirilməsi olub. Bu layihə regionda nəqliyyat əlaqələrinin inkişafına və ticarətin artırılmasına şərait yaradır. "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin nizamnamə kapitalının formalaşdırılması ilə də qeyri-neft sektorunun inkişafına dəstək verilib.
Bundan əlavə, ARDNF Prezident İlham Əliyevin daim dəstəklədiyi “qara qızılın insan kapitalına çevrilməsi” strategiyasının bir hissəsi kimi, minlərlə azərbaycanlı gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil alması proqramlarının maliyyələşdirilməsini davam etdirməkdədir. Bütün bunlarla yanaşı, əvvəldə qeyd etdiyim kimi, Fond beynəlxalq təcrübəyə uyğun olaraq, müxtəlif aktiv növləri, valyutalar və regionlar üzrə şaxələndirilmiş investisiya portfelinə malik olmaqla vəsaitlərin ölkə xaricində səmərəli idarə edilməsini təmin edir. Fondun investisiya portfelinin dəyərinin artması nəticəsində investisiya fəaliyyətindən əldə edilən gəlirlərin yüksəlməsi uzun müddətdə bu gəlirlərin büdcədə alternativ gəlir mənbəyi kimi çıxış etməsinə zəmin yaradır.
- ARDNF-nin investisiya portfelində valyutalar üzrə bölgülərdə dəyişikliklər gözlənilirmi? Əgər gözlənilirsə bunun səbəbi nədir? Fond son vaxtlar investisiya portfelində Çin yuanının payını xeyli artırıb. Bu nə ilə əlaqədardır?
- ARDNF qlobal maliyyə bazarlarındakı meylləri yaxından izləməklə daim öz portfelini nəzərdən keçirir, zərurət olduqca müvafiq dəyişikliklər edir. Bu il də portfelin valyutalar üzrə bölgüsündə ötən il olduğu kimi ABŞ dolları, ingilis funt sterlinqi və avro kimi əsas ehtiyat valyutaları əhəmiyyətli üstünlük təşkil edəcək. Bununla yanaşı, digər valyutalar üzrə diversifikasiya imkanlarının artırılması da diqqətdə saxlanılır.
ARDNF-nin investisiya portfelində Çinə investisiyaların artırılması ilə bağlı bildirmək istərdim ki, son dövrlərdə qlobal maliyyə bazarlarında qlobal investorların öz portfellərində Çinə investisiyaları artırdığı müşahidə edilir. Cərəyan edən hadisələr fonunda ötən il Fondun investisiya portfelinin şaxələndirilməsi çərçivəsində Çin yuanına yatırımlara da xüsusi önəm verilib. 2024-cü ilin əvvəlinə Çin yuanında investisiyalar 550 milyon ABŞ dolları təşkil edirdisə, il ərzində bu istiqamətdə yatırımların məbləği 1 milyard ABŞ dolları artırılaraq 1,6 milyard ABŞ dollarına çatdırılıb. Ötən ilin sonuna ARDNF-nin investisiya portfelində Çin yatırımlarının ümumi çəkisi 3 %-i ötüb.
- ARDNF Türkiyənin Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirmişdi. Həmin depozit qalırmı? Qalırsa, ondan illik nə qədər gəlir əldə olunur?
- ARDNF 2022-ci ilin yanvar ayında ümumi məbləği 1 milyard avro və qaytarılma müddəti 6 ay təşkil edən depoziti mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirib. Sözügedən depozitin müddətləri bitdikcə 2022-ci, 2023-cü və 2024-cü illərdə yenidən uzadılıb.
Ötən il tərəflər depozitin tədricən geri çəkilməsinə qərar verib. Bu qərar həm Türkiyə Mərkəzi Bankının valyuta rezervlərində borclanma səviyyəsinin azaldılması strategiyası, həm də ARDNF-in düşən faiz dərəcələri şəraitində qısa müddətli depozitlərin daha uzunmüddətli istiqrazlar ilə əvəzlənməsi strategiyası çərçivəsində verilib. Belə ki, 1 milyard avro olan depozitin 800 milyon avroluq hissəsi müddəti bitdiyi üçün iyul ayında, 200 milyon avroluq hissəsi isə müddəti bitdiyi üçün oktyabr ayında ARDNF-ə qaytarılıb və Fondun investisiya strategiyası çərçivəsində həmin vəsait sabit gəlirli qiymətli kağızlar üzrə müvafiq şəkildə yerləşdirilib.
- ARDNF Rusiyanın “VTB Bank”nın səhmlərinin 3 %-ni əldə etmişdi. Bu pay saxlanılırmı? Əgər qalırsa, ondan indiyə qədər və 2024-cü ildə əldə olunmuş dividend gəlirləri nə qədərdir?
- Bildiyiniz kimi, 2012-ci ildən ARDNF investisiya portfelinin diversifikasiyası məqsədilə səhmlərə investisiyalara başlayıb. Bu çərçivədə, qeyd etdiyiniz kimi, 2013-cü ildə Rusiyanın ən iri maliyyə və sistem əhəmiyyətli qurumlarından biri, aktivlərinin məbləği 26 trilyon rubla yaxın (Rusiya bazarında 2-cidir) olan "VTB Bank"ın 3 % səhmləri əldə edilib. Yuxarıda qeyd edilənlərin fonunda bildirmək istərdik ki, yaxın gələcəkdə "VTB Bank"a əlavə sərmayə qoyuluşu nəzərdə tutulmayıb. Dividendlərə gəldikdə isə, “VTB Bank”a investisiya edilən tarixdən etibarən Fonda 3,9 milyard rus rublu dividend ödənilib. Xüsusilə qeyd etmək istərdim ki, 2021-ci ildən etibarən "VTB Bank"ın daxili dividend siyasətinə əsasən dividend ödənişləri həyata keçirilməyib.
- ARDNF-in investisiya strategiyasının əsasında hansı prinsiplər durur? Fond riskləri necə idarə edir?
- Beynəlxalq təcrübədə suveren fondlar ölkə iqtisadiyyatının xüsusiyyətlərinə, habelə büdcə qarşısındakı öhdəliklərinə uyğun olaraq stabilləşdirmə, yığım və inkişaf funksiyalarını həyata keçirir. ARDNF həm makroiqtisadi sabitliyin qorunması, həmçinin gələcək nəsillər üçün ehtiyat vəsaitlərin qorunub saxlanılmasının təmin edilməsi üçün öz investisiya strategiyasını risk və gəlirlilik arasında tarazlığı qoruyan nisbətən daha konservativ yanaşmaya əsasən qurur. Ümumiyyətlə, beynəlxalq təcrübəyə uyğun olaraq bazar və valyuta risklərinin idarə edilməsi üçün Fond investisiya portfelini şaxələndirməklə müxtəlif aktiv növləri, valyutalar və regionlar üzrə investisiyalar həyata keçirməkdədir. Bundan başqa, Fond investisiya portfelində risklərin idarə edilməsi ilə bağlı faiz dərəcəsi, kredit riski, likvidlik riski və digər parametrlər üzrə bir sıra tələblər müəyyən edilib.
Həmçinin, ARDNF-in müntəzəm olaraq ssenari planlaşdırması və stress testlər etməsi daha çevik olmağa, vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməyə, lazım gəldikdə strategiyamıza yenidən baxmağa imkan verir. Fond, büdcəyə illik transfertləri nəzərə alaraq, investisiya portfelinə likvidliyi təmin etmək üçün sabit gəlirli qiymətli kağızlara yatırımlar edir. Bununla yanaşı, orta və uzunmüddətli dövrdə yüksək gəlirlilik vəd edən, nisbətən daha riskli səhmlər və daşınmaz əmlak kimi investisiya alətləri də portfeldə yer alır. Eyni zamanda, inflyasiyadan qorunmaq üçün effektiv vasitə olaraq, xüsusən iqtisadi qeyri-müəyyənlik və artan geosiyasi risklər dövründə rezervlərin dəyərini qorumaq məqsədilə qızılın portfeldə payı artırılıb.
Nəticə olaraq portfelin maliyyə aktivləri üzrə bu cür şaxələndirilməsi, risk və gəlirlilik balansının qorunması, həmçinin uzunmüddətli investisiya məqsədlərinə çatmağa yönəldilib.
- 2025-ci il üçün Fondun müxtəlif fəaliyyət istiqamətləri üzrə gözləntiləriniz və hədəfləriniz nələrdir?
- İlk növbədə Fondun məqsəd və vəzifələrinə uyğun olaraq 2025-ci ildə də makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə dövlət büdcəsinə nəzərdə tutulan transfertin vaxtında icrası nəzərdə tutulur. Bundan başqa Fondun büdcəsi çərçivəsində təsdiq olunan xaricdə təhsil layihələrinin maliyyələşdirilməsi davam etdiriləcək.
Bui il Fondun investisiya fəaliyyəti ilə bağlı bildirmək istərdim ki, Fond qlobal maliyyə bazarındakı tendensiyaları və geosiyasi vəziyyəti qiymətləndirməklə investisiya fəaliyyətini formalaşdırmağı hədəfləyir. Bu baxımdan, Fond çevikliyin artırılması və müəyyən risklərə qarşı vaxtında önləyici tədbirlərin görülməsi məqsədilə öz investisiya fəaliyyətində müəyyən dəyişikliklər etməyi nəzərdə tutur. Buraya müxtəlif aktiv növləri, valyutalar və regionlar üzrə əlverişli investisiya imkanlarını dəyərləndirməklə portfelin şaxələndirilməsinin genişləndirilməsi, habelə portfelin geosiyasi risklərə davamlılığının artırılmasını aid etmək olar.
Fondun istiqraz və pul bazarları altportfeliə gəldikdə əvvəlki illərdə olduğu kimi likvid aktivlərin məbləğinin əhəmiyyətli səviyyədə saxlanılması nəzərdə tutulub. Son illərdə maliyyə bazarlarında müşahidə olunan yüksək inflasiyanın düşmə tendensiyası göstərməsi və normallaşması gözlənilir ki, bu da öz növbəsində istiqraz portfelimiz üçün əlverişli hesab edilə bilər.
Səhm portfelimiz son 2 ildə hər il 20 %-dən çox olmaqla gəlirlilik əldə edib. Bu artıma əsas töhfə verən texnoloji və İT sahələrinə, daha da xüsusiləşdirsək, süni zəka, robotizasiya, yarımkeçirici və çip texnologiyaları və s. kimi qlobal transformativ trendlərə investorların maraq və tələbinin davam etməsi 2025 və daha sonrakı illərdə də səhm bazarlarında nikbin proqnozlar üçün zəmin yaradır.
Daşınmaz əmlak, infrastruktur, özəl səhm fondları və s. kimi nisbətən az likvid aktiv növlərində də investisiya fəaliyyətimizi genişləndirməyi nəzərdə tutmuşuq. Xüsusilə ölkələrin iqtisadi və sosial fəaliyyəti üçün əvəzolunmaz funksiya yerinə yetirən, makroiqtisadi və s. faktorlardan asılı olmayan bərpa olunan enerji, nəqliyyat və rəqəmsal kimi sahələrdə fiziki infrastruktur aktivlərinə daha da geniş investisiya qoyuluşu nəzərdə tutulub. Əsas məqsədimiz spekulyativ və qısamüddətli dövr üçün cəlbedici istiqamətlərə yox, orta və uzun müddətlərdə qlobal miqyasda iqtisadi, demoqrafik, texnoloji trendləri və sektorları müəyyən etməklə müvafiq sahələrə yönəlməkdir.
ARDNF öz məqsəd və missiyasından irəli gələrək beynəlxalq arenada da fəaliyyətini daha aktiv həyata keçirməyi hədəfləyir. Bu istiqamətdə mühüm platforma olan SFBF çərçivəsində digər suveren fondlarla əlaqələrinin gücləndirilməsi, Forumda dayanıqlılıq təşəbbüslərinin təşviqi və suveren fondlar üçün inkluziv bir mühitin yaradılması əsas hədəflərdən olacaq. Nüfuzlu investorların təcrübəsindən faydalanaraq genişmiqyaslı müştərək investisiyaların həyata keçirilməsi, yeni qarşıqlıqlı əməkdaşlıq sənədlərinin imzalanması istisna deyil.
Yuxarıda qeyd edilənlərlə yanaşı, son illər Fondun daxili transformasiyası çərçivəsində edilən islahatlar Fondun korporativ idarəetmə sistemini təkmilləşdirməklə yanaşı, uzunmüddətli inkişaf strategiyasının əsasını təşkil edib. Bu istiqamətdə, korporativ idarəetmə sistemində əsaslı dəyişikliklər aparılıb, daha çevik və funksional idarəetməni təmin etmək məqsədilə beynəlxalq təcrübə öyrənilərək qabaqcıl idarəetmə yanaşmaları tətbiq edilib, iş prosesləri üzrə avtomatlaşdırma və rəqəmsallaşdırma təmin edilib, yeni hesabatlıq mexanizmləri tətbiq edilib. Bu addımlar, Fondun strateji məqsədlərinə yönəlmiş proseslərin davamlı inkişafını təmin edən əsas zəmin yaradıb.