EN

Bu cərimələr kəskin artırılır – YENİ QANUN

Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə görə cərimələr artırılır.

Bu barədə məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə (603.1-ci maddə) vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Hazırda bu əmələ görə vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Digər dəyişikliyə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün tələb olunan məlumatların çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə (603.3-cü maddə) vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Hazırda bu əmələ görə vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə (604-cü maddə) cərimə isə otuz manatdan yüz manata artırılır.

Həmçinin dəyişikliyə əsasən, çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə (605-ci maddə) vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Hazırda isə bu əmələ görə vəzifəli şəxslər səksən manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

Vətəndaşların ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə, hərbi vəzifəlilərin və çağırışçıların yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına, hərbi vəzifəlilərin və çağırışçıların yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə (606-cı maddə) cərimə otuz manatdan yüz manata artırılır.

Çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə (607-ci maddə) isə cərimə 50 manatdan yüz manata qaldırılır.

Digər dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə (608.1-ci maddə) dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Hazırda bu əmələ görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq edilir.

Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə (608.2-ci maddə) beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə tətbiq edilməsi təklif edilir. Hazırda bu cərimə iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə tətbiq edilir.

Azərbaycan Respublikasının dövlət və yerli özünüidarəetmə orqanları, nəqliyyat vasitələrinin mülkiyyətçisi (sahibi) olan təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının sorğusuna əsasən nəqliyyat vasitələrinin mövcudluğu və texniki vəziyyəti barədə məlumatların təqdim edilməməsinə görə (609.1-ci maddə) vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər doqquz yüz manatdan min yüz manatadək məbləğdə cərimə ediləcək. Hazırda bu əmələ görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz əlli manatadək məbləğdə cərimə edilir.


Telegram kanalımız
Chosen
2
2
yenisabah.az

10Sources