Özəl müəssisələrdə yanğın hallarının yaşanmaması üçün hansı hazırlıqlar görülməlidir?
Son zamanlar dünyada bəzi ölkələr yanğınlarla bağlı mübarizə aparır. Onlardan bəziləri də ehtiyatsızlıq ucbatından baş vermiş yanğınlardır.
Maraqlıdır, Azərbaycanda özəl müəssisələrdə belə halların yaşanmaması üçün hansı hazırlıqlar görülməlidir?
Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a bildirib ki, bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyinə ciddi yanaşmalıdır:
“Qanunvericilikdə yanğın təhlükəsizliyi haqqında qanun var. Bütün təşkilatlar, idarələr, müəssisələr yanğın təhlükəsizliyinə dair olan təlimatlara mütləq ciddi əməl etməlidir. Yəni, yanğın təhlükəsizliyinə dair olan təchizat, ehtiyac su çəni, ilkin od söndürmə vasitələri, yanğın siqnalizasiya vasitələri, daha sonra təxliyyə yolları, təhlükəsiz toplanış yerləri, yanğın təhlükəsizliyinə dair rejimin yaradılması vacibdir. Bunların hər biri təmin edilməlidir. İşçilərə mütəmadi olaraq bu barədə təlimatlar keçirməlidir. İşçilərin yanğın təhlükəsizliyinə dair olan bilik və bacarıqları artırılmalıdır. Yanma riski yüksək olan, mal materiallarla yanğın təhlükəsizliyinə uyğun olaraq rəftar sərgilənməlidir. Yanğın hadisəsi baş verməsin deyə tədbirlər görülməlidir. Yanğın hadisəsi baş verdikdə hazır tədbir planı olmalıdır. Kim, haradan necə məlumatları alacaq, insanlar necə evakuasiya olunacaq, necə proseslər görüləcək? İnsanlar haradan təxliyə olunacaq? Bu kimi sualların cavabı anında hazır olmalıdır. Təxliyə yolları daim boş saxlanmalıdır”.
Ekspert qeyd edib ki, təxliyə yollarına hər hansı bir maneə ilə bağlamaq yol verilməzdir:
“Yanğın qrupları tərəfindən, lazımi qaydalar tətbiq olunmalıdır. Bu qruplar işçilərdən ibarət olur. Yaxşı olar ki, işçilərə ildə iki dəfə təcrübədə keçmiş praktika üzərindən təlimlər həyata keçirilsin. Ola bilər təlimlər hansısa animasiya formasında və yaxud da monitorda göstərilən slayd formatında keçirilir. Bir də var ki, işçilər bunu şərti olaraq həyata keçirsinlər. Artıq onda o vaxt biləcəklər ki, hadisə baş verdikdə nə etməlidir. Əlbətə bu, belə olan halda müəyyən tədbirlər görülmüş olur ki, bu da yanğın hadisəsi baş verdiyində onun qarşısının qısa zamanda alınmasına səbəb olur. Ümumiyyətlə, yağınlardan heç kəs sığortalanmayıb. Dünyanın demək olar ki, bütün ölkələrində yağın hadisələri baş verir. Sadəcə, bu hadisələri ümumiyyətlə önləmək üçün mütləq tədbir planı olmalıdır. İnsanlar yanğının təhlükəsizliyinə dair olan tələblərə ciddi riayət etməlidirlər”.
Leyla Turan
Demokrat.az