Mütəxəssislərin fikrincə, erkən yaşda siqaret çəkməyin çox ciddi fəsadları var. Azyaşlı oğlan və qızların siqaret çəkməsi birmənalı olaraq həvəsdir. Bu həvəs isə onların sağlamlığına ciddi ziyan vurur. Onlar potensial olaraq xərçəng xəstələri hesab olunurlar. Psixoloqlar isə hesab edir ki, siqaretin orqanizmə mənfi təsirləri ilə bərabər məsələnin psixoloji tərəfləri də diqqətdən yayınmamalıdır.
Mövzu ilə bağlı millət vəkili Naqif Həmzəyev Demokrat.az-a bildirib ki, tütün məhsulları və onların əvəzləyiciləri kimi dəyərləndirilən elektron siqaretlərdən məktəblilərin aşağı siniflərdən başlayaraq istifadə etməsi halları heç də yaxşı hal deyil:
“Bu, bizi çox təəssüfləndirir və bu məsələdə valideynlərin də, məktəbin də, eyni zamanda tədris prosesinin də məsuliyyəti var. Ancaq bu məsuliyyət tam olaraq düzgün bölüşdürülmədiyi üçün, nəzarət mexanizmi təkminləşdirilmədiyi üçün bu hallar günü-gündən artmaqdadır. Məktəblərə giriş və çıxış zamanı mühafizə sisteminin zəif qurulması və xüsusi avadanlıqlar vasitəsilə çantaların yoxlanılmaması səbəbi ilə də şagirdlər rahatlıqla istədikləri əşyaları, tütün məhsullarını məktəblərə gətirə bilirlər və bu səbəbdən də bu hal artıq adiləşib. Eyni zamanda yuxarı sinif şagirdlərinin asanlıqla, qorxmadan, çəkinmədən tütün məhsullarını məktəb ərazisində və yaxud məktəbə yaxın olan ərazilərdə istifadə etməsi aşağı sinif şagirdlərində də maraq və həvəs yaradır. Nəticə etibarilə də bu hal günü-gündən çoxalır”.
Millət vəkili onu da bildirib ki, məktəb yaxınlığında olan marketlərdə və kiosklarda məktəblərə bu tütün məhsullarının və yaxud elektron siqaretlərin satışını tamamilə qadağan etmək və bunun nəzarətini gücləndirmək lazımdır:
“Çünki bəzən satıcılar tərəfindən uşaqların yaşları soruşulmadan tütün məhsullarının onlara satılma hallarını müşahidə edirik. Eyni zamanda məktəb yaxınlığında olan marketlərdə və kiosklarda tütün məhsullarının reklamları tamamilə qadağan edilməlidir. Ümumiyyətlə, bu ərazilərdə tütün məhsullarının və elektron siqaret satışına şərait yaradılmamalıdır. Həmçinin, xüsusilə də elektron siqaretlərin satışı ilə məşğul olan şəxslər var ki, onlar xüsusi kampaniyalar keçirərək məktəb yaxınlığında olan ərazilərdə bu satışı təşkil edirlər. Nəticə etibarilə də daha ucuz qiymətə satılan elektron siqaretlər asanlıqla məktəblilərin də əlinə düşə bilir. Bir sözlə, bu hallara nəzarət mütləq gücləndirilməlidir və məktəblərdə olan bufetlərdə, yeməkxanalarda da mərkəzləşdirilmiş nəzarət sistemi işə düşməlidir və çalışılmalıdır”.
N.Həmzəyev vurğulayıb ki, bu gün xoşagəlməz əşyalarla yanaşı, qidaların satışına da xüsusi nəzarət olunmalıdır:
“Belə olacağı təqdirdə daha münasib qiymətdə qidaların satışı məhz bufetlərdə təşkil edirlərsə, məktəblilər ümumiyyətlə məktəb ərazisini tərk edib başqa yerlərdən qida almaq məcubiyyətində qalmazlar. Onlar artıq o marketdən digər xoşagəlməz əşyaları almaq üçün də həvəslənməzlər. Bir sözlə, Elm və Təhsil Nazirliyi, aidiyyati qurumlar məsələyə çox ciddi yanaşmalıdırlar. Valideyn, müəllim, məktəb birlikdə bu problemi həll edə bilərlər.
Ancaq çox təəssüfər olsun ki, çox vaxt bu məsələlərə məsuliyyətsiz yanaşılır və məktəb valideyni günahlandırır, valideyn məktəbi günahlandırır, nəticə etibarilə isə uşaqlar bu pis vərdişə qurşanırlar. Bir müddət sonra isə artıq tütün məhsullarının alüdəsinə çevrilirlər. Biz əl-ələ verib bu problemi birlikdə həll etməliyik”.
Sosioloq Üzeyir Şəfiyev bu mövzuda ilk növbədə ailə nəzarətinin olmasının vacibliyini vurğulayıb:
“Valideyin uşağın təhlükəsizliyinin, onun sağlam böyüməsi, pis vərdişlərdən qorunması üçün məsuliyyət daşıyan tərəflərdən biridir. Eyni zamanda, satış obyektləri qanuna hörmətlə yanaşmalı bir sıra əşyalar var ki, onları satarkən alıcıların yaş xüsusiyyətlərini nəzərə almalı, onlara həmin məhsulları satmamalıdır. Umutmamalıdırlar ki, bu onlar üçün hüquqi məsuliyyət yaradır. İctimaiyyət də bu sahədə hüquqi məlumatlı olmalı, belə hallara ictimai qınaq olmalıdır”.
Sosioloq əlavə edib ki, məktəblərdə bu istiqamətdə şagirdlərlə maarifləndirmə, ideya tərbiyə işi aparılmalıdır:
“Məktəblilərlə psixoloq və sosial işçilərin təmsil olunduğu müvafiq ştat vahidinin təmsilçiləri iş aparmalıdır. Hüquq mühafizə orqanları uşaqlara tütün məhsullarının satılma halları ilə bağlı mütəmadi reydlər keçirməli, belə hallara yol verənlərə qarşı mübarizə tədbirlərini KİV və sosial media təmsilçilərinin iştirakı ilə ardıcıl aparmalıdır”.
Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi də öz fikirlərini bölüşüb.
Ekspertin fikrincə, məktəbli çantalarına ilk növbədə nəzarət valideyin üzərində olmalıdır:
“Əlbəttə, valideyn övladını təhsil müəssisəsinə yola salarkən çantasına mütləq nəzərət etməlidir ki, övladı məktəbdən nə daşıyır. Eyni zamanda, məktəbdən evə qayıtdığı sırada çanta yoxlanmalıdır ki, övladı məktəbdən evə nə gətirir? Bu,valideynin nəzərətində olan prosesdir. Qaldı ki, şagirdlərə siqareti, psixotrop, narkotik maddələri satanlar kimlərdir? Bunun üçün əlbəttə ki, təhsil müəssisəsi yalnız məktəb ərazisinin daxilinə nəzərət edə bilər. Amma yol boyu bunu izləmək bir qədər çətin məsələdir”.
Ekspert deyib ki, bu istiqamətdə artıq hüquq mühafizə orqanları prosesi diqqətə almalıdır:
“Amma hər hansı bir şagird özü yanına yaxınlaşıb, hansı mağazada, köşkdə, digər yerlərdə siqaret almağa cəhd edirsə, o zaman artıq oradakı satıcıların məsuliyyətində qalır. 18 yaşından aşağı şəxslərə siqaret və digər əşyalar satılması qadağandır. Burada artıq satıcılar məsuliyyətə cəlb olunmalıdır. Bir təhsil müəssisəsinə minimal 500 nəfər, maksimal 3000-4000 hətta, bəzən daha artıq şagird gələ bilər. Və bütün bu şagidlərin hər birinin çantasına yoxlamaq mümkün deyil. Yalnız müəyyən xüsusi cihazlar, aparatlarla məktəblərin girişində, onların keçirilə biləcəkləri hər hansı bir yad əşyalar siqnalizasiya vasitəsi ilə bildirsin. Çünki yoxlama prosesini fərdi qaydada həyata keçirmək artıq əlavə vaxt itkisidir ki, bu da şagirdlərin tədris prosesinə mənfi təsir edə bilər. Və düşünürəm ki, burada valideynlər daha diqqətli olmalıdır”.
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə uşaq və gənclərin fiziki və mənəvi ikişafı istiqamətində hazırlanıb.
Leyla Turan
Demokrat.az
10Sources
-
demokrat.azMəktəblilərə zərərli maddələri satanlar kimlərdir,bununla necə mübarizə aparılmalıdır? ( 15035819)
-
demokrat.az7 fənnin müəllimlərinin sertifikasiyası GÖZLƏNİLİR ( 15001445)
-
avtosfer.azOlimpiadalarda qızıl medal qazanan məktəblilərə xüsusi imtiyazlar… - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA ( 14986055)
-
Ajans.azQanunla qadağandır, amma... – Məktəblilərə də lotereya biletləri satılır ( 14965237)
-
bakivaxti.azQanunla qadağandır, amma... – Məktəblilərə də lotereya biletləri satılır ( 14964845)
-
demokrat.azHəkim səhlənkarlığı ilə bağlı şikayətlər çoxalıb — Problemi necə həll edilməlidir? ( 14963365)
-
operativmedia.azİşbazlar "Temu" və "Trendyol"dakı boşluqdan necə istifadə edirlər? - ARAŞDIRMA ( 14954005)
-
avtosfer.azGənclərdə imtahandan əvvəl stress : Psixoloji problemlərin qarşısını necə almaq olar? ( 14942717)
-
modern.azParalel idxal maşın bazarında dilerlərlə necə ziyan vurur? - Dövlətdən gözləntilər ( 14931937)
-
avtosfer.azParalel idxal avtomobil bazarında dilerlərlə necə ziyan vurur? - Dövlətdən gözləntilər var - VİDEO ( 14931051)