EN

Rudi Qarsiya Belçika yığmasının “sükanı arxasına” keçdi

Fransalı mütəxəssis Rudi Qarsiya futbol üzrə Belçika yığma komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az bu barədə sözügedən ölkənin futbol federasiyasının rəsmi saytına istinadən xəbər verir.

60 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, bu postda bir müddət öncə Belçika yığmasından ayrılmış Domeniko Tedeskonu əvəz edib.

Belçika yığmasının yeni baş məşqçisi bu komandanın ulduzları ilə bağlı planlarını da açıqlayıb. Söhbət qapıçı Tibo Kurtua (“Real”), yarımmüdafiəçi Kevin De Bröyne (“Mançester Siti”) və hücumçu Romelu Lukakunun (“Napoli”) Belçika yığmasına yenidən cəlb edilməsindən gedir.

“Mən, bizi yüksək səviyyəli yığma edə biləcək oyunçularla görüşüb söhbətləşmək məqsədilə, mütləq Madrid, Mançester və Neapola yollanacağam.

Həmişə inanmışam ki, ən böyük oyunçularla işləmək hər şeydən asandır. Onlarla şəffaf və dürüst ola bilərsiniz. Artıq çox şey yaşayıblar, buna görə də onlarla danışmaq və məsləhətləşmək vacibdir.

Bir çox istedad olan bu komandanın tarazlığı üçün məşhur oyunçuların da ona qoşulması vacibdir”, deyə Qarsiya fikrini əsaslandırıb.

Rudi Qarsiya son olaraq “Napoli”yə rəhbərlik edib. O, 2023-cü ilin iyulundan çalışdırdığı İtaliya klubundan elən həmin ilin noyabrında qovulmuşdu. Qarsiya “Napoli”ni 16 oyuna çıxarıb, 8 qələbə qazandırıb, 4 dəfə heç-heçəyə nail olub və 4 məğlubiyyət acısı dadıb. Komandanın top fərqi isə 30:18 nisbətindədir. O, İtaliya klubundan ayrılandan bəri işsiz idi.

Fransız mütəxəssis daha öncə “Əl-Nəsr”, “Olimpik” (Lion), “Olimpik” (Marsel), “Roma”, “Lill”, “Le Man”, “Dijon”, “Sent Etyen” kimi komandalara da rəhbərlik edib.

Chosen
7
10
arena.az

10Sources