"Qol imkanlarımız oldu, vura bilərdik. Belə rəqibə qarşı ağıllı futbol oynamaq lazımdır. Bu gün futbolçularım bunu göstərdilər. Gərgin çempionat keçir, hər xal dəyərlidir".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Sabah"la matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Gənc mütəxəssis Misli Premyer Liqasının 20-ci turunda qeydə alınan 0:0 hesablı heç-heçəni şərh edib: "Mübarizəli oyun oldu. Komandama əzmkarlığa görə təşəkkür edirəm. Zədəli və xəstə oyunçularımız var. Komanda bu situasiyada belə bir rəqibə qarşı yaxşı futbol oynadı. Əlbəttə ki, qələbə qazanmaq istəyirdik. Amma 1 xala görə də futbolçulara alqış düşür. Növbəti oyunlarda da belə əzmkarlıq olsa, ancaq qələbəyə doğru gedəcəyik. Azərbaycanda istedadlı futbolçuların sayı çoxdur. Sadəcə olaraq onlara şans vermək, güvənmək lazımdır. Şəxsən mən cavanlara həmişə dəstək olacam. Çünki biz də cavan olmuşuq. Elə bir mövqedə 17 yaşlı futbolçunu oynatmaq riskli idi. Amma o riski gözə aldıq. Bu gün Nadir Orucov meydanda ən yaxşılardan biri idi. Özünə də təbrikimi çatdırdım. Bu, digər gənclərə də siqnaldır. Hər an hər futbolçuya şans verməyə hazırıq".
Qeyd edək ki, "Sumqayıt"ın qələbəsiz oyunlar seriyası 4-ə yüksəlib.
İdman.biz