Tövlədən tapılan şəkilə 3 milyon dollar qiymət qoyuldu
ABŞ-da fermanın tövləsindən tapılan, toz basmış rəsm əsərinin məşhur rəssam Antoni van Deykin əl işi olduğu məlum olub.
AzPost xəbər verir ki, yağlı boya ilə çəkilən əsər Nyu-Yorka yaxın kəndlərdən birində aşkar edilib.
Rəsm əsəri ilk dəfə hərraca çıxarılarkən yerli kolleksiyaçı Albert B.Roberts onun Niderlandın “Qızıl dövrü”nə aid olduğunu ehtimal edib. Kolleksiyaçı onu cəmi 600 dollara satın alıb. Sonradan isə əsərin Antoni van Deykın şedevri olduğu üzə çıxıb və o, nə az, nə çox 3 milyon dollar dəyərində qiymətləndirilib.
Mütəxəssislərin fikrincə, rəssam bu əsəri karyerasının əvvəlində tamamlayıb. Rəsm əsərində üzü kölgədə gizlənən əyilmiş yaşlı kişi təsvir edilib.
Flamand rəssamı Antoni Van Deyk qravüraçı, saray portreti ustası olub. O, Kamera və formal, reprezentativ portretlərin janr növlərinin yaradıcısıdır. Van Dyk ingilis kralı I Çarlzın ilk saray rəssamı olub.
O, Peter Leli kimi sonrakı ingilis portret rəssamlarına əhəmiyyətli və davamlı təsir göstərib. Van Deyk müasirləri tərəfindən yüksək qiymətləndirilən portretlərdən əlavə, bibliya və mifoloji mövzuları da çəkirdi. O, rəssam Peter Paul Rubensin tələbəsi və dostu olub, ondan texnikasını və müəyyən dərəcədə üslubunu mənimsəyib.