EN

QHT sədri Akif Kərimov: "Bu film xeyriyyəçilər üçün bir dərsdir"

24 yanvar 2025-ci il tarixində Nizami Kino Mərkəzində tanınmış xeyriyyəçi və Azərbaycanın böyük şəxsiyyətlərindən biri olan Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən sənədli filmin nümayişi keçirildi. Filmin nümayişində tanınmış ziyalılar, QHT nümayəndələri, media üzvləri və sənətsevərlər, o cümlədən millət vəkilləri də iştirak ediblər.

Sənədli film Türkiyəli yaradıcılar tərəfindən hazırlanıb və Hacı Zeynalabdin Tağıyevin ölkə tarixindəki böyük rolu, onun tikdiyi müəssisələr, xeyriyyəçilik fəaliyyəti, eləcə də çətinliklərlə dolu həyatı tamaşaçılara ətraflı şəkildə təqdim olunub. Film, Tağıyevin uğurlarını və ailəsinin sovet hakimiyyəti dövründə üzləşdiyi çətinlikləri də əks etdirir.

"Kür-Xəzər" Xeyriyyə İctimai Birliyinin sədri, cərrah Akif Kərimov QHT.az-a açıqlamasında filmin çox dəyərli bir əsər olduğunu vurğulayıb:

"Bu film Hacı Zeynalabdin Tağıyevin gördüyü işləri və xeyriyyəçilərə örnək olacaq əməllərini əks etdirir. Hər kəs bu filmi izləyib onun irsindən ilham ala bilər. Film vasitəsilə Azərbaycanın tarixində iz qoymuş bu böyük şəxsiyyətin həyatı bir daha xatırlanıb və gələcək nəsillər üçün vacib mesajlar verilib. Tədbir çərçivəsində iştirakçılar üçün dəyərli müzakirələr təşkil olunub və xeyriyyəçilik sahəsində Tağıyevin nümunəvi rolu bir daha önə çıxarılıb".

Qeyd edək ki, tədbirin sonunda iştirakçılar filmin yüksək keyfiyyətini, ssenarisini və mövzuya yanaşma tərzini yüksək qiymətləndiriblər. Bu cür filmlərin Azərbaycan tarixinin dünya miqyasında tanıdılmasında mühüm rol oynayacağı vurğulanıb.

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
21
50
qht.az

10Sources