Mənim əsas işim çalışmaq və komandama kömək etməkdir.
Bunu "Operativ Media"ya müsahibəsində "Səbail"in gənc qapıçısı Əlirza Müştəbazadə deyib.
Futbolçu fasilə zamanı keçirilən hazırlıq prosesinin əhəmiyyətini vurğulayaraq, ardıcıl iki oyunda əldə edilən qələbələrin təsadüfi olmadığını bildirib:
"Fasilədə komandamız yaxşı hazırlıq prosesi keçdi, çox çalışdıq. Bunun məntiqi nəticəsi kimi son iki qarşılaşmadan maksimum nəticə ilə ayrıldıq. Həm “Sumqayıt”, həm də “Kəpəz”lə matçlarda baxımlı oyun sərgilədik və qələbə qazandıq. Yüksək əzmkarlıq, mübarizə və hamılıqla özümüzə inanmağımız bizi uğura apardı."
Şəxsi performansı ilə bağlı sualları təvazökarlıqla cavablandıran futbolçu bildirib ki, onun əsas məqsədi komandaya faydalı olmaqdır:
"Öz oyunum barədə şərh bildirməyim düzgün olmaz. Meydanda komandama faydalı olmaq üçün əlimdən gələni etdim və hər zaman etməyə hazıram. Bu şansı mənə verdikləri üçün məşqçilər heyətimizə təşəkkürümü bildirirəm. Onların etimadını daim doğrultmaq istəyirəm."
Oyunçu qarşıdakı matçlarda komanda ruhunun qorunacağını və hər oyunda maksimum nəticəyə nail olmaq üçün çalışacaqlarını bildirib:
"Komanda olaraq məqsədimiz hər oyunda əlimizdən gələnin ən yaxşısını edib yaxşı nəticə qazanmaqdır. Mən də öz növbəmdə ən yaxşısını etmək üçün var gücümlə çalışıram."
Gənc qapıçı gələcək hədəfləri ilə bağlı fikirlərini bölüşüb.
"Hər bir futbolçu kimi mənim də hədəflərim var. İndi yalnız var qüvvəmlə çalışmağı, daha da artırmağı istəyirəm. Hədəflərim barəsində danışmağım isə hələ tezdir."
Son oyunlardakı performansı ilə sosial mediada geniş müzakirələrə səbəb olan futbolçu, bu reaksiyalar barədə də danışıb.
"Mənim əsas işim çalışmaq və bacardığım qədər komandama kömək etməkdir. Bunun üçün də çalışıram və üzərimdə maksimum şəkildə işləyirəm."
Qeyd edək ki, "Səbail"in 23 yaşlı qapıçısı Premyer Liqada çıxdığı iki oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.