"Football-plus.az" xəbər verir ki, 36 yaşlı idmançı WBC (2020-24), IBF (2015), WBA Super (2015-16), WBO (2015-16), IBO (2015-16) və “The Ring” (2015-18, 2020-22) jurnalının versiyaları üzrə sabiq çempiondu. Füri sosial şəbəkə hesabında bunları deyib:
“Hər kəsə salam olsun. Qısa və aydın danışacam. Boksdan gedişimi elan etmək istəyirəm. Bu möhtəşəm idi, hər dəqiqədən ləzzət aldım. Allah hər kəsə kömək olsun, o tərəfdə görüşərik”.
Maraqlıdı ki, Fürinin promouteri Frenk Uorren onun yenidən peşəkar boksa qayıdacağını istisna etməyib:
“Bu, Taysonun qərarıdı. O, iki ağır döyüş keçirib, uzun müddət ailəsini görməyib. Mən onu nəyəsə inandırmayacam. Qayıdacaqmı? Mən bunu istisna etməzdim”.
Xatırladaq ki, Füri indiyə qədər də iki dəfə gedib və qayıdıb. İlk dəfə 2017-də karyerasını bitirdiyini elan etsə də, 2018-də rinqə qayıdıb. 2022-də növbəti dəfə idmandan gedib, ancaq bir neçə aydan sonra qərarını dəyişib.
Tayson peşəkar rinqdə sonuncu döyüşünü mütləq dünya çempionu titulu uğrunda Aleksandr Usiklə keçirib. 12 raundun sonunda hakimlər yekdilliklə qələbəni ukraynalıya verib. Füri karyerası boyunca keçirdiyi 37 döyüşün 34-də qələbə qazanıb, 2-də uduzub, 1 döyüş heç-heçə bitib.