EN

Rusiya tələblərimizi qəbul etməlidir - Asif Nərimanlı

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın AZAL-a aid sərnişin təyyarəsinin Rusiyada vurulub, Aktauda qəzaya uğramasından bir ay ötür. Artıq təyyarənin “qara qutu”ları oxunsa da, Rusiya tərəf hələ də özünü məsuliyyətdən kənarda saxlayır. Əksinə, Azərbaycana qarşı təzyiqlər göstərməklə günahkarların məsuliyyətə cəlb edilməsi və kompensasiya məsələsindən yayınmaq məqsədini güdür”.

Bunu hafta.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib. Onun sözlərinə görə, Rusiya hadisənin ilk günündən baş verən qəzadan özünü yayındırırdı. Yəni təyyarə vurulandan sonra Rusiya tərəfi faktiki olaraq “qara qutu”nun oxunması, ümumiyyətlə faktın gizlədilməsi ilə bağlı addımlar atıb.

“Məsələn, təyyarənin Xəzər dənizinə yönləndirilməsi izi itirmək məqsədi daşıyır, istintaqa müdaxilə cəhdləri oldu, hətta Qazaxıstana da təzyiqlər etməsi ilə bağlı informasiyalar da var. Amma Azərbaycan tərəfinin prinsipial mövqeyinə görə geri çəkilməyə məcbur oldular və nəticə etibarı ilə Putin üzrxahlıq etdi. Lakin məsələ bununla bitmir təbii ki. Bilirik ki, beynəlxalq təcrübəyə əsasən hadisənin etiraf edilməsi və günahkarların cəzalandırılması, o cümlədən kompensasiyanın ödənilməsi məsələsi var. Rusiya məhz bundan yayınmağa çalışır. Yəni, təyyarənin vurulması faktını qəbul edir, amma məsuliyyəti iki istiqamətdə bölüşmək istəyir. Birinci istiqamətə görə guya bu məsələdə Qroznıya hücum edən Ukrayna pualarının da rolu var. Amma dəfələrlə Azərbaycan tərəfindən vurğulandı ki, təyyarə məhz yerdən vurulub. İkinci istiqaməti isə bu gün görürük yəni Azərbaycanın qarşısına belə bir tələb qoyurlar ki, Putin üzrxahlıq edib. Bu kifayətdir, məsələ bağlansın, yəni Azərbaycan nə günahkarların məsuliyyətə cəlb edilməsi, nə kompensasiyanın ödənilməsi məsələsini qabartmalıdır. Bu, Rusiyanın məsələdən yayınmaqda növbəti cəhdidir”.

Politoloqun fikrincə, ən vacib məsələ budur ki, “qara qutu”nun surəti Rusiyada olduğu kimi, Azərbaycanda da var. Yəni Rusiya bu faktdan heç cür yayına bilməz.

“Hesab edirəm ki, əgər məqsəd mətbuat və digər siyasi ekspertlər üzərindən Azərbaycana qarşı təzyiqlər etməkdirsə, Azərbaycan heç vaxt geri çəkilməyəcək. Düşünürəm ki, Rusiyanın qaçmağa yeri yoxdur, sadəcə olaraq çırpınır. Yekunda tələblərimizi qəbul etməlidir”.

Chosen
17
30
hafta.az

10Sources