EN

“Volfsburq”un Münhendə qələbəsiz seriyası davam etdi - İCMAL

Turun açılış oyunu Dortmund “Borussiya”sının iştirakı ilə keçirildi.

“Ayntraxt” bu mövsümü “arılar”dan daha inamlı və sabit keçirir. Ona görə də Frankfurt təmsilçisinin qələbəsini sürpriz adlandırmaq olmaz. Özü də nəzərə alaq ki, “qartallar”ın əsas qol silahı Marmuş oyunu buraxırdı. Misirli forvard artıq “Mançester Siti” ilə razılıq əldə edib və bu qarşılaşmada final fitinin ardından meydana çıxaraq fanatlarla vidalaşdı. Ədalət naminə “Borussiya”nın 2-ci hissəni heç də pis keçirmədiyini bildirək. Amma komandanın böyük üstünlüyü fayda vermədi. Son 7 turda cəmi 1 qələbəsi olan ÇL-in son finalçısı artıq zirvədən 20 xal geridədi! Görəsən, Nuri Şahinin qovulması üçün daha nə baş verməlidi?!

Amma “Ayntraxt” bu qələbə ilə üstdəki rəqiblərə yaxınlaşa bilmədi. Çünki çempionluğa əsas namizədlər – “Bavariya” ilə “Bayer-04” də turu qələbə ilə başa vurdu. Münhen nəhəngi ilk dövrədə olduğu kimi yenə “Volfsburq”u 3:2 hesabıyla məğlub etdi. Münhen “canavarlar” üçün alınmaz qala olmaqda davam edir. Bu komanda bundesliqada “Bavariya”ya qarşı səfərdə keçirdiyi 27-ci oyunda da qələbəyə həsrət qaldı! Daha öncə turnirin tarixində bir komandanın eyni rəqibə qarşı ilk 27 səfər matçının hamısında qələbəyə həsrət qalması faktına rast gəlinməmişdi. Kuboku da əlavə etsək, “Volfsburq”un “Bavariya”ya qarşı səfərdə qələbə həsrəti 31 oyuna çatır. Münhenqladbax “Borussiya”sı bu dəfə Leverkuzendə varlığını göstərə bilmədi. Halbuki bu komanda ötən mövsüm Leverkuzendən qolsuz bərabərliklə dönmüşdü. Hesabına 2 qol, 1 məhsuldar ötürmə yazan Virts növbəti mükəmməl oyununu keçirdi. “Leyptsiq” autsayder “Bohum”la bacara bilmədi. Baxmayaraq ki, “öküzlər” fasiləyə 3 topluq üstünlüklə yollanmışdılar. Sonuncu pillədə qərarlaşan “Bohum” ikinci hissədə 3 qol vura bildi. Qeyri-sabit mövsüm keçirən “Leyptsiq” bu xal itkisi ilə “ÇL zonası”nı tərk etdi. Çünki yüksəlişdə olan “Ştutqart” hesabına növbəti qələbəni yazdı. Heç də zəif olmayan “Frayburq”u 4 cavabsız qolla darmadağın edən şvabiyalılar son 6 turda 5-ci qələbəni bayram etdilər. Ötən tur Dortmund “Borussiya”sına 4 qol vuran debütant “Holştayn” bu uğurun davamını gətirə bilməyərək evdə “Hoffenhaym”a uduzdu. “Kəndçilər” bununla da 6 oyunluq qələbəsiz seriyaya son qoydular. Digər debütant “Sankt Pauli” səfərdə “Haydenhaym”dan üstün oldu. Maraqlıdı ki, Hamburq təmsilçisi bu mövsüm 5 qələbədən 4-nü rəqib meydanında əldə edib. “Maynts-05”i yenən və Şteffen Baumqartın başçılığı altında ilk qələbəsini qazanan “Union” rəsmi matçlarda 11 oyunluq qələbəsiz seriyasya son qoydu. Evdə “Auqsburq”a uduzan “Verder” üçün isə 2025-ci il heç də yaxşı başlamayıb. Komanda bu təqvim ilində 3 tura cəmi 1 xal toplayıb.

18-ci tur
Bavariya – Volfsburq 3:2

Qoretska, 20; 62. Olise, 39 – Amura, 24; 88. (75000)
Bavariya: Noyer, Laymer, Upamekano, Kim Min Ce, Devis, Qoretska, Kimmix, Sane (Qnabri, 67), Olise, Koman (Musiala, 75), Keyn.

Bayеr-04 – Borussiya M 3:1
Virts, 32; 62-p. Şik, 74 – Klayndinst, 90+1. (30210)
Bayer-04: Qradetski, Artur, Ta, Tapsoba, Qrimaldo (Qarsiya, 81), Caka (Palasios, 81), Andrix, Tella (Frimponq, 63), Virts (Hofmann, 81), Terrye (İnkapye, 8), Şik.

Ayntraxt F – Borussiya D 2:0
Ekitike, 18. Höylunn, 90+2. (58000)
Ayntraxt: Trapp, Kristensen (Tuta, 74), Kollins, Kox, Teate, Braun, Skiri, Larsson (Höylunn, 75), Götse (Can Uzun, 87), Knauff (Bahoya, 87), Ekitike (Çaibi, 90+4).
Borussiya: Kobel, Ryuyerson (Reyna, 87), Anton, Əmrə Can, Şlotterbek, Bensebayni (Kouto, 46), Qross, F.Nmeça (Bayer, 71), Brandt (Adeyemi, 71), Gittens, Girassi.

Bohum – Lеyptsiq 3:3
Boadu, 48; 56; 61-p. – Orban, 10. Nusa, 13. Baumqartner, 21. (24158)
Leyptsiq: Qulaçi, Baku (Poulsen, 73), Zayvald, Klostermann, Orban, Raum, Vermeeren (Aydara, 68), Kampl, Simons, Nusa, Baumqartner.

Ştutqart – Frayburq 4:0
Ruo, 2. Demiroviç, 17. Voltemade, 45+5-p. Dəniz Undav, 80. (60000)
Ştutqart: Nübel, Vaqnoman, Ruo, Əl-Daxil (Şabo, 80), Hendriks, Karazor, Ştiller, Miyo (Bruun Larsen, 61), Levelinq (Fürix, 61), Dəniz Undav (Demiroviç, 69), Voltemade (Keytel, 69).

Verder – Auqsburq 0:2
Essende, 5; 45+1. (39350)

Union – Maynts-05 2:1
Hollerbax, 1. Skov, 24-p. – Əmiri, 5-p. (21646)

Holştayn – Hoffеnhaym 1:3
Kelati, 84 – Hlojek, 26; 56. Kramariç, 45+1. (13923)

Haydenhaym – Sankt Pauli 0:2
Eqqeştayn, 25-p. Gilavogi, 90+2. (15000)

1. Bavariya 18 14 3 1 56-15 45
2. Bayer-04 18 12 5 1 44-24 41
3. Ayntraxt F 18 11 3 4 42-24 36
4. Ştutqart 18 9 5 4 36-26 32
5. Leyptsiq 18 9 4 5 32-27 31
6. Maynts-05 18 8 4 6 31-23 28
7. Volfsburq 18 8 3 7 40-32 27
8. Frayburq 18 8 3 7 25-34 27
9. Verder 18 7 5 6 31-34 26
10. Borussiya D 18 7 4 7 32-32 25
11. Borussiya M 18 7 3 8 27-29 24
12. Auqsburq 18 6 4 8 21-33 22
13. Union 18 5 5 8 16-24 20
14. Sankt Pauli 18 5 2 11 14-21 17
15. Hoffenhyaym 18 4 5 9 23-35 17
15. Haydenhaym 18 4 2 12 23-38 14
17. Holştayn 18 3 2 13 26-46 11
18. Bohum 18 2 4 12 17-40 10

Bombardirlər: Keyn (Bavariya) – 16, Marmuş (Ayntraxt F) – 15, Burkardt(Maynts-05), Şik (Bayer-04) – 12.
Növbəti turun oyunları yanvarın 24-26-sı aralığında keçiriləcək: Auqsburq – Haydenhaym, Borussiya M – Bohum, Borussiya D – Verder, Frayburq – Bavariya, Hoffеnhaym – Ayntraxt F, Maynts-05 – Ştutqart, Lеyptsiq – Bayеr-04, Sankt Pauli – Union, Volfsburq – Holştayn.

Turun rəqəmi
3 – “Borussiya” rəhbərliyi mövsümün əvvəlində Edin Terziçi Nuri Şahin ilə əvəzləyərkən, yəqin ki, vəziyyətin bu dərəcədə pis olacağını təsəvvürünə gətirmirdi. Komanda bu məşqçinin rəhbərliyi altında keçirdiyi 26-cı rəsmi oyunda 10-cu məğlubiyyətlə üzləşdi (12 qələbə, 4 heç-heçə). Son 10 ildə ən zəif mövsümün keçirən “arılar” ardıcıl 3-cü bundesliqa matçında xala həsrət qaldılar! Komandanın sonuncu dəfə belə uğursuz seriyası 2017/18-in 10-12-ci turlarına təsadüf etmişdi. O vaxt “Borussiya” uyğun olaraq, “Hannover-96” (2:4), “Bavariya” (1:3) və “Ştutqart”a (1:2) boyun əymişdi.

Turun ulduzu
Mayron Boadu (Bohum) – iddialı “Leyptsiq”lə qarşılaşma niderlandlı forvardın benefisinə çevrildi. Bundesliqada ilk mövsümünü keçirən və bu oyuna qədər “Bohum”da cəmi 2 qol vuran 24 yaşlı futbolçu birdən-birə coşdu. Özü də o, ikinci hissədə yüzfaizlik göstəriciyə nail olaraq “çərçivə”yə göndərdiyi hər 3 zərbəni qola çevirdi. Boadu buna qədər karyerasında yeganə het-triki 2021-in fevralında “Alkmaar”ın heyətində “Feyenoord”a qarşı erediviziya matçında (4:2) etmişdi.

Turun sitatı
Nuri Şahin, Dortmund “Borussiya”sının baş məşqçisi:
“İlk yarıda yaxşı təsir bağışlamadıq. Hərəkətlərimiz və etmək istədiklərimiz əvvəlcədən oxunurdu. “Ayntraxt” hər şeydə bizi bir addım qabaqlayırdı. İkinci hissə ilə bağlı komandaya irad bildirə bilmərəm. Məğlubiyyətdən qurtulmaq üçün bütün gücümüzaü ortaya qoyduq. Təssüf ki, daha bir qarşılaşmadan xalsız ayrılmaq məcburiyyətində qaldıq”.
Chosen
12
football-plus.az

1Sources