EN

“Neftçi” rəhbərliyi bu adamın istədiklərini etsə... Yeganə çıxış yolu!

Samir Abasova baxanda adamın ürəyi ağrıyır.

O cür cüssəli birinin rəsmən beli əyilib.

Komandanın başına düşən daşı qaldırmağa çalışır, gücü çatmır.

“Neftçi”ni 8 ildən sonra ölkə çempionu edən, ötən mövsüm “Sumqayıt”ı avrokuboklara daşıyan məşqçi çarəsiz durumdadır. Çalışdırdığı komandanın göstərdiyi nəticələrə görə başını qaldırıb salam verməyə utanır.

Çalışır, vurnuxur, hər həftə rotasiyalara əl atır, yerlilərə üstünlük verir, ancaq nə fayda? “Neftçi”də “Neftçi”lik heç nə qalmayıb. Futbolçular meydanda ayaq sürüyür, səhvlər sıralanır. Qısası, nə qədər əziyyət çəkirsən çək, xeyri yoxdur.

“Neftçi”nin qaymaq dönəmini 2023-ün yayında Adrian Mutu, ötən il isə Roman Qriqorçuk gördü. Məhz bu adamların dövründə dünyanın dörd bir tərəfindən saysız futbolçular cəlb olundu. Ramil Şeydayev kimi bahalı transferi Qriqorçuk iki ayağını bir başmağa dirəyib istəmişdi, Mark Tamaşla Yuri Matiası Mutu şəxsən tələb etmişdi, Alfo Konte kimi həvəskar futbolçunu Yens Andresson “Neftçi”yə calamışdı.

Abasov üçün yaradılan şərait isə 5-6 min dollarlıq hansısa ortabab yapon və “Sabah”da əsas heyətə düşə bilməyən Elvin Camalovun transferləridir.

İndiki baş məşqçinin nəyisə dəyişəcək imkanı yoxdur. Sərəncamında olanlardan kimisə göndərmək iqtidarında deyil. Hər birinin əlində uzun müddətli müqavilə kağızı var. Mark Tamaş və Kilan Lebon özləri getmək istəməsəydilər, bu gün də “Neftçi”də olacaqdılar.

Abasov yox e, lap Luis Enrike ilə Pep Qvardiola ikisi birlikdə gəlsə belə, heç nə dəyişməyəcək. Çünki dəyişməli olan futbolçulardır. Bu adamlar “Neftçi”nin üzüyola məşqçiləri ilə anarxiya yaşayıblar, istədiklərini ediblər.

Yayda komandanın azı 50 faizi dəyişməlidir ki, yeni gələnlər xarakterli məşqçinin əlinin altına düşüb, əsl “Neftçi”nin nə olduğunu anlasınlar. Yalnız bu halda titullar uğrunda mübarizə aparmaq mümkün olacaq. Bunun üçünsə zaman, səbr və inam lazımdır.

Samir Abasov istefa verib getsə, ya da göndərilsə və yerinə başqası gəlsə, bundan da betər olacaq. Sadəcə, rəhbərlik bu adamın arxasında dayanıb, ona dəstək verməli, istəklərini yerinə yetirməli, növbəti mövsümün sonu üçün nəticə gözləməlidir.

Təbii ki, sponsorların əsl niyyəti “Neftçi”nin əzəmətini qaytarmaqdırsa.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
12
50
sportinfo.az

10Sources