EN

Ağ Evlə Qərb arasında ziddiyyət kəskinləşir

Bu mübarizədə daha çox əziyyət çəkən isə Fransa və Almaniya olacaq

ABŞ-da keçirilən prezident seçkilərində qalib kimi hakimiyyətə qayıdan Donald Trampın dönüşü Avropa təşkilatlarında təşviş yaradıb. Avropa İttifaqının (Aİ), Avropa Komissiyasının kürkünə birə düşüb. Özünü demokratiya təşəbbüsçüsü kimi göstərməyə çalışan, əslində öz maraqlarını qoruyan Avropa təşkilatlarında illərdən bəri yaranan soyuqluq Birləşmiş Ştatlardan əsən küləklər nəticəsində artıq buz bağlayır. Qlobal güclərin fikir ayrılıqları, iqtisadi çətinliklər isə ziddiyətləri daha da dərinləşdirir. Rusiya – Ukrayna müharibəsində rəsmi Kiyevi dəstəkləməklə siyasi gərginliyi daha da artıran, saxta demokratiya, insan hüquqları bəhanəsi ilə başqa dövlətlərin daxili işlərinə müdaxilə edən Avrop İttifaqına üzv dövlətlər artıq siyasətlərinə çəki-düzən verməyə məcburdurlar. Prezident seçildikdən sonra fəaliyyət istiqamətlərini açıqlayan Donald Trampın bəyanatlarından aydın olur ki, ABŞ-ın təhlükəsizlik çətiri altında sərinlənən Qərb üçün sonrakı dövr çox da asan olmayacaq. Ən əsası Ukraynaya dəstək verilməsi barədə fikir ayrılıqları Aİ-nin uzun müddətdir davam edən siyasəti ilə ziddiyyət təşkil edir. Gərginliyin daha da dərinləşməməsi üçün suyu üfürə-üfürə içən Aİ rəsmiləri Vaşinqtonla isti təmaslar qurmaq üçün fikirlərini sətiraltı pıçıltı ilə eşitdirirlər. Başqa sözlə deyilsə, «qoca qitə»nin rəsmiləri hələ ki, « bir addım irəli , iki addım geri» siyasəti yürüdürlər. Dünyanın güc mərkəzləri siyasətlərini ABŞ Prezidenti Trampın siyasi iradəsinə əsasən formalaşdırmağa çalışırlar. Daha aydın deyilsə, NATO ölkələri, eləcə də Avropa İttifaqı Prezident Donald Trampın ehtimal olunan hərbi-siyasi hədəflərinin kollektiv Qərb üçün real təhlükəyə çevrilə biləcəyini istisna etmirlər. Bu səbəbdən də, Qərb ölkələri müəyyən mənada, «qlobal siyasi fövqəladə vəziyyət»” elan etmiş kimi görünürlər.

Andiçmə mərasimindən sonra siyasi fəaliyyətini dünya hadisələrinə uyğun davam etdirəcəyini bildirən Tramrın açıqlamasına görə, Ağ Evin yeni sahibi ABŞ-Avropa İttifaqı münasibətlərində ön planda olan ortaq hədəflər sistemini davam etdirməyə qətiyyən həvəsli deyil. Bu baxımdan yalnız Almaniya deyil, ümumiyyətlə, bəzi Avropa siyasi dairələri və analitik təhlil mərkəzləri fəaliyyətlərini Tramp administrasiyası dönəmində ABŞ-ın siyasi iradəsinə uyğun formalaşdırmağa cəhd göstərəcəklər.

Özünü demokratiya və mədəniyyət beşiyi hesab edən Fransa və Almaniya daha çox təlaş keçirirlər. Çünki illərdən bəri Cənubi Qafqazı poliqona çevirən Fransanın bölgədə törətmədiyi cinayət, fəlakət qalmayıb. Cari ilin əvvəlində yerli televizya kanallarına müsahibəsində dünya hadisələrini təhlil edən, Qərbin Cənubi Qafqaz syasətini müstəqil dövlətlərin daxili işlərinə müdaxilə adlandıran Prezident İlham Əliyev Ermənistanı silahlandıran Fransanın da daxil olduğu, Aİ-nin Mülki Müşahidə Missiyasını az qala NATO standartlarına uyğun poliqon adlandırmışdı. «Əsas odur ki, bizə toxunmasınlar, bizim işlərimizə qarışmasınlar, Cənubi Qafqazla bağlı məsələlərə müdaxilə etməsinlər. Bu, artıq bizim dəqiq səsləndirdiyimiz tələbdir. Çünki hazırkı fransız hakimiyyətinin müdaxilə etdiyi hər yerdə, birincisi, rüsvayçı şəkildə uğursuzluq baş verir, ikincisi, onlar yalnız intriqa gətirirlər. Yalnız intriqa. Afrikadan danışmağın mənası yoxdur, necə deyərlər, hər şey göz qabağındadır. Cənubi Qafqazda da vəziyyət eynidir» sözləri ilə Tramp administrasiyasının siyasətini dəstəkləyən Prezident İlham Əliyev bölgəyə yad təsirləri yolverilməz müdaxilə hesab edir.

Soros üsul-idarəsi ilə idarə olunan Bayden administrasiyasının Azərbaycana qarşı münasibəti heç də yaxşı olmayıb. Donald Trampın hakimiyyətə gəlişi ilə Soros dövrü başa çatıb. Həmin Sorosdan yararlanan Qərbin Cənubi Qafqazda törətdiyi təxribatlar hələ davam etməkdədir. «Təsadüfi deyil ki, Baydenin son qərarlarından biri Sorosu Amerikanın ən yüksək mükafatı ilə təltif etməsi idi. Yəni, bu sorosçular faktiki olaraq mövqelərini itirirlər. Ermənistan rəhbərliyi bunu da nəzərə alsın. Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar» sözləri ilə Ağ Ev rəhbərinin bu addımını Cənubi Qafqazda vəziyyəti dəyişdirəcək addım kim dəyərləndirən Prezident İlham Əliyev Fransa kimi, Ermənistanı silahlandıran digər havadarlarını real təhlükə, Azərbaycansız yaşaya bilməyən Fransanın hərəkətlərini acizlik adlandırır.

Amma nə qədər deyilsə də, Yelisey Sarayına qarşı etirazlar güclənsə də islamofobiya meyillərindən əl çəkməyən, neokolonialist siyasətini davam etdirən Fransa hələ də Cənubi Qafqazda möhkəmlənmək siyasətinin reallaşacağına axmaqcasına inanır. Neokolonializmi və o eybəcər tarixdən qalan vəhşiliyin qarşısını almaq üçün dəstəyini əsirgəməyən Bakı Təşəbbüs Qrupunun keçirdiyi tədbirləri özünün iflası hesab edən Makronun Azərbaycana qarşı soyuq savaşı Yelisey Sarayına xeyir gətirməyəcək. Bayden administrasiyasının dəstəyindən başı fırlanan Makron kimi, Almaniyanın rəsmiləri də Cənubi Qafqaz ölkələri olan Azərbaycanda , Gürcüstanda təxribatlar törətsələr də onların saxta demokratiyaları həqiqi demokratiyaya məğlub oldu.

Neokolonializmə qarşı güclənən mübarizənin nəticəsidir ki, artıq bir neçə Afrika ölkəsi Fransanın zülmündən xilas olub. Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən bir neçə Fransa kəşfiyyatçısının ifşa olunması da Makron hakimiyyətinin biabırçı idarəetməsinin son hərəkəti olmadı. Fransa xüsusi xidmət orqanlarına, onların buradakı şəbəkəsinə ağır zərbə vuran bu cür ifşalar təkcə Azərbaycanda yox, Gürcüstanda, Moldovada da baş verdi. «Elə bunun nəticəsidir ki, Fransa jandarmeriyasının generalı Ermənistan sərhədindən bizə binoklla baxmağa məcbur olur. Azərbaycanın apardığı siyasət nəticəsində Fransanın Burkina Fasoda 4 agenti ifşa olundu və ölkədən çıxarıldı. Artıq bir neçə ölkədə də Fransanın müstəmləkə siyasətinə qarşı proses başlayıb. Fransanın rezidentləri ifşa edilərək ölkələrdən çıxarılır. Bu işdə də başlıca rolu Azərbaycan dövlətinin Fransanın neokolonializminə qarşı apardığı uğurlu siyasət oynayır» sözləri ilə tarixi ədalətin həmişə zəfər çaldığını xatırladan Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı Fransanın müstəmləkə siyasətinə güclü zərbə adlandırır.

Bu günlərdə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı, Fransanın müstəmləkəsi altında olan Reyunyon xalqının təmsilçilərinin iştirakı ilə keçirilən Bakı konfransı Makron siyasətinə daha bir zərbə oldu. «Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış» mövzusuna həsr olunmuş beynəlxalq konfransda Reyunyon adasının sakinləri, xüsusilə «Ka Ubuntu» hərəkatının rəhbərinin və nümayəndələri məruz qaldıqları təzyiqlərdən ədalətsizlikdən söz açıldı, müstəqillik uğrunda mübarizə aparan xalqlara dəstək olan Azərbaycanın köməyi yüksək dəyərləndirildi. Konfransda Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnun tanınmasının aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər və bu xüsusda beynəlxalq hüquqi mexanizmlər müzakirə olundu. Müstəmləkəçilikdən əziyyət çəkənlərə, müstəqillikləri uğrunda mübarizə aparanlara dəstək göstərən Azərbaycana minnətdarlıqlarını bildirən Reyunyonun təmsilçiləri Fransanın neokolonialist siyasətinin acı nəticələrindən, üzləşdikləri səfalətdən, məruz qaldıqları haqsızlıqlardan söz açdılar.

Göründüyü kimi, qitə dövlətləri arasında gərginlik yaradan Fransa və Almaniya siyasi, iqtisadi problemlər içərisindədir. Bu iki dövlətin də daxil olduğu Avropa İttifaqı isə artıq səlahiyyətlərini itirmək üzrədir. Siyasətini Bayden administrasiyası ilə əməkdaşlıq istiqamətində quran Fransanın Baş naziri Jan-Noel Barro kimi Yelisey Sarayının məsul şəxsləri də müstəmləkə altında saxladıqları xalqların etirazlarını özlərinin sonları kimi qəbul edirlər. Artıq Aİ üzvləri Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyi ilə bağlı proqnoz verməkdən belə çəkinirlər.

Xuraman İsmayılqızı, «İki sahil»

Chosen
9
ikisahil.az

1Sources