EN

İrqçi siyasətin davamı

Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin illik hesabatında Qərbi Azərbaycan mövzusunu ölkəsi üçün hərbi-siyasi risk kateqoriyasına aid etməsinin heç bir məntiqi izahı yoxdur

Son vaxtlarda Ermənistan tərəfi Qərbi Azərbaycan icması məsələsi ilə bağlı ard-arda bəyanatlar verir. Ancaq müxtəlif səviyyələrdə səsləndirilən bu bəyanatların heç də xoş mərama əsaslanmadığı açıq-aydın görünür. Onların tonu o qənaətə gəlməyə əsas verir ki, Ermənistan İkinci Qaabağ müharibəsindən əvvəlki dövrün  - işğalçılıq siyasəti apardığı illərin ritorikasından əl çəkməyib. Son olaraq Ermənistanın Xarici Kəşfiyyat Xidməti bəhs olunan mövzuda özünün qərəzli mövqeyini ortaya qoyub. Qurum 2025-ci il yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzusunu ölkəsi üçün hərbi-siyasi risk kateqoriyasına aid edib.

Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin belə bir iddiadan çıxış etməsinin məntiqi başa düşülmür. Təsadüfi deyildir ki, Qərbi Azərbaycan İcması bəhs olunan hesabatla bağlı yaydığı bəyanatında Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınayıb. “Etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını təhlükəsizlik riski kimi təqdim etmək bu haqq işini təhrif etməyə xidmət göstərir və Ermənistanın multietnikliyi özünə təhdid kimi gördüyünü sübuta yetirir”, - deyə QAİ-nin bəyanatında vurğulanır.

Azərbaycanlılara qarşı xüsusi qəddarlıqla həyata keçirilən etnik təmizləmə siyasəti

Qərbi Azərbaycan İcmasının bəyanatında çox doğru olaraq vurğulanıb ki, Ermənistanın bu yanaşması onun onilliklərdən bəri yürütdüyü irqçi siyasətinin davam etdiyini göstərir. Hər kəsə bəllidir ki, etnik təmizləmə və kütləvi qırğın siyasəti məhz Ermənistana və ermənilərə xas xüsusiyyətdir. Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimin adları dəyişdirilib.

Bu gün mətbuatda, ictimai müzakirələrdə təxminən 300 min soydaşımızın tarixi yurd yerlərinə - Qərbi Azərbaycana qayıdış hüququndan bəhs olunur. Ancaq bütövlükdə bəhs olunan coğrafiyadan qovulmuş və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların,  onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Həmin insanlar XX əsrdə böyük fəsadlara gətirib çıxaran amansız deportasiyalar nəticəsində öz yurd-yuvalarından çıxarılıblar. Onlar 1918, 1920-1921, 1948-1953 və 1987-1991-ci illərdə olmaqla doğma ev-eşiklərini tərk etmək məcburiyyətində qalıblar. O cümlədən 1920-ci ilin noyabrında Qərbi Zəngəzur keçmiş ittifaqın məkrli uzaq planlarına uyğun olaraq Azərbaycandan zorla qoparılıb və Ermənistana birləşdirilib.  Bundan iki il əvvəl isə Azərbaycan Xalq Cümhuriyyəti tarixi şəhərimiz olan İrəvanı, necə deyərlər, Ermənistana bağışlayıb. Bir çoxları bu addımın ermənilərin ərazi iddialarının qarşısını almaq məqsədilə atıldığını bildirirlər. Ancaq tarix bu yanaşmanın səhfv olduğunu təsdiqlədi. Ermənilər xüsusi bir xislətə malik olan toplumdur, onlar uşaqdan böyüyədək “dənizdən-dənizə Ermənistan” xülyası ilə yaşayırlar. Təsadüfi deyildir ki, İrəvanın Ermənistana peşkəş edilməsi heç nəyi dəyişmədi və cəmi iki ildən sonra ermənilər Qərbi Zəngəzuru da Azərbaycandan qoparmağa nail oldular. Sonuncu deportasiyayadək indiki Ermənistan ərazisində 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə soydaşlarımız məskunlaşmışdılar . Onların hamısı cəmi 3 il ərzində yurd yerlərindən  zorla çıxarıldı. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. Ən acınacaqlı cəhətlərdən biri də ondan ibarətdir ki, Qərbi Azərbaycanda dağlıq zonada yaşamağa öyrəşmiş soydaşlarımızın yeni yaşayış ünvanları kimi bir qayda olaraq aran bölgələri seçilib ki, bu da adaptasiyanın çox ağır keçməsi ilə nəticələnib.

Eyni zamanda, Qarabağda da xalqımıza qarşı cinayətlər  törədilib. Yüz minlərə insanın taleyinə bu şəkildə qərar verilməsi humanizm dəyərlərinin tamam unudulması anlamına gəlir. Ermənistanın ilk üç prezidentinin soydaşlarımıza münasibəti faşist ideologiyasına əsaslanıb. Bir neçə gün bundan əvvəl mətbuatda Ermənistanın birinci prezidentinin açıqlamaları yayıldı. İndiyədək özünü “demokrat” imicində təqdim etməyə çalışan Petrosyan etnik təmizləmə, azərbaycanlıların yurd yerlərindən vəhşicəsinə qovulması ilə öyünür.

Bütün bu kimi faktlar əyani şəkildə təsdiqləyir ki, Ermənistan dövləti bütün mövcudluğu dönəmlərində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb və bunu xüsusi qəddarlıqla həyata geçirib. Bu gün Ermənistan dünya üzrə monoetnik cəmiyyətə malik azsaylı dövlətlər sırasında yer alır.

Soydaşlarımızın qayıdış hüququ təmin olunmalıdır

QAİ yaydığı bəyanatda Ermənistan hökumətindən Qərbi azərbaycanlıların qayıdış hüququnu təmin etməsi tələb olunur. Qarşı tərəfin bu məsələni Azərbaycanın Ermənistana yönəlik ərazi iddiaları kimi təqdim etməsinin və yaxud bunu özü üçün hərbi-siyasi risk faktoru kimi dəyərləndirməsi absurd yanaşmadır. Soydaşlarımızın qayıdış hüququ ilk növbədə tarixi ədalətə əsaslanır.  Arxivlərdə XX yüzilliyin əvvəllərində çap edilmiş xəritələr var. Həmin xəritələrdən aydın şəkildə görünür ki, zamanında indiki Ermənistanın ərazisindəki yaşayış məntəqələrinin əksəriyyətinin adı Azərbaycan mənşəli olub. Sonradan məqsədyönlü siyasət aparılıb, toponimlərimiz eybəcər erməni adları ilə əvəzlənib. Götürək,  elə  “Sevan gölü”nü. Tarixi xəritələrdə beə bir ada rast gəlinmir, sututarın adı “Göyçə gölü” kimi göstərilir. Biz yuxarıda Ermənistanın birinci prezidentinin faşist ruhlu açıqlamalarından bəhs etdik. O da bildirib ki, indiki Ermənistanın bir çox regionlarında azərbaycanlılar əksəriyyət təşkil ediblər. İndi zaman gəlib ki, tarixi ədalət bərpa olunsun.  Ermənistan rəhbərliyi bu məsələdə öz məsuliyyətini anlamalı və soydaşlarımızın ləyaqətli şəkildə geri dönüşünə şərait yaratmalıdır. Bu, onların haqqıdır . Təəssüf doğuran haldır ki, N.Paşinyan və onun komandasında yer alanlar  bu məsələni Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları kontekstində təqdim etməyə çalışırlar. Halbuki, ölkəmizin belə bir niyyəti yoxdur. Söhbət insan haqları məsələsindən gedir.

Eyni zamanda, insanların qayıdış hüququ beynəlxalq konvensiyalarda da təsbit olunub. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququ zamanında doğma yurd yerlərindən zorla qovulmuş azərbaycanlılara da şamil olunmalıdır.

M.ABDULLAYEV

1Sources