EN

Yer Elmləri Bölməsinin müəssisələrində ötən il 13 mühüm nəticə alınıb

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Yer Elmləri Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

TƏHSİL.BİZ xəbər verir ki, hesabatı AMEA-nın Yer Elmləri Bölməsinin Elmi şurasının sədr müavini akademik Fəxrəddin Qədirov təqdim edib. O bildirib ki, 2024-cü ildə AMEA-nın Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 14 problemi əhatə edən 44 mövzu, 51 elmi tədqiqat işi, 20 mərhələ üzrə elmi tədqiqatlar yerinə yetirilib, 3 mövzu, 9 elmi-tədqiqat işi başa çatdırılıb. Hesabat ilində bölmənin əhatə dairəsində olan elmi müəssisələrdə 13 mühüm nəticə alınıb, təsərrüfat müqaviləsi əsasında 110 elmi-tətbiqi iş yerinə yetirilib.

Məruzəçi qeyd edib ki, beynəlxalq “Scimago” elmi reytinqində müvafiq göstəricilərə əsasən, Azərbaycanın geofizika elmi 2023-cü ilin yekunlarına görə 200-ə yaxın ölkə arasında 41-ci, geomühəndislik elmi 46-cı, geologiya elmi 52-ci mövqedədir. Alim vurğulayıb ki, ABŞ-ın Stenford Universitetinin dünyanın ən böyük akademik nəşriyyatı olan “Elsevier” şirkətinin “Scopus” bazasının bir il əvvəlki məlumatları əsasında tərtib etdiyi və 2024-cü ilin 17 sentyabr tarixində dərc edilmiş “World's Top” 2 faiz “Scientists” dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısına AMEA-nın müxbir üzvü Bağır Süleymanov və bölmənin əhatə dairəsinə daxil olan “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “Analitik tədqiqatlar” laboratoriyasının müdiri texnika elmləri üzrə fəlsəfə doktoru Elçin Vəliyev daxil ediliblər.

Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik Fəxrəddin Qədirov hesabat ilində Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 11 monoqrafiya (2-si xaricdə), 41 kitab (11-i xaricdə) və 22 dərslik, 368 məqalə (161-i xaricdə), 123 tezisin (65-i xaricdə) nəşr edildiyini, onlardan 93-nün “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü diqqətə çatdırıb. F.Qədirov hesabat ilində Yer Elmləri Bölməsinin alimlərinin birgə iştirakı ilə “Pliosen Karbohidrogen Sedimentary Series of Azerbaijan” adlı monoqrafiyanın Almaniyada, “Springer” nəşriyyatında (ingilis dilində) çapdan çıxdığını diqqətə çatdırıb.

O, həmçinin bölmənin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq, qrantlar və təltiflər, elektron elmin vəziyyəti, Vikipediyada, eləcə də müəssisələrin saytlarının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.

Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Yer Elmləri Bölməsinin 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

Chosen
9
12
tehsil.biz

10Sources