EN

Qarabağ ilmə-ilmə toxunur – Emin Tarverdiyev

Qarabağ ilmə-ilmə toxunur – Emin Tarverdiyev

Vətən Müharibəsi dövründə və ötən müddətdə fəaliyyəti ilə daim diqqət mərkəzində olan “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev Qarabağa səfər edib. Təbii ki, bu, ilk baxışdan adi xəbərdir. Lakin Emin Tarverdiyevin sosial şəbəkələrdəki paylaşımlarından hiss edilir ki, o, səfərini yüksək təəssüratlarla başa vurub. E.Tarverdiyevlə söhbətimizdə Qarabağdakı vəziyyətlə, rəhbərlik etdiyi ictimai birliyin fəaliyyəti ilə bağlı suallara aydınlıq gətirdik. - Emin bəy, sosial şəbəkələrdə paylaşımlarınızdan belə başa düşülür ki, Qarabağ səfəriniz ürəyinizcə olub. Səfər təəssüratlarınız maraqlıdır. - Əlbəttə. 5 ay öncə getdiyimiz Qarabağla indiki Qarabağ arasında çox ciddi fərq var. Region elə sürətlə dəyişir, inkişaf edir ki, adamın ürəyi dağa dönür. Belə deyək, Qarabağ ilmə-ilmə toxunur. - Səfərin məqsədi nə idi?- Bizim “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin görünməz, üzdə olmayan qəhrəmanları da var. Sayları çox olsa da, onların iki nəfərinin adını həmişə və hər yerdə fəxrlə çəkirəm. Bunun biri Məhəmməd Əmrahov, digəri isə Nəsimi Əhmədzadədir. Məhəmməd Əmrahov 3600 şəhid üçün hazırladığımız QR kodlu məlumat bazasının ağırlıq və məsuliyyətini bu gün də çiyinində daşıyır. Nəsimi ilə tanışlığımız isə 44 günlük Vətən Savaşına təsadüf edir. Maddi və mənəvi olaraq ordumuzun yanında idi, dəstəyini əsirgəmirdi. Məhəmmədin metal lövhələrin üzərində çap olunmuş QR kodların ağacalara vurulmasında əziyyəti danışlmaz idisə, Nəsimi isə “Vətən Bağı”nın damcı suvarma sistemini quranda ustalarla bərabər orada tər tökmüşdü. Nəsimi işi ilə bağlı çox vaxt Azərbaycanda olmurdu. Zərurətdən bu dəfə qısamüddətli də olsa Azərbaycanda idi və çalışdım ki, hər ikisinin həmişə arzuladığı Şuşanı, Xankəndini görsünlər. Və işğaldan azad olunmuş Qarabağımızı görmək hər ikisinin haqqı idi.- Səfər zamanı sizi heyrətləndirən nə oldu?- Açıq deyim ki, hər şey. İlk olaraq Qafqazın Xrosiması Ağdam yenidən qurulur. Bildiyim qədərilə Ağdamın mərkəzində ilkin mərhələdə 64 yaşayış binası tikilir və 2026-cı ildə Ağdam ilk sakinlərini qarşılayacaq, Ağdama həyat qayıdacaq. 5 ay öncə dar bir yolla Əsgərandan Xankəndiyə getmişdiksə, indi bu yol ən azı 3 dəfə genişləndirilir. Xocalı yenidən 30 il onu həsrətlə gözləyənlərə qucaq açır. Səfər yoldaşlarımın hər ikisi üçün Xocalını görmək daha maraqlı idi. Xankəndi sanki 5 ay əvvəl gördüyüm yer deyildi, hava soyuq olsa da, Xankəndidə həyat qaynayırdı. Hər addımda yenilənmə, canlanma hiss olunur. Artıq Xankəndi-Şuşa yolunun da bəzi hissələrində genişləndirmə işləri aparılır. - Bundan əvvəlki səfərinizdən sonra ictimai birlik olaraq “İşğaldan azad olunmuş əraziləri necə qoruyaq?” təkliflər paketi ilə çıxış etmişdiniz. Nəticə varmı?- Yaxşı ki, bu məsələyə toxundunuz. Təkliflər paketində 8 məsələ qeyd olunmuşdu. Vaxt az olsa da, gözümdən yayınmayan məsələlərə diqqət yetirdikdə bu təkliflər paketindən ən azı 5-nin artıq həyata keçiridliyinin şahidi oldum və vətəndaş cəmiyyətinin bir üzvü kimi bu məni sevindirməyə bilməz. Adi bir misal çəkəcəm: Cıdır düzünün sonu bildiyiniz kimi, qayalıqlardı və artıq həmin qayalıqlarda belə zibil qutuları yerləşdirilib. Fürsətdən istifadə edib Şuşa ictimaiyyətinə, oraya köçən insanlara təşəkkür edirəm. Çünki təkliflərimizdən biri də mütəmadi iməcliklərin keçirilməsi idi ki, onlar artıq bu işi məzarlıqlardan başlayıblar. Bu isə ən vacibidir. Bu gün Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bizə elə bir şərait yaradıb ki, yaxşı, maraqlı təkliflərə biganə qalınmır. Bizim keçən ilin avqustunda Qarabağ səfərindən sonra verdiyimiz təkliflər paketindən sonra adentlik bu istiqamətdə maarifləndirici işlər görməyə başladı. Və yəqin ki, bu, mütəmadi olaraq davam edəcək. - İctimai birlikdə hansısa yeniliklər varmı?- Azərbaycan Milli Qeyri Hökumət Təşkilatları Forumuna üzv olmaq barədə müraciət etmişdik və üzvlüyümüz artıq təsdiqlənib. Yaxın vaxtlarda bir QHT olaraq işlərimizin güzgüsünü təqdim edəcəyik. Saytımız hazırlanır. Düşünürəm ki, artıq 5 ildə gördüyümüz işləri daha sosial şəbəkələr üzərindən yox, saytımız vasitəsilə “Vətən Bağı”nın dostları ilə bölüşməyin zamanıdır.HƏBİBƏ

Chosen
18
50
afn.az

10Sources