EN

ABŞ üçün Qrelandiya niyə vacibdir? -Trampın inadkarlığının əsl səbəbi

Trampın Qrenlandiyanı Danimarkadan qoparmaq cəhdini ABŞ-ın əvvəlki ərazi alışları ilə eyniləşdirmək istəyənlər var.
ABŞ indiki ərazisinin 1/5 hissəsindən çoxunu (2,1 milyon kv km) 1803-cü ildə Fransadan satın alıb. Hadisə “Luizianın alınması” kimi məşhurdur. ABŞ əslində mühüm liman şəhəri olan Yeni Orleanı almaq istəyirdi və bunun üçün Parisə elçi göndərib 10 milyon dollar təklif etmişdi.

Fransa özü Luiziananı yenicə İspaniyadan almışdı və o zaman hələ Birinci konsul olan Napoleon Bonapart anladı ki, Avropada apardığı müharibələr zamanı ən son əsgərə ehtiyacı olduğu halda, Şimali Amerikada ərazi saxlaya bilməyəcək. Ona görə də bütün Luiziananı cəmi 15 milyon dollar müqabilində amerikalılara təklif etdi. Ciddi şok keçirən amerikalılar götür-qoydan sonra təklifi qəbul etdilər.

Vaşinqton 1819-cu ildə Floridanı İspaniyadan aldı. Bu hadisə Luiziananın və Alyaskanın alınmasından daha az məşhurdur. Amerikalılar ispanlara təklif etdilər. İspanlar da anladılar ki, ABŞ istədiyi zaman Floridanı tuta bilər, yarımadanı müdafiə etmək üçün yetərincə qüvvələri yoxdur. Zatən ərazinin xərci gəlirindən çox idi. Madrid də Floridanı satdı. Bunun müqabilində pul almadı. Amma müqavilədə nəzərdə tutulurdu ki, ABŞ Florida əhalisinin İspaniya hökumətinə qarşı iddialarını təmin edəcək. Amerikalılar da bu iddialara 5,5 milyon dollar ödədilər.

Alyaska təklifi, ümumiyyətlə, ruslardan gəldi. Krım müharibəsindən sonra Britaniya ilə münasibətləri pisləşən ruslar fikirləşirdilər ki, Kanadaya nəzarət edən ingilislər buranı tutmaq istəsələr, ciddi müqavimət göstərə bilməyəcəklər. Krımda məğlubiyyətin əsas səbəblərindən biri Rusiya ordusunun daimi bəlası idi: bərbad logistika. Krımı təchiz edə bilməyən ölkə Alyaskanı necə edəcəkdi? Üstəlik, ruslar da buraya daha çox xərc çəkirdilər, nəinki fayda götürürdülər. ABŞ-da başlanan Vətəndaş müharibəsi üzündən məsələ uzandı. Nəhayət, 1867-ci ilin martında imzalanan müqaviləyə əsasən, 1,5 milyon kv km ərazi 7,2 milyon dollara satıldı. Rusiyanın 1904-1905-ci illərdə yenə bərbad logistika üzündən Uzaq Şərqdə Yaponiyaya məğlub olması göstərdi ki, düz edib Alyaskanı satıblar.
Nəhayət, gələk Qrenlandiyanın sahibi olan Danimarkanın ABŞ-a satdığı başqa əraziyə – Vircin adalarına. ABŞ daha əvvəl də bu adaların alınmasında və hərbi-dəniz donanmasının Karib dənizində bazası kimi istifadə olunmasında maraqlı idi. Amma müxtəlif səbəblərdən razılığa gəlinmədi.

Birinci dünya müharibəsi başlayanda amerikalılar qorxdular ki, Almaniya adaları tutub sualtı qayıqların bazası kimi istifadə edər. Buna görə Kopenhagenə yeni təklif göndərdi.

Amma Danimarka nə 100 il əvvəlki İspaniya idi, nə 50 il əvvəlki Rusiya. Danimarkada 1916-cı ildə referendum keçirildi. İştirak edənlərin 64 faizi satmağa “hə” dedi. Parlament də razılıq verdi. Yalnız bundan sonra, 1917-ci ilin avqustunda adalar 25 milyon dollar müqabilində ABŞ-a satıldı.

Bununla belə, alıb-satan tərəflər arasında konsensusa baxmayaraq, heç zaman sözügedən ərazilərdəki sakinlərin rəyi soruşulmayıb. Hətta Danimarka da soruşmadı. Yalnız Santa Krus adasında yerli liderlər referendum təşkil etdilər. İştirak edən 4034 nəfərdən yalnız 7-i satışa “yox” dedi.

Bu sövdələşmələrin – hətta tamamilə başqa beynəlxalq münasibətlər dövründə baş vermələrini kənara qoysaq, – heç birini Trampın xuliqanca hədə-qorxusu ilə müqayisə etmək olmaz. Üstəlik, XXI əsrdə yerli əhalinin rəyini soruşmadan onların taleyini həll etmək biabırçılıq olar.

Yadigar Sadıqlı

Chosen
3
veteninfo.az

1Sources